Premyer Liqanın tapıntıları – Elvin Camalov

"Klubunun qarşısına müqavilə şərtləri ilə çıxmayacaq qədər tərbiyyəli uşaqdı"

 

Azərbaycan çempionatında 2104/2015 mövsümü sona yaxınlaşdıqca artıq müəyyən nəticələr çıxarmaq olar. Sona yaxınlaşmaqda olan mövsüm bizim üçün yeni simalar açdı. Sportal.az saytında yeni layihə başlayır – “Premyer Liqanın tapıntıları”. Bu layihə çərçivəsində bu mövsüm çempionatımızda oyunu ilə diqqət çəkən gənclər barədə yazılar təqdim edib, onları sizə daha yaxından tanıtdırmağa çalışacağıq.

 

Azərbaycanda ən peşəkar klub strukturu yaradan “Qəbələ” olsa da, son illər ən çox tənqid olunan klub elə “Qəbələ”nin özü idi. Bu da səbəbsiz deyildi. Əsas komandanın göstərdiyi uğursuz nəticələrlə yanaşı, hər cür şəraiti olan akademiyadan da gənclər üzə çıxmırdı. Düzdür, bu illər ərzində “Qəbələ”nin heyətində ara-sıra istedadlı gənclər görünürdü. Ancaq onlardan heç biri ölkə miqyasında adından söz etdirə bilməmişdi. Nəhayət, bu mövsüm “Qəbələ” öz yetirməsi ilə hamının diqqətini cəlb etdi. Gənc Elvin Camalov belə desək, “Qəbələ” Futbol Akademiyasının vizit kartı oldu.

 

1995-ci il təvəllüdlü Elvin Camalov Qax rayonunda anadan olub. 2009-cu ildə “Qəbələ”dəki seçimlərə qatılıb və akademiyaya qəbul olunub. Akademiyadakı şərait, futbol təlimlərindən məmnun olsa da, ilk vaxtlar Qəbələyə öyrəşə bilmir və hətta getmək istədiyini deyir. Belə hallarla tez-tez rastlaşan akademiya rəhbərliyi onu sıralarında saxlamağa nail olur. “Qəbələ” Futbol Akademiyasının direktor müavini Nail Kərimov o vaxtları belə xatırlayır:

 

“Qəbələ”yə gəldiyi ilk günlərdən hamımızın ürəyinə yatırdı. Davranışlarından da hiss olunurdu ki, Elvin gözəl ailə tərbiyyəsi görmüş uşaqdı. İlk vaxtlar deyirdi ki, qala bilmirəm, darıxıram. Ancaq onu saxladıq və zamanla buralara alışdı. Hələ 15 yaşı olanda, artıq U-17 komandamızın heyətində seçilənlərdən idi. Elə çempion heyətdə də var idi. Hətta, yaşca özündən böyüklərlə millinin heyətində Avropa çempionatının seçmə mərhələsində də çıxış etmişdi. Təbriz Həsənov millidə onu sağ cinah müdafiəçisi mövqeyində oynadırdı. Elvin həmin mövqedə də yaxşı təsir bağışlayırdı”.

 

Elvin Camalov geniş publikaya Avroliqanın ilk təsnifat mərhələsindəki “Şiroki Briyeq” oyununda tanındı. Qəbələdəki oyun komandası üçün uğurlu olmasa da, yarımmüdafiənin mərkəzində çıxış eləyən Camalov texnikası, sərbəst oyunuyla dərhal diqqətləri üzərinə cəlb elədi.

 

Onun əsas komandaya gəlişini xatırlayan Nail Kərimov bu hadisənin Yuri Syominin dönəminə təsadüf elədiyini deyir:

 

“Syomin “Qəbələ”yə yeni gələndə, əsas komanda ilə əvəzedicilər arasında oyun keçirtmişdi. Bu oyundan sonra əvəzedicilərin arasında seçilən uşaqları Türkiyədəki toplanışımıza aparmışdı. Elvin isə həmin vaxt millinin toplanışında olduğu üçün Syomin onu görməmişdi. Qayıdanda ona dedik ki, səni Avstriyadakı toplanışa göndərəcəyik. Deyəsən, inanmamışdı. Elə bilirdi ki, Syomin onu istəmir. Zamanı çatdı və Elvin Avstriyaya yollandı. Syomin onu görən kimi, sözün yaxşı mənasında təəccübləndi.

 

Onun yetişməsində Halim Fıçıcı, Famil müəllimin də zəhməti çox böyükdür. Şəxsən mən elə düşünürəm ki, Elvin potensialını tam açmayıb. Onun texnikası daha yüksəkdir, həm də yaxşı zərbələri var. Məncə, bir az çəkinir. Çox yaxşı futbolçudu. Amma heç bir halda arxayınlaşmalı deyil. Çünki arxadan xeyli istedadlı uşaqlar gəlir və həmin mövqedə onunla rəqabətə girəcək uşaqlar yetişir”.

 

Onun mənəvi keyfiyyətlərindən ağız dolusu danışan Nail Kərimov Elvini belə xarakterizə etdi: “Klubunun qarşısına müqavilə şərtləri ilə çıxmayacaq qədər tərbiyyəli uşaqdı”.

 

Roman Qriqorçukun gəlişindən sonra “Qəbələ” oyun planında xeyli artırıb və sistemli futbol oynamağa başlayıb. Bu sistemin dəyişməz simalarından biri də Elvin Camalovdur. Bu futbolçunu heyətdə görmək klub rəhbərliyi üçün də qürurvericidir. Axı, Elvin onların öz əməyinin məhsuludur.

 

“Premyer Liqanın tapıntıları” layihəsinin ilk qəhrəmanı Elvin Camalov haqqında bu qədər. Mövsümün sonuna qədər çempionatımızda seçilən digər gənclər barədə yazılar olacaq. Bizi izləyin!

   

Tarix: 25 Aprel [14:25]
Oxunub: 2259 dəfə
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
27 Mart 2017
26  Mart 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio