"Azərbaycanlı futbolçuların oynamasına şərait yaradılmalıdır" MÜSAHİBƏ

15:19 - 18 Sentyabr 2013

Aqil Nəbiyev: "Bu 4 rayona diqqət yetirilməlidir"
 
"Rəvan"ın yeni transferi Aqil Nəbiyevin  müsahibəsi 
 
- “Qarabağ”la oyunda iki xal qazandınız. Heç kim bunu gözləmirdi...
- İstənilən komandada istək olanda ən güclüdən də xal almaq olar. Gərək meydanda canını qoyasan, həvəsli olasan ki, xal qazanasan. İndi çempionatda 10 komanda var. Onların arasında elə də böyük xal fərqi yoxdur. Əsas odur ki, hər oyuna yaxşı hazırlaşmaq lazımdır. “Qarabağ”la oyunda komandamız əzmkar oynadı. Son dəqiqələrdə qol buraxdıq. Bir az diqqətli olsaydıq, qalib də gələ bilərdik.
 
- “Qarabağ”la oyunda meydanda ən yaxşılardan idin. Komanda dəyişikliyi yaxşı mənada sənə kömək edib?
- Bu Premyer Liqada 2 dəfə “Bakı”nın, iki dəfə də “Rəvan”ın formasını geyinmişəm. Forma geyindiyim hər komanda üçün əlimdən gələnin ən yaxşısını etmək istəmişəm. Fərq etmir harda oynayım. Mən meydanda bütün gücümü qoyuram. “Rəvan”a da kömək etməyə gəlmişəm. Bacardığım hər şeyin ən yaxşısını edəcəm. Sadəcə bəzən oyunumu yaxşı, bəzən istədiyim kimi alınmır.
 
- “Rəvan”da ab-hava necədir?
- Özünüz də bilirsiz ki, mən iki oyundur burdayam. Komandada ab-hava yaxşıdır. Bu gün futbolda adlar oynamır, futbolçular oynayır. Bayaq da dedim, indi də deyirəm meydanda kim çox istəklidirsə, o qalib gəlir. Bizim komandada hər şey yaxşıd gedir. Məqsədimiz bacardığımızı etməliyik. Yaxşı nəticə qazanmalıyıq. Yaxşı hazılaşsaq, köklənə bilsək, sonda mənim fikrimcə, yaxşı olacaq.
 
- Vladislav Qədirovla münasibətlərin necədir? Gələndən sonra komandada bir çox şeyi dəyişdi. Artıq “Rəvan” onun gəlişindən sonra 4 xal qazanıb...
- Mənim onunla münasibətlərim yaxşıdır. Heç bir problem yoxdur. İnanıram ki, bu məşqçi və bu heyətlə biz uğur qazanacğıq.
 
- “Qarabağ”la oyunda maraqlı bir şey var idi ki, komandada o qədər təcrübəli futbolçu olsa da, kapitanlıq sarğısı Novruz Məmmədova verilmişdi...
- Bu sualı mənə çoxları verirlər. Mənim üçün kapitanlıq vacib deyil. Vacib olan komandanın uğurudur. Qaldı ki, sarğının Novruz Məmmədova verilməyi normal bir şeydir. Novruz əvvəllər də “Rəvan”ın formasını geyinib. Bunu normal qarşılamaq lazımdır.
 
- Artıq Premyer Liqa 4 dövrəli sistemlə keçirilir. Komandaların sayı 10-a endirilib. Bu hardasa Azərbaycanlı futbolçuların oynamasının qarşısını alır. 4 dövrəli sistem necə ağırdımı? 
- Yox, ağır deyil. Sadəcə komandaların sayının az olması problemdir. Əgər biz Azərbaycan futbolunun inkişafını istəyiriksə, komandaların sayı çoxalmalıdır. Yerli futbolçuların oynamasına şərait yaradılmalıdır. Çünki milli komandada azərbaycanlı futbolçular forma geyinir. Türkiyə millisi uçuruma gedirdi. Uduzurdu, zəifləmişdi. Bunu görən TFF legioner limitini dəyişdi. Bunu etmək lazımdır. Yerli uşaqla oynamalıdırlar.
 
- Gələn mövsümdən artıq legioner limiti dəyişəcək və meydanda 21 yaşlı iki futbolçu olacaq...
- Hər komandada 21 yaşlı futbolçu oynatmaq effektli olmur. Klublar da bəzən buna görə əziyyət çəkir. Başqa addım atmaq olardı. Məsələn, birinci diviziona klub buraxmaq olardı ki, milli komandaya xeyir versinlər. Həmin futbolçular o komandada oynaya bilərdi. Onlar hamısı 21 yaşlı komandanın üzvləri ola bilərlər. Həm millidə, həm klubda bir yerdə oynasınlar.
 
- Artıq çempionatda 6 tur oynanılıb və heç bir komanda stabil çıxış etmir...
- Ötən illə müqayisədə demək olar ki, komandaların oyunları tamam dəyişib. Düz deyirsən ki, komandalar stabil çıxış etmir. Bunu bir növ azarkeşlərlə də bağlamaq olar.Bizim futbol azarkeşsiz oynanılır. “Kəpəz” və “Turan” Premyer Liqanı tərk etdi. Onlar bölgə komandaları idi və çempionata rəng qatırdı. Həmçinin oyunlarına azarkeş gəlirdi. Futbolçu da azarkeşə görə oynayırdı. İndi Bakıda iki komanda oynayır, cəm 250-300 azarkeş olur. Futbolun gözəlliyi də itir. Bölgələrdə nə qədər komanda olsa, o qədər yaxşıdır. Əvvəlki illərə baxaq. “Turan”, “Şəmkir”, “Kəpəz”, “MKT Araz”, “Karvan” və s vardı. Hamısı da çempionluq üçün yarışırdı. Onda çempionat daha maraqlı, daha rəngarəng idi. İndi sadəcə quru stadionlar var. Tribunalarda yer tapmaq olmurdu oturmağa. Futbol onda gözəl idi.
 
- “Kəpəz” və “Turan” Azərbaycana futbolçu istehsal edirdi. İndi onların birinci divizionda olması Azərbaycan futboluna zərbə vurmayacaqmı?
- Əlbəttə, vuracaq. Təkcə, Tovuz və Gəncə deyil, həmçinin Sumqayıt və Mingəçevir də Azərbaycan futboluna xeyir verib, futbolçular yetişdirib. Mənim fikrimcə, bu 4 rayona diqqət ayrılmalıdır. Hər 4-ü futbol məktəbidir. Bu rayonlarda futbolun inkişafı üçün şərait yaradılmalıdır.
 
- Gələn tur çətin səfərə gedəcəksiniz. “Qəbələ” ilə oyundan nə gözləyirsən?
- Bayaq da dedim bizim Premyer Liqada zəif komanda yoxdur. 10 komanda hamısı bir-birindən xal ala bilər. Biz də həmçinin zəif deyilik. “Qəbələdən” də xala almaq gücündəyik.
 
Mənbə: Millifutbol.az

Xəbər xətti