Kənan Kərimov: "Nə futbol, nə də futbolçular Azərbaycanda heç kimə lazım deyil" MÜSAHİBƏ

15:38 - 14 Aprel 2015

"Heç kim itirib-axtarmır"

 

Bir vaxtlar Azərbaycan futbolunda Kənan Kərimov adlı bir futbolçu var idi. Hücumçu idi. Şəxsi fikrimdi, Kənan yaxşı futbolçu olub. Azından Azərbaycan səviyyəsində seçilənlərdən biri idi. Az da qol vurmayıb. 376 çempionat oyununda 101 dəfə fərqlənib. Bir neçə oyunda yığmanın şərəfini qoruyub. 2-3 il əvvəl karyerasına son qoyub. Ötən il məşqçilik etmək eşiqnə düşmüşdü. Bir mövsüm Yevlaxın "Karvan" komandasını çalışdırdı. Amma sonra "Karvan" da "yoxa çıxdı”, Kənan da. Yaxınlarda "Topaz" məntəqəsi işlətdiyini eşitdim. 
 

Kənan Kərimovun yeni "klubu" doğrudan da "Topaz" məntəqəsidi. Gününün çox hissəsini burada keçirən veteran futbolçu özünün dediyi kimi çörəkpulunu qazanmaqla məşğuldu. Futboldan tamamilə uzaqlaşıb. Düzü, əvvəl ona "əlifba dərsi" keçmək fikrində idim. Amma bir qədər həvəssiz olduğuna görə fikrimdən daşındım, yüngülvari müsahibə ilə kifayətlənməli oldum. 
 

 

- Futbolda heç kimə lazım olmadığını nə vaxt hiss edibsən?
- Özündən demək olmasın, karyeramboyu bütün klublardan dəvət almışam. Heç vaxt "komandasız qala bilərəm" fikrini ağlıma gətirməmişəm. Futbolçu olanda hamıya lazımsan. Karyeranı bitirdikdən sonra isə... İndi heç kim itirib-axtarmır. "Haradasan", "nə işlə məşğulsan" deyə, soruşan yoxdur. Elə bil Azərbaycanda belə bir insan, futbolçu olmayıb.

 

- Nə əcəb məşqçiliklə məşğul olmursan?
- Məşqçiliyə başlamışdım. Keçən il 10 günün içində zülmlə komanda yaratdım. Həvəskarlar liqasında oynamış, küçədə qalmış uşaqlarla 1-ci dəstədə 8-ci yeri tutduq. 1 il sponsorlar, yerli icra hakimiyyəti kömək elədi, komandanı yaşatdıq. Ondan sonra imkanları çatmadı. Bir neçə dəfə AFFA-ya gəlib kömək istədim. Ağız açdıqlarımdan heç kimdən səs-soraq çıxmadı. Day gördüm ki, "Karvan", Yevlax futbolu kimisə maraqlandırmır, məcbur olub geri çəkildim. Sonra deyirlər ki, niyə gedib məşqçilik kurslarında oxumursan, kateqoriya almırsan. Guya oxuyanların əli bala batıb. Kateqoriyası olanlar heç kimə lazım deyilsə, mən kimə lazımam? Məndən daha tərcübəli, yaşlı məşqçilər işsiz qalıblar. 

 

- Belə çıxır ki, futbolla birdəfəlik qurtarıbsan.
- Birdəfəlik deyəndə, gərək məşqçiyə imkan, şans verələr ki, özünü göstərsin. Gedib kimdənsə xahiş edəsi deyiləm ki, məni komandanda 3-4-cü məşqçi götür. Ya da hansısa iş ver, boş qalmayım. Belə şeylər təbiətimə yaddı. Yevlaxlı olduğum üçün çox istərdim yenidən "Karvan"ı yaradalar. 

 

- Çempionatla da maraqlanmırsan?
- Stadiondan oyun izləmirəm. Ancaq televiziyada göstərəndə baxıram. 

