"Oyun praktikasında komanda yoldaşlarımdan geri qalıram"

19:32 - 9 Sentyabr 2013

Daniel Subotiç: "Növbəti oyunlarda şansımı gözləyəcəm"

 

Mövsümlərarası fasilədə "Qəbələ"nin heyətinə qatılan, lakin keçmiş klubu "Volın"ın (Ukrayna) keçidin rəsmiləşməsinə əngəllər törətməsi səbəbindən bölgə təmsilçisində debütü reallaşmayan Daniel Subotiç FIFA-nın məsələyə qarışmasından sonra rəsmən "qırmızı-qaralar"ın futbolçusuna çevrilib.

Sportal.az xəbər verir ki, kollektivə qatıldığı gündən məşqlərə ara verməyən hücumçu özünü meydançaya çıxmağa hazır sayır. Daim həvəslə məşq etdiyini deyən Subotiç klubun rəsmi saytına açıqlamasında şans gözlədiyini bildirib:

"Qəbələ"yə gəldiyim gündən məşqlərə ara verməmişəm. Daim hər matçda oyuna çıxacaq kimi hazırlaşmışam. Bu səbəbdən də hər zaman meydançaya çıxmağa hazıram. Növbəti oyunlarda şansımı gözləyəcəm. Düzdü, oyun praktikasında komanda yoldaşlarımdan geri qalıram. Amma oynamaqla bu çatışmazlığı qısa müddətdə aradan qaldıra bilərəm. Heyətdəki futbolçuları yaxşı tanıyıram, bir-birimizə uyğunlaşmışıq" 

Xəbər xətti