Qaranlıqda işıq saçan insan

22:20 - 23 Noyabr 2014

Yalnız meydanda yox, həyatda da böyüyə bildi

 

Bu zəmanədə hər tanıdığına insan demək olmur. Hamı insan cildində olsa da, çoxlarının içində insanlıqdan əsər-əlamət yoxdur.

 

Futbolumuzda da insanlıq hər gün ölür, öldükcə də, dəyərlər də itir, dəyəri olanlar da.  

 

Ümumiyyətlə, bu futbolçular çox qəribə adamlardı. Bu ölkədə çoxundan yüz dəfə çox qazansalar da, özlərini elə aparırlar ki, sanki, buralarda qonaqdılar. Heç kimi və heç nəyi görmürlər, bəlkə də, görmək istəmirlər. Cəmiyyətdə baş verənlər onlara maraqsız gəlir.   

 

Deyəndə ki, aldığınız pulun qarşılığında düz-əməlli oynaya bilmirsiz, az qalırlar hələ camaatı borclu çıxarsınlar. Boyunlarına almırlar ki, onlar yaşıl meydanların yox, eyş-işrət məclislərinin qəhrəmanları olmaq arzusu ilə alışıb yanırlar.

 

Cəmiyyət üçün yararsız bu kütlənin içində yaxşılar da var. Onlardan biri Qara Qarayevdir.

 

Qara Qarayev futbolumuzda çox maraqlı simadır. Çoxları onun böyük potensiala sahib olmadığını düşünürdülər. Ancaq inadkarlığı, çəkdiyi zəhmət öz bəhrəsini verdi. Bu oğlan iki ilin içində o qədər böyüdü ki, bu gün “Qarabağ”da onun yeri ayrıdır.  

 

Ən əsası Qara yalnız meydanda yox, həyatda da böyüyə bildi. O, davranışıyla çox futbolçuya örnək olacaq qədər böyüdü.

 

Bu gün mətbutda Qara Qarayevin yardım asksiyasına qoşulduğunu və bir qrup gənclə xəstəni ziyarət etdiyini oxudum. Bunu nə milli təşkil etmişdi, nə də klub. Bu, bir futbolçunun başqalarına nümunə olacaq bir addımı idi.

 

Bu, görüntü deyildi. Onun həyat tərzi elə oynadığı futbola bənzəyir: Sakit və dəqiq!

 

Qara Qarayev həm peşəkarlığına görə, həm insanlığına görə yetişən nəsil üçün örnəkdir. Futbolun ömrü uzun deyil. Karyera bir göz qırpımında keçər, qazanılan pullar da xərclənər. İnsanlıq isə həmişə yaddaşlarda qalar və haradasa qarşına çıxar.

 

Uzağa getmək lazım deyil, Zaur Tağızadəyə baxın. Yaxşı futbolçu, yaxşı insan! Dünən futboluna görə ona hörmət qoyanlar, bu gün onun insanlığına hörmət qoyurlar. Bu hər futbolçuya nəsib olmur. Bunu unutmayın...

 

Emin ABBASOV

Xəbər xətti