"Karyeramda 3 qırmızı vərəqə almışam, ikisini Rəhim Həsənov verib"

19:08 - 26 Noyabr 2013

Flavinyo:"Azərbaycanda isə oyunun hakimi ön plana çıxır"
 
"İnter"lə oyunda mənə qarşı edilən kobudluqlar ilk dəfə deyildi. Azərbaycana gəldiyim mövsüm ayağımı sındırdılar. Uzun müddət oynaya bilmədim. Mən bilmirəm bu qəddarlıq nədən qaynaqlanır. Belə futbol oynamaq olmaz. Mən Braziliya “A” seriyasında da oynamışam və çox gözəl bilirəm ki, qayda pozuntusu nədir".
 
Bu sözləri “Neftçi”nin futbolçusu Flavinyo AFFA-nın İntizam Komitəsinin bu gün onun haqda çıxardığı qərarına münasibət bildirərkən deyib.
 
Sportal.az xəbər verir ki, klubun rəsmi saytına danışan braziliyalı futbolçu İK-in qərarı ilə razılaşmadığını dilə gətirib: "Karyeram ərzində qırmızı vərəqə almamışdım. Azərbaycanda isə 3 dəfə meydandan kənarlaşdırılmışam və bunların ikisində məhz Rəhim Həsənov mənə qırmızı vərəqə göstərib. Özü də mənə qarşı edilən hərəkətlər qəsdən xəsarət yetirmək niyyəti ilə edilir. “İnter”lə oyunu izləyən hər kəs gördü ki, rəqibin 19 və 88 nömrəli futbolçuları fürsət düşdükcə ayağıma zərbə endirirdi. Belə olan halda yalnız hakim müdaxilə edərək rəqib futbolçunu vaxtında cəzalandırmalı idi. Oyun ərzində bir neçə dəfə mənə qarşı kobudluq edildiyini baş hakimə desəm də, o əvəzində yalnız gülməklə kifayətləndi. Buna görə də rəqib oyunçu kobudluğunu daha da artırır və məni təxribata çəkməyə çalışırdı. Gah futbolkamdan tutub çəkir, gah da ayağıma zərbə endirirdi, buna baxmayaraq oyunu davam etdirirdim. Nəticədə “İnter”in simulyasiya etmiş futbolçusu sarı vərəqə aldı, mən isə meydandan uzaqlaşdırıldım. Gördünüz ki, həmin futbolçu sarı vərəqə alandan sonra necə ehtiyatla oynamağa başladı, deməli onu vaxtında cəzalandırmaq lazım idi".
"Bu cür hallara hələ nə qədər dözməliyəm? Təəssüf ki, AFFA-nın İntizam Komitəsi də epizoda obyektiv münasibət bildirmədi. Belə çıxır ki, əgər futbolçu texnikalı oyun göstərirsə onu sındırmaq lazımdır. Bütün dünyada referilər gözəl oyunun qorunması üçün mənim kimi futbolçulara qarşı kobudluğa görə rəqibi dərhal cəzalandırırlar. Mən təkcə özümü demirəm. Azərbaycan çempionatında Riçard Almeyda, Reynaldo, Rəşad Sadiqov, Araz Abdullayev, Əfran İsmayılov, Elvin Məmmədov kimi topla çox yaxşı davranan oyunçular var. Əgər bu gün mənə qarşı belə münasibət göstərilirsə, sabah onlara qarşı da ediləcək. Bundan öncə də demişdim ki, meydanda belə rəftar nəinki karyeramı hətta sağlamlığımı da zərbə altında qoya bilər. Başqa çempionatlarda matçın taleyini aparıcı oyunçular həll edir, Azərbaycanda isə oyunun hakimi ön plana çıxır. Bu cür hallara ədalətli qiymət verilməlidir. Mənim nə günahım var ki, iki oyunluq cəzalandırılıram? Cəzalanmalı olan varsa o da baş hakim və mənə qarşı antifutbol oynayan futbolçulardır".

Xəbər xətti