 

- Çempionatımızın səviyyəsi aşağı çox düşüb?
- Çempionatın səviyyəsi var idi ki, aşağı da düşsün? 2004-cü ildən bu yana çempionatımızda səviyyə olmayıb. Birincilikdə bəzi oyunları çıxmıq şərtilə qalanları boş  tribunalar önündə keçirilirsə, səviyyədən söhbət gedə bilməz. Klubları elə bir vəziyyətə salıblar ki...

 

- Kimlər salıb, konkret ad çəkə bilərsən?
- Ad çəkməyə ehtiyac yoxdu. Onsuz da hamı səbəbkarları yaxşı tanıyır. "Bakı" kimi klub dağılmaq üzrədi. Elə "Karvan"ı da misal çəkə bilərəm. Yevlaxda stadion, baza, azarkeşlər, bir sözlə futbolun adına hər şey var. Bu gün "Karvan"ı "yox ediblər". Hələ birdəfəlik silinmiş klubların adını çəkmirəm. Deməli, futbolda düzgün siyasət aparılmır. Klubların dağılması, bu günə düşmələrinin səbəblərinin başbilənlər araşdırmalı, ölçü götürməlidilər. Kiməsə məsləhət vermək fikrindən uzağam. Belə çıxır ki, nə futbol, nə də futbolçular Azərbaycanda heç kimə lazım deyil.
 
Kənanı yada salanlar ancaq köhnə dostları, komanda yoldaşlarıdı. Arada Kərimova baş çəkirlər. Müsahibə götürdüyüm vaxtda onlardan 2-i yanımızda idi. Hər ikisi də xeyli tanınmış veteran futbolçular idi. Amma xahiş elədilər ki, onların adını hallandırmayım. Sonra söz-söhbət çıxar ki, filankəsi "Topaz" məntəqəsində görüblər, guya "stavka" ilə məşğuldur: "Topaz"ın adı bir az pis çıxa bilər. Amma gəlişləri "stavka" ilə bağlı deyil. Sağ olsunlar, yada salırlar, oturub söhbət edirik, dərdləşirik, vaxt keçiririk".
"Topaz" demişkən, Kənanla bir qədər də indiki işi (əgər buna iş demək olarsa) söhbət elədik. Hiss olunurdu ki, bu işin qulpundan məcburiyyətdən yapışıb.
 

 

- "Topaz"da işlər necə gedir? Necə oldu ki, indiyə kimi çempionatlarda az topla qane olmayan Kənan Kərimov indi "Topaz"la kifayətlənir?
- Karyeramı bitirdikdən sonra çörəkpulu qazanmaq üçün nəsə bir iş görməliydim. Bu işlə məşğul olmağım da təsadüfdü. Yaxın yoldaş var, təklif etdi ki, buranı işlədim. Mən də bekar idim. Razılaşdım. Bura təkcə "Topaz" məntəqəsi deyil, həm də çay evidi. Çoxdanın shbəti deyil. Haradasa 5-6 aydı buradayam. 

 

- Dolanışıq var?
- Şükür Allaha! Çörəkpulu çıxır.

 

- "Topaz"da pul udmaq üçün nə etmək lazımdı?
- Vallah, indiyə kimi heç vaxt proqnoz verməmişəm. Çünki marağım olmayıb. Udmağın yollarını da bilmirəm. Kimsəyə məsləhət verməyim düzgün çıxmaz. Öz otağım var, boş vaxtımı orada keçirirəm, müxtəlif çempionatların oyunlarına baxıram. Kimin nəyə pul atdığı, nə qədər atdığı ilə də maraqlanmıram. Pul udmaq üçün ən yaxşı variant proqnoz verməməkdi. Pulun cibində qalacaq.
 
Kənan haqqında azacıq məlumat verim. 1976-cı il mayın 5-də Yevlax şəhərində anadan olub. Ailədə 3 uşaqdılar - 1 bacı, 2 qardaş. Kənan ailənin böyük oğludu. Kiçik qardaşı Sahil də futbolçu olub. 1996-2012-ci illər aralığında 13 mövsüm yüksək dəstədə 7 komandanın qapısını qoruyub (96 oyun, 127 qol). Həm Kənanın, həm də Sahilin futbola gəlişində atası Nizami dayının böyük rolu olub. Cavanlığında futbolla məşğul olan Nizami dayının futbolçu kimi yetişməsinə Kənanın babası mane olub, övladının futbolçu olmasını istəməyib. Arzusunu övladlarının timsalında həyata keçirmək istəyən ata Kərimov onların peşəkar futbolçu kimi yetişməsində az əziyyət çəkməyib. Daim diqqət və qayğısını oğullarından əsirgəməyib. Kənan futbolla doğma Yevlaxda məşğul olmağa başlayıb. İlk məşqçisi Akif müəllim olub. Rayon birinciliklərində çıxış edən balaca Kənanın oyunu tez bir zamanda seleksiyaçı-məşqçilərin diqqətini cəlb edib. Onlardan İslam Kərimov daha zirək tərpənib. Komandası ilə Yevlaxda keçirilən yarışda olarkən Kənanın oyunu İslam müəllimin xoşuna gəlib və onu "Neftçi"yə - başçılıq etdiyi yaş qrupuna dəvət edib. Məşqləri Yevlaxda edən Kənan şənbə-bazar günləri Bakıya gəlib. Ki, yeni komandasına kömək etsin. Təbii ki, bu Kənanın təhsilinə təsirsiz ötüşməyib. Müsahibimiz söylədiyinə görə, 5-6-cı sinifə kimi yaxşı oxuyub. Amma həm "Neftçi"yə keçməsi, həm də məşqlər və yarışlar daha yaxşı təhsil almasına imkan verməyib. 
Kənanın ilk komandası Yevlaxın "Avtomobilçi"si olub. 1992-ci ildə ilk milli çempionatımız keçirilməyə başlayında Kənan doğma şəhərinin komandasından dəvət alıb. Həmin vaxt onun cəmi 15 yaşı var idi. Gənc olmasına baxmayaraq, istedadlı hücumçu "Avtobomilçi"də oynadığı ilk mövsümdə çempionatın 26 oyununun iştirakçı olub, 3 qol vurub. İlk qolu isə...
 
- "Neftçi"yə vurmuşam. O vaxt "Neftçi" çox güclü idi. Bütün futbolçular SSRİ-dənqalma idilər. Təcrübələrinə, istedadlarına da söz ola bilməzdi. Qapıda Dmitri Kramarenko dayanmışdı. Sonuncu qolu isə "Qəbələ"də olarkən səhv eləmirəmsə, "İnter"ə vurmuşam. Penaltidən. 

 

- Sonralar Dimanın üzünə vurmadın ki, ilk qolu onun qoruduğu qapıdan keçiribsən?
- Yox (gülür). Dima ilə bir ara komanda yoldaşı olmuşuq. Heç vaxt belə şey eləməzdim.

 

- "Qarabağ"a gedişin necə oldu?
- "Qarabağ"ın baş məşqçisi Ağasəlim Mircavadov idi. Oyunumu görüb bəyənmişdi. Onun dəvəti ilə 1993-cü ildə "Qarabağ"a keçdim. 

 

- Ağdamın işğal olunduğu il.
- Təəssüf... Kubokun finalına hazırlaşırdıq. Xəbər gəldi ki, ermənilər şəhəri işğal ediblər. Hamımız dilxor olmuşduq. Heç oyuna çıxmaq istəmirdik. Sonradan Ağdamın icra başçısı Həsən Sarıyev bizimlə görüşüb oyuna çıxmağın vacib olduğunu bildirdi. Sabirabadın "İnşaatçı" komandasına əlavə vaxtda 1:0 qalib gəldik. Ümumiyyətlə, "Qarabağ" mənim bir futbolçu kimi yetişməyimdə əsl məktəb olub. Bu komanda ilə yeganə çempionluğumu və kuboku qazanmışam. "Qarabağ"dakı komanda yoldaşlarımın bir futbolçu kimi yetişməyimdə az əməkləri olmayıb. Məndən yaşlı, təcrübəli futbolçular həmişə mənə böyük qardaş olublar, kömək ediblər.

