Elnur Allahverdiyev: "Qəbələ"nin uğurlarına kölgə salmaq istəyirlər, amma bunu bacarmayacaqlar"

16:38 - 16 Mart 2014

"Həmin epizodda penalti var idi"

 

"Hava şəraitinin pis olması oyunun gedişatına təsir edirdi. Bəzən ötürmə verməyə külək mane olurdu. Ümumilikdə oyuna gəlincə isə birinci hissə "Bakı", ikinci hissə isə "Qəbələ" baxımlı futbol nümayiş etdirdi. Qol vurduqdan sonra bir az arxaya çəkildik. Bu oyunda qələbə qazana bilsəydik, bir az rahatlaşacaqdıq. "Bakı" da qələbə qazanmaq üçün meydanda mübarizə aparırdı".

 

Bu sözləri Sportal.az-a açıqlamasında "Qəbələ"nin müdafiəçisi Elnur Allahverdiyev deyib. Allahverdiyev hakimin təyin etdiyi penalti epizoduna və çempionluq şanslarına da belə şərh verdi:

 

"Üzgünük. Son anda buraxdığımız qol bizi 3 xaldan etdi. Amma hesab edirəm ki, 1:1-lik nəticə oyunun ədalətli nəticəsidir. 

 

Verilən penaltin epizoduna gəldikdə, bəli, top Subotiçin əlinə dəymişdi. Mən həmin epizoda çox yaxın idim. O, Pena ilə mübarizədə topa əli ilə təmas etdi. Hakim düzgün qərar qəbul etdi.

 

Bu matçda qələbə qazana bilsəydik, "Qarabağ"a yaxınlaşa bilərdik. Hal-hazırda xal fərqində onlar bizdən irəlidədirlər. Yenə də ümidimizi itirmirik. Sona qədər mübarizə aparacağıq. 

 

Allahverdiyev sonda komandada futbolçular arasında problemlərin olduğu yönündə və futbolçuların komandada Syomini istəmədiklərinə dair dolaşan söz-söhbətlərə belə münasibət bildirdi:

 

"Elə bir hadisə yaşanmışdı və buna da son qoyuldu. Biz hər şeyi Dodo ilə aramızda həll etmişik.  Komandada futbolçuların Syomini istəməsi söhbətinə gəlincə isə, biz futbolu Syominə görə yox, "Qəbələ"nin adına görə oynayırıq. Kənardan gələn söz-sözhbətləri kimlər edir bilmirəm, amma onlara demək istəyirəm ki, belə söz-söhbətlər gülüncdür. Onlar "Qəbələ"nin uğurlarına kölgə salmaq istəyirlər, amma bunu bacarmayacaqlar."

Xəbər xətti