"Dəvət etdiyimiz hücumçular tez bir zamanda Azərbaycanı tərk edəcək" MÜSAHİBƏ

15:32 - 11 Yanvar 2014

Vaqif Sadıqov: "Yoldaşlıq matçında bəzi problemlərin üzə çıxdığını gördüm"
 
AZAL-ın baş məşqçisi Vaqif Sadıqovun Sportal.az-a müsahibəsi
 
- AZAL-ın hazırki təlim-məşq toplanışını necə qiymətləndirirsiniz?
- Bildiyiniz kimi komandamız Şüvalandakı bazada toplanıb və təlim-məşq toplanışını orada keçirdirik. Gündə iki dəfə məşq edirik. Komandamın hazırki durumundan razıyam. Bütün futbolçular istədiyim tapşırıqları yerinə yetirir və bu da məni sevindirir.
 
- Bu gün əvəzedici heyətin futbolçuları ilə hazırlıq matçı keçirtmisiniz və hesab 1:1 hesabı ilə yekunlaşıb... 
- Mən deməzdim ki, əvəzedici heyətin futbolçuları ilə yoldaşlıq matçı keçirtmişik. Burada bütün komandanı böldüm ve belə matç təyin etdim. Komandada gənclərin hazırlığı, inkişafı məni sevindirir. Yoldaşlıq matçında bəzi problemlərin üzə çıxdığını gördüm. Komandada hücumçu problemi var, və bunu mütləq aradan qaldırmalıyıq. Bu günki oyunda da baxışa dəvət etdiyimiz hücumçular özünü doğrultmadı.
 
- Bildiyimizə görə hazırlıq matçında qollardan birini Ukraynanın "Poltava" klubundan dəvət etdiyiniz  Ruslan İvaşko vurub. O da, ümidləri doğrultmadı?
- Qol vurmaqdan deyil. Mən istədyim xüsusiyyətləri o futbolçuda tapa bilmədim. Baxışa dəvət etdiyimiz hər iki hücumçu tez bir zamanda Azərbaycanı tərk edəcək.
 
- Qışda təlim-məşq toplanışını niyə başqa ölkədə yox məhz öz bazanızda keçirtməyi qərara aldınız?
- Bizim öz bazamızda Allaha şükür hər bir şərait var. Burada toparlanmışıq yanvar ayının sonlarına kimi hazırlıqlarımız burada keçirəcəyik. 4 komanda ilə hazırlıq matçlarını öz meydanımızda oynayacağıq. Baxışa dəvət etdiyimiz futbolçuları sınaqdan keçirəcəyik. Bəzi mövqelərimiz güclənməlidir. Bildiyiniz kimi ilk dövrədə komandamızda bəzi problemlər oldu. Çalışacağıq bu problemlər bir daha yaşanmasın.
 
- Təlim-məşq toplanışını başqa ölkədə keçirə bilməməyiniz maddi problemlərlə əlaqəlidir, yoxsa bu sırf rəhbərliyin qərarıdır?
- Belə qərar verildi. Biz də öz işimizi görməliyik. Bizim üçün elə də fərqi yoxdur, əsas odur ki, AZAL güclənsin, istədiyi yerlərdə olsun. Hədəflərimizə çatmaq üçün bura da öz məşqlərimiz yüksək səviyyədə təşkil edəcəyik. 
 
- Vaqif Sadıqov ikinci dövrədə necə AZAL görmək istəyir?
- Vuruşan, yüksək yerləri hədəfləyən, qazanmaq üçün meydanda əlindən gələni əsirgəməyən  AZAL-ı görmək istəyirəm. Biz çalışaraq  və komandamıza yeni futbolçuları qataraq istədiyimiz  AZAL-ı hər kəsə göstərəcəyik.
 
Yusif HÜSEYN

Xəbər xətti