"Mənə verilən şansı dəyərləndirmək üçün var gücümlə çalışacağam"

23:25 - 7 Yanvar 2014

Şirməhəmməd Məmmədov :"Sevindirici haldır ki, bu arzum reallaşdı"
 
Xəbər verdiyimiz kimi "Qəbələ"nin Antalya toplanışına əvəzedici heyətdən iki futbolçu - Şirməhəmməd Məmmədov və Salman İbrahimov da cəlb edilib.
 
Sportal.az xəbər verir ki, artıq 2 gündü qardaş ölkədə hazırlıq keçən "qırmızı-qaralar"ın əsas heyəti ilə məşqlərə çıxan gənc futbolçular çalışqanlıqları ilə komanda yoldaşlarından geri qalmırlar.
 
Əvəzedicilərin çempionatında müdafiə xəttindəki inamlı oyunu ilə diqqət çəkən Şirməhəmməd Məmmədov klub saytına açıqlamasında əsas komanda ilə məşqlərə çıxmağın sevindirici və eyni zamanda məsuliyyətli olduğunu söyləyib. Müdafiəçi ona verilən şansı lazımınca dəyərləndirmək üçün əlindən gələni əsirgəməyəcəyini bildirib:
 
"Əvəzedici komandanın heyətində özümü doğrulmaq üçün hər zaman səylə çalışmışam. Bu səbəbdən əsas komandanın məşqlərinə dəvət alacağıma ümid edirdim və inanırdım bu yaxın vaxtlarda baş tuta bilər. Sevindirici haldır ki, bu arzum reallaşdı. Artıq komanda ilə məşqlərdə iştirak edirəm. Amma çox məsuliyyətli və çətin mərhələdə olduğumu anlayıram. Mənə verilən şansı dəyərləndirmək üçün var gücümlə çalışacağam. İlk məşqdə nisbətən həyəcanlı idim. Amma təcrübəli komanda yoldaşlarım və məşqçilər mənə dəstək olurlar. Bu da meydançada özümü rahat hiss etməyə yardım edir".
 
Xatırladaq ki, 18 yaşlı futbolçu "Qəbələ" Futbol Akademiyasının yetirməsidir. O, 14 yaşından Qəbələdə futbolun sirlərinə yiyələnir. 15 yaşından etibarən aşağı yaş qrupları üzrə milli komandalara dəvət alan Şirməhəmməd hazırda U-19 yığmasının üzvüdü.

Xəbər xətti