"Bu qələbəni həbsdə olan azarkeşlərimizə həsr edirik" MÜSAHİBƏ

14:50 - 16 Fevral 2014

Orxan Sadıqlı: "Hamı şahiddir ki, "Xəzər Lənkəran" geri dönür"
 
"Xəzər Lənkəran"ın gənc qapıçısı Orxan Sadıqlının Sportal.az-a müsahibəsi:
 
- "Qəbələ" ilə oyunda əzmkar qələbə qazandınız...
- Biz hər bir oyunu ayrılıqda dəyərləndiririk. Biz Qəbələyə üç xal dalınca gəlmişdik və şükürlər olsun ki, bunu bacardıq, vacib olan üç xalla geri qayıdırıq.
 
- İlk hissəni məğlub şəkildə tamamladınız. Dənizli fasilədə komandaya nə dedi ki, geri dönüş edə bildiniz ?
- Birinci hissəni mməğlub durumda tamamladıq, Mustafa hoca bizə dedi ki, "oyun 90, hətta 93 dəqiqədir. Biz bu oyunu udmalıyıq, elə zənn edin ki, hesab 0:0-dır". Biz bura udmağa gəlmişdik və 3 xal üçün də hər bir riski edəcəydik. Əlimizdən gələnin ən yaxşısını edib qələbə qazandıq.
 
- Son üç turda çempionatın iddialı komandaları ilə qarşılaşdınız və heç birində məğlub olmadınız. Deyə bilərikmi, "Xəzər Lənkəran" üçün çempionat indi başlayır ?
- Rəqiblərimizin bizdən öndə olduğunu bilirdik, maksimum nəticə üçün səy göstərdik. "Qarabağ" və "Qəbələ"ni səfərdə məğlub edə bildik. "Neftçi" iləbərabərə qaldıq, əlavə 3-4 dəqiqə olsaydı, həmin oyunda da qələbə qazanasıydıq. Düzdür, hazırda 6-cı pillədəyik, amma hamı şahiddir ki, "Xəzər Lənkəran" geri dönür. Bundan sonra da əlimizdən gələni edib komandanı layiq olduğu yerə gətirəcəyik.
 
- 3 gün sonra son həftələrin formada olan komandası "Bakı" ilə qarşılaşacaqsınız...
- Biz işimizi görürük. bu gün Lənkərana gedib məşqlərimizi edəcəyik . Bizə rəqibin kim olması maraqlı deyil, hər bir oyuna eyni ciddiyətlə hazırlaşırıq.Bizim bu oyunda yalnız bir məqsədimiz var. o da qələbə.
 
- Komandada Skarlatake və Rasim Ramaldanov kimi itkiləriniz var. Bu nə dərəcədə təsir edəcək ?
- Hər ikisi komanda üçün ciddi itkilərdir. Amma o boşluğu doldurabiləcək futbolçularımız var. 
 
- Bildiyimizə görə, sən də "Qəbələ" ilə oyuna zədəli halda çıxmışdın..
- Düzdür, sol dizimdə zədə var idi, amma əsas odur ki, komandama kömək etdim. Həkim də zədənin olduğunu bildirmişdi, amma oynamayacaq qədər ciddi deyildi. İndi də müalicə oluram, "Bakı" ilə oyunda daha yaxşı olub oynamaq istəyirəm.
 
- "Xəzər Lənkəran"ın dörd azarkeşi üç illik azadlıqdan məhrum oldu...
- Vallah, bunu eşidəndə mən də pis oldum, yəni nə deyəcəyimi bilmirəm. Bu vaxta qədər belə bir şey görməmişdim, nədə eeşitməmişdim. Ən böyük derbilərdən biri də "Qalatasaray" - "Fənərbaxça" qarşılaşmasıdır, orada da tutulan azarkeşlər pul cəzası ödəyirlər. Həyatımda gördüyüm ilk belə hadisə idi. Allah ailələrinə səbr versin. Bu oyundakı qələbəni də özləri yanımızda olmaslar da, ürəyi bizlə olan həmin azarkeşlərə həsr edirik.

Yusif HÜSEYN

Xəbər xətti