"Onunla oyunumuz yaxşı alınır"

16:01 - 19 Sentyabr 2013

Viktor Mendi: "Mən də bir futbolçu kimi oynamaq istəyirəm"
 
 
"Çox zəngin və yaxşı futbolçulardan ibarət heyətimiz var. Hamı öz üzərində səylə çalışır. Kollektivdə rəqabət mövcuddur. Mən də bir futbolçu kimi oynamaq, komandama kömək etmək istəyirəm. Bunun üçün daim öz üzərimdə işləyirəm, oyundan oyuna daha yararlı olmağa çalışıram". 
 
Sportal.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin futbolçusu Viktor Mendi deyib.
 
Seneqallı legioner  Premyer Liqanın VII turu çərçivəsində sabah baş tutacaq "Qəbələ" - "Rəvan" oyunu ilə bağlı fikirlərini klubun rəsmi saytına açıqlayıb. Mövsümə inamlı start verən və arxada qalan 6 matçda 3 dəfə fərqlənən Mendi uğurunu qarşıdakı matçlarda davam etdirəcəyinə inandığını bildirib: "Çempionata startımızı normal saymaq olar. Hazırda 3-cü pillədəyik və liderlə bizi yalnız 1 xal ayırır. Liderliyə yüksəlmək üçün qələbələrimizi sıralamalıyıq. Bu hədəfə çatmaq üçün mən də hücumçu kimi əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. İnanıram ki, qollarımın ardı gələcək”.
 
Hücumçu ötən tur debüt edən Daniel Subotiç və "Rəvan"la matçla bağlı fikirlərini də açıqlayıb: “AZAL-la matçda hücumçumuz Daniel Subotiç debüt etdi. Əslində Subotiçlə uzun zamandır birlikdə məşq edirik. Amma rəsmi görüşdə ilk dəfə ötən həftə birlikdə oynamaq qismət oldu. Daniel çox güclü futbolçudur. Debütü uğurlu alındı. Onunla oyunumuz da yaxşı alınır. O, qolları ilə hələ qarşıdakı oyunlarda komandaya çox kömək edəcək. O ki qaldı "Rəvan"la matça, sözügedən qarşılaşmaya ciddi hazırlaşmışıq. Düzdür, rəqibimiz turnir cədvəlinin aşağı pillələrində qərarlaşıb. Lakin buna fikir vermirik. Bütün oyunlara eyni ciddiyyətlə yanaşırıq. Başqa cür yanaşma mənfi nəticələrə gətirib çıxara bilər. İnanıram ki, qalib gəlib uğurlu çıxışımızı davam etdirəcəyik".
 
 
Qeyd edək ki, Mendi “Qəbələ”nin Premyer Liqa tarixində ən yaxşı bombardiridir. 

Xəbər xətti