"Foqtsun yerinə mən olsaydım, daha yaxşı nəticə əldə edərdim"

17:10 - 7 Sentyabr 2013

Fərda Xudaverdiyev: "O boyda dünya çempionu Foqts gəldi, nə etdi?"

 

"Biz Berti Foqtsdan əlimizi üzmüşük. Sadəcə futbolçularımıza inanırıam. Səfərdən heç-heçə ilə qayıtsa, daha yaxşı olar. Amma buna da inanmıram. Çünki biz nə etmişiksə, öz meydanımızda etmişik".

 

Bu sözləri Azərbaycanın sevimli aktyorlarından biri Fərda Xudaverdiyev Sportal.az-a açıqlamasında bildirib. O, həmçinin Foqtsun Azərbaycan karyerasını dəyərləndirib:

 

"Məncə, Foqts Azərbaycanda heç nə edə bilmədi. Foqtsun yerinə mən baş məşqçi olsaydım, bundan daha yaxşısını edərdim. Məncə, millimizin başına yerli məşqçi gəlsə, daha yaxşı olar. O boyda dünya çempionu Foqts gəldi, Alberto Torres gəlib nə etdi?. Bələd olduğumuz məşqçilər gəlsə, daha yaxşı olar. Mən istərdim, millimizin baş məşqçisi Böyükağa Hacıyev və ya Qurban Qurbanov gəlsin. Böyükağa müəllim verdiyi müsahibələrlə digər ölkələri çəkindərəcək. O, həmçinin oyuna psixoloji yanaşır və  futbolçular bu müsahibələrdən təsirlənib hər şeyi başa düşürlər. Qurban Qurbanovun da göstərdiyi oyun göz qabağındadır. Artıq neçənci dəfədir ki, son mərhələyə kimi gəlib sonda isə şanssızlıq baş verir. Əgər Foqts üç xal qazanıbsa, yerli məşqçilər ondan çox xal toplayacağımıza əminəm. Foqtsa göstərilən hörmət yerli məşqçilərə olunsa, daha yaxşı nəticə olar. Sonda millimizə uğurlar arzulayıram. Onlar unutmasınlar ki, 9 milyon bu gün onlarla birlikdə olacaqlar".

Xəbər xətti