 

- "İmarət" necə yadında qalıb?
- Yaxşı yadımdadı. "Qarabağ"ın heyətində ilk qolumu "İmarət"də vurmuşam. Amma hansı komandaya vurduğumu xatırlamıram. "İmarət" çox mənzərəli bir yerdə idi. Stadionun ətrafındakı xan çinarlar oranı daha da gözəl edirdi. Öt örtüyünə də söz ola bilməzdi. Elə bil xalça idi. Mən Ağdama gedəndə orada vəziyyət pis idi. Hər gün şəhərə mərmi atırdılar, ətraf kəndlərdə atışma olurdu. Buna baxmayaraq, oyunlar keçiriləndə stadionda tamaşaçı əlindən tərpənmək olmurdu. Stadion ağzına kimi dolurdu. Elə hallar olub ki, oyun gedə-gedə şəhərə "qrad" atıblar. Amma qorxmamışıq, futbol oynamışıq. Bir növ adətkar idik.
Kənan Kərimovun statistik göstəricilərinə fikir versək, 1997/97-ci illər mövsümündə "Qarabağ"da cəmi 2 oyunda meydana çıxıb. 1997/98-ci illər mövsümündə isə birdən-birə 3 komandanın şərəfini qoruyub. Səbəbi ilə maraqlandım.
- Göyçayda bir komanda yaratmışdılar - "Çinar". İmkanlı sporsonru var idi. 1-ci dəstədə mübarizə aparırdı. Məni, "Qarabağ"dan Mübariz İsayev, Namiq Bəşirov və bir neçə təcrübəli futbolçunu komandaya cəlb etmişdilər. Həmin il "Çinar" 1-ci yeri tutdu və yüksək dəstəyə vəsiqə qazandı. Amma nədənsə sonradan çempionatda iştirakdan imtina etdilər. "Çinar"a 1997-ci ilin əvvəlində getmişdim. Orada yarım il oynadım. Daha sonra hərbi xidmətə yollandım. Əsgərlik vaxtı da futboldan uzaq düşməmişəm. Bərdənin "Qarabağ", Masallının "Viləş" və Bakının OİK-ində həm əsgərlik çəkmişəm, həm də futbol oynamışam. Səbəblər bu qədər. Hərbi xidmətdən sonra ardıcıllıqla "Viləş"də, "Qarabağ"da, "Kəpəz"də forma geyinmişəm.

 

- Bir ara legioner həyatı da yaşayıbsan.
- Hə, Fuad Musayevin AFFA prezidenti olduğu dövr idi. Azərbaycanda futbol dayanmışdı. 2002-cü ildə İrandan dəvət gəldi. Mən, Nadiş Şükürov, Vidadi Rzayev və Müşfiq Hüseynov "Mis Kerman" ilə 1 illik müqavilə imzaladıq.

 

- İran futbolu ilə bizim futbol arasında fərq çox idi?
- Bəs necə? Orada daha çox fiziki gücə hesablanan futbol oynayırdılar. Tribunalar da həmişə dolu olurdu.

 

- Bəs, maliyyə necə?
- Buradakından qat-qat yaxşı idi. Açıq deyəcəm, o vaxt Azərbaycanda futbolçunun maaşı 100 dollar idisə, İranda 20 minlik müqavilə imzaladım. 

 

