Emin Abbasovdan yeni təklif

12:13 - 23 Yanvar 2014

Belarus variantını tətbiq etmək olar

 

Azərbaycanda dövlət tərəfindən maliyyələşən cəmi bir neçə uşaq futbol məktəbi var ki, onların da şəraiti çox pisdir. Uşaq futbolumuz Premyer Liqada çıxış edən 10 klubun ümidinə qalıb ki, onlardan da çoxu bu sahəyə lazımı diqqət ayırmır. Belədə, dövlət tərəfindən maliyyələşən uşaq-gənclər futbol məktəblərinin sayını və keyfiyyətini artırmaqla bu boşluğu aradan qaldırmaq olar.

 

Jurnalist Emin Abbasov bununla bağlı “facebook” səhifəsində fikir bildirib. O, Belarus varinatını tətbiq etməyi təklif edib:

 

“Belarus Futbol Federasiyası 2014-cü il mövsümü üçün yeni qərarlar çıxarıb. Meydanda 5, ümumilikdə isə sifariş ərizəsində 12 legioner ola bilər. Klublar İlk 5 legionerin hər birinə görə təxminən 1352 USD (в размере 100 базовых величин), qalan 7 nəfərin hər birinə görə isə 6760 USD (в размере 500 базовых величин) ödəməli olacaqlar. Və bu pullar uşaq-gənclər futbolunun inkişafı fonduna köçürüləcək. Məhz bu yolla Belarusda uşaq futbolunu qaldırmağa çalışırlar. Təəssüf ki, bizdə uşaq futbol məktəbləri barmaqla sayılacaq qədərdi. Onların da şəraiti çox pisdi. Məlumat üçün deyim ki, Azərbaycanda hər legioner futbolçuya görə rüsum 20 min manat təşkil edir. PFL bu pulun (kifayət qədər böyük rəqəm edir) hara xərclənməsini açıqlamır! Qeyri-rəsmi məlumatlara görə, "Şəmkir", "Turan", "Kəpəz" və "Şuşa" kimi klublar məhz bu pullar hesabına maliyyələşirlər. Amma istənilən halda bizdə də Belarus variantını tətbiq etmək olar. Anoloji fond yaradıb rüsumlardan əldə olunan gəlirin 30 faizini həmin quruma köçürmək olar. Ancaq bir şərtlə ki, həmin fonda normal (rüşvətxor olmayan) futbol adamını təyin edib və pulun düzgün xərclənməsini təmin etsinlər”.

Xəbər xətti