Prosineçki: "3 futbolçunu heyətə cəlb edə bilmədik" MÜSAHİBƏ

"Güclü və ciddi rəqib bizi gözləyir"
 
Antalyada təlim-məşq toplanışında olan Azərbaycan yığması bu gün yoldaşlıq görüşü çərçivəsində Qazaxıstan millisi ilə üz-üzə gələcək.
 
Sportal.az xəbər verir ki, millimizin baş məşqçisi Robert Prosineçki oyunöncəsi jurnalistərin suallarını cavablandırıb.
 
- Qazaxıstan yığması ilə sabahkı görüşdə sizin üçün nəticə, yoxsa oyun sisteminin təkmilləşməsi vacibdi?
- Hər oyun bizim üçün vacibdi. Təbii ki, istər yoldaşlıq görüşü olsun, istərsə də rəsmi matç, biz hər bir oyunda meydana uğurlu nəticə üçün çıxırıq. Artıq 6 gündü təlim-məşq toplanışı keçirik. Komandamın hazırlıq səviyyəsindən razıyam. Oyunumuzu getdikcə təkmilləşdiririk. Son görüşümüzü yaxşı keçirmişdik. Bunu Qazaxıstanla matçda da davam etdirmək istəyirik.
 
- Rəqib barədə hansı məlumatlar toplamısınız?
- Rəqibin son iki oyununu izləmişəm. Xüsusən də, Latviya ilə görüşü qeyd edərdim. Latviya ilə son qarşılaşmada Qazaxıstan yığması güclü təsir bağışlamışdı. Güclü və ciddi rəqib bizi gözləyir. Bir sözlə, maraqlı mübarizə olacaq.
 
- Son yarım ildə millidə müəyyən dəyişikliklər oldu. Xüsusən də, gəncləşdirmə siyasəti aparıldı. Komandanın hazırkı heyətinin durumu ürəyinizcədimi?
- Artıq bir il 3 aydı ki, bu komandanı çalışdırıram. Bu müddətdə xeyli müsbət iş görmüşük. Heyətə gənc futbolçular cəlb etmişik. Təcrübəli oyunçular da komandaya kömək edirlər. 3 futbolçunu heyətə cəlb edə