"Biz bilirik "Qarabağ"ın səviyyəsi nədir" MÜSAHİBƏ

15:41 - 21 Fevral 2014

Ruslan Poladov: "Bu suala əminliklə cavab verə bilmərəm"
 
"Simurq"un yarımmüdafiəçisi Ruslan Poladovun Sportal.az-a müsahibəsi
 
- III dövrəyə ardıcıl 3 məğlubiyyətlə başladınız. Bu məğlubiyyətlərə səbəb nə idi?
- Səbəb o idi ki, bizim yaratdığımız qol epizodları qolla nəticələnmədi, amma onlar adi epizodlardan qol vurdular. Qış fasiləsində yaxşı hazırlıq dönəmi keçirtmişdik. 
 
- Bu məğlubiyyətlərdə rəqiblər sizi nədə üstələdi?
- Yaratdıqları vəziyyətlərdə istifadə edib bizi məğlub etdilər. "Neftçi" ilə matçda 64 dəqiqə gözəl futbol oynadıq. Sonra əks hücumlarda bizi tutub qol vurdular. "Bakı" və "İnter"lə matçlarda yetərincə qol epizodlarından istifadə edə bilmədik. "Bakı" ilə oyunda qapıçının qaytardığı topa Rauf Əliyev hamidan tez çatdı və qol vurdu. "İnter"də də həmçinin yaxşı mübarizə apardıq və sonda məğlub olduq.
 
- Hücum xəttində qol vuran futbolçu sarıdan əziyyət çəkirsiniz?
- Mən belə deməzdim. Dekabra kimi yetərincə qol vurmuşuq. "Sumqayıt"la sonuncu oyunda da 4 qol vurduq. Elə oyunlar var ki, qol vurduğumuz oyunlardan daha çox qol epizodu yaradırıq, amma bir dənə də olsun qol vura bilmirik. 
 
- Bir kapitan olaraq səncə komandada nə çatmır?
- Bu suala əminliklə cavab verə bilmərəm. Bu gün çatışmamazlıqların üzərində işləyirik. Onu deyə bilərəm ki, yaratdığımız epizodları qola çevirə bilməməyimiz çatışmayan cəhətimizdir. 
 
- Növbəti tur "Qarabağ"la qarşılaşacaqsınız. Bu oyun barəsində nə deyə bilərsən?
- Oyunlarına baxıb analiz etmişik. İndi onların oyunları haqqında nəsə deyə bilmərəm. İnşallah oyundan sonra bu barədə fikirlərimi deyərəm.
 
- Rəqib kimi "Qarabağ"ı necə dəyərləndirirsən?
- Azərbaycanda hər il çempionluğa oynayan komandadır, Avropa Liasında baxımlı futbol sərgilədilər. Biz bilirik "Qarabağ"ın səviyyəsi nədir. Onlara qarşı hazırlaşırıq.
 
- Demək olar ki, artıq Premyer Liqa "Simurq" üçün bitib. Yəni mükafatçılar sırasına düşə bilməyəcəksiniz...
- Mən belə düşünmürəm. Çempionatımızda maraqlı oyunlar gedir, rəqabət var. Düzdü, kubokda "Araz Naxçıvan"a məğlub olub mübarizədən kənar qalmışıq. Çempionat hələ davam edir. 
 
- Bu heyətlə mükafatçılar sırasında yer almağa gücünüz çatacaq?
- Onu zaman göstərəcək.
 
- Qarşınızda avrokuboklara çıxmaq vəzifəsi qoyulub...
- Hər bir klubun məqsədi var. Məqsəd olmasa oynamağın heç bir mənası yoxdur. 
 
Şahin OĞUZ

Xəbər xətti