Vəli Qasımov: "Bütün günahlar baş məşqçidədir" MÜSAHİBƏ

15:35 - 9 Sentyabr 2013

"Berti Foqts nəticə verir, amma komanda futbol oynamır"
 
U-19 milli komandamızın sabiq baş məşqçisi Vəli Qasımovun Sportal.az-a müsahibəsi
 
- Dünən 21 yaşlılardan ibarət milli komandamız İsrailə böyükhesabla məğlub oldu. Sizcə, burada kim günahkardı? məşqçi, yoxsa futbolçular?
- Belə məğlubiyyətlərdən sonra hər zaman məşqçilər günahkar olur. Mən hesab edirəm ki, bundan sonra baş məşqçini işindən azad etməlidirlər. İsrail millisi elə də güclü futbol ölkəsi deyil ki, belə bir pis nəticə qeydə alınsın.
 
- U-21 yığması ilə yaxşı nəticə əldə etmək üçün nə lazımdı?
- Bunu baş məşqçi yaxşı bilər. Heyəti o qurur. Bütün günahlar baş məşqçidədir ki, belə nəticələr qeydə alınır. Makedoniya ilə heç-heçə oynadılar, amma İsrailə belə məğlubiyyət biabırçılıqdı.
 
- Oyundan sonra Lippert deyib ki, "mənim dediklərim futbolçuların beyninə girmir". Baş məşqçinin bu fikirlərinə necə münasibət bildirərdiniz?
- Bu ifadə düzgün deyil. Mən oyuna baxmamışam, amma baş məşqçi heyəti qurub bu fikirləri deyirsə, düzgün deyil.
 
- Dünənki U-21 heyətindən xəbərdarsınız. Bu heyətdən əsas heyətə namizəd iki futbolçunun adını çəkə bilərsiniz? 
- Bunu birdən-birə demək olmaz. Futbolçunu gərək yavaş-yavaş əsas milliyə yüksəldəsən. Hər futbolçu əsas milliyə düşə bilmir.
 
- U-21-də oynayan bəzi əcnəbi futbolçular öz klublarında əsas heyətə düşə bilmirlər. Bu oyunçular bizim milliyə lazımdı?
- Belə uduzmaqdan, əlbəttə ki, öz futbolçularımız oynasaydı, yaxşı olardı. Əgər bizim futbolçulardan üstündürlərsə, çağırmaq olar, amma deyilsə, elə özümüzünkülər oynasa, daha yaxşı olar.
 
- Öz Premyer Liqamızda da elə klublar var ki, millinin futbolçularını əsas heyətdə oynatmırlar, amma milliyə dəvət alırlar. Bəs burada kim günahkardı?klubların baş məşqçiləri, yoxsa ...
- Elə klublar var ki, orada oynamağa imkan yoxdu. Yəni legionerlərə daha çox üstünlük verirlər. Gələn ildən bildiyimə görə daha çox olacaq. Bu millinin futbolçuları üçün daha rahat olacaq. 
 
- Əsas milli komandamızın İsraillə 1-1-lik heç-heçəsi ilə bağlı nə deyə bilərsiniz?
- Çox yaxşı nəticədir. İlk hissə yaxşı təsir bağışlamadıq, amma qol vurduqdan sonra komandamız özünü yaxşı tərəfdən göstərdi. Ümumiyyətlə oyuna nəzər yetirsək, biz hələ Avropa səviyyəsindən geri qalırıq.
 
- Bu nəticəni millimizdən gözləyirdiniz?
- Sözün düzü, gözləmirdim. İsrail millisinin vəziyyətini daha da pisləşdirdik.
 
- Yığmamız 8 matçın 3-də hesabı birinci açsa da, bunu sona kimi qoruya bilmədi. Bu nədən qaynaqlanır: arxayınçılıq, müdafiədə boşluq, yoxsa Berti Foqtsun səhvləri?
- Futbolda hər şey ola bilər. Komandanın arxayınçılığından asılı deyil. Rəqibə qol vurmaq üçün şans vermək olmaz. 
 
- Yığmamız vurduğu qolları futbolçuların fərdi bacarığı ilə vurub. Demək olar ki, millidə komanda oyunu yoxdu?
- Əvvəllər Azərbaycan futbol texniki baxımdan gözəl olub. Bu gözəllik hal-hazırda itib. Belə oyunlarla biz uzağa gedə bilməyəcəyik. Berti Foqts nəticə verir, amma komanda futbol oynamır.
 
Yusif HÜSEYN

Xəbər xətti