- 4 azərbaycanlı qürbətdə bir yerdə ola, başlarına maraqlı hadisə gəlməyə. Bəlkə, birini yada salasan.
- (Fikirləşir) Vallah, yadıma düşmür. Ora daha çox darıxdırıcı olması ilə yadda qalıb. "Mis Kerman" Kerman şəhərini təmsil edirdi. Avtomobillə getsən 2 saatdan sonra Əfqanıstanla sərhədə çatırsan. Tehrandan da 1110 km aralı idi. Bütün oyunlara təyyarə ilə gedirdik. Uçmaqdan bezmişdik. Bu bir yana, Kermanın aeroportu dağın döşündə yerləşirdi. Çox vaxt duman olurdu. Dəfələrlə olub ki, mindiyimiz təyyarə dumanlı hava səbəbindən eniş edə bilməyib, geri  qayıtmalı olmuşuq. Bir dəfə də dumanlı havada bir təyyarə dağa çırpılmışdı. Xeyli ölən olmuşdu. Ondan sonra mən, Vidadi və Müşfiq Azərbaycana qayıtdıq. Nadir isə 1 il də orada qaldı. Əslində, məni də buraxmaq istəmirdilər. Bəlkə də şəhər yorucu, darıxdırıcı olmasıydı, qalardım. Amma kaş ki, qalaydım. Bura gələndən sonra Aslan Aslanov "Şəmkir"ə dəvət elədi. 2003-cü il idi. İrandakından qat-qat aşağı pul verirdilər. Amma ailəmdən aralı düşmək istəmirdim. O üzdən çox qazancdan imtina edib "Şəmkir"ə keçdim. Yaxşı kollektivimiz var idi. Həmin il azacıq bəxtimiz gətirmədi. Çempionatda "Neftçi"dən sonra 2-ci olduq. Elə kubokun finalında da "Neftçi"yə uduzduq.

 

- Kənan, Azərbaycanda 10-a yaxın komandada oynayıbsan. Hansını özünə daha doğma hesab edirsən?
- Hamısı doğma olub. "Qarabağ"la çempion olmuşam, kuboku götürmüşəm. "Kəpəz"də, "Şəmkir"də, "Turan"da uğurlu mövsüm keçirmişəm. Statistikaya fikir versəniz, bu komandaların heyətində daha çox fərqlənmişəm. 

 

- Bəs, "Karvan"?
- Oradakı çıxışımı uğurlu hesab edə bilmərəm. Çünki, "Karvan"a gəlməmişdən əvvəl ağır əməliyyatdan çıxmışdım, qasıq nayihəmdə cərrahiyyə əməliyyatı aparılmışdı. Yevlaxda cəmi 1 il oynadım. Amma bayaq dediyim kimi Gəncə, Tovuz və Şəmkirdəki günlərimi daha uğurlu hesab edirəm.

 

- Karyeran ərzində xeyli legionerlə komanda yoldaşı olubsan. Onlardan ən çox yaddaqalanı hansı idi?
- Asen Nikolov. Onunla "Turan"da bir yerdə oynamışıq. Çox istedadlı futbolçu idi. Asenin ötürməsindən sonra çox qol vurmuşam. Bir-birimizi əla başa düşürdük. Bu gün futbolçumuzda istedadlı legionerlər çox azdı. Ümumiyyətlə, indiyə kimi Azərbaycanda çox legioner oynayıb. Səviyyəlilərini barmaqla saymaq olar. Qalanları "otxod" futbolçular idi. Onlardan bizdə nə qədər istəsən tapmaq olar.

 

- Yerlilərdən kimi seçərdin?
- Bəxtiyar Musayevlə bir-birimizi gözəl başa düşürdük. Ad çəkmək bir qədər düzgün çıxmır. 

 

-  Bəs, Mahmud Qurbanov?
- Onunda bir komandada oynamamışam. Ancaq yığmada komanda yoldaşı olmuşuq. Mahmudun istedadına söz ola bilməz.
 
Yığmadan söz düşmüşkən, Kənan Kərimov 14 dəfə millinin formasını geyinib, onlardan 5-də start heyətində meydana çıxıb. Ümumiyyətlə, 14 oyunda 535 dəqiqə oynayıb, 2 dəfə sarı vərəqə ilə cəzalandırılıb və 1 qol vurub. O da Dubayda BƏƏ ilə yoldaşlıq oyununda. İlk dəfə 2002-ci il martın 27-də Albaniya ilə yoldaşlıq oyununda (0:1) yığmanın heyətində yer alan Kənan yığmadakı sonuncu oyununu 2007-ci il martın 24-də səfərdə Polşa millisinə qarşı keçirib. Yeri gəlmişkən, həmin görüşdə yığmamız 0:5 hesabı ilə məğlub olmuşdu. 
 
Belə... Bir vaxtlar Azərbaycan futbolunda Kənan Kərimov adlı bir futbolçu var idi...
 

İlqar TAĞIYEV
 

"Het-trik news” qəzeti

Xəbər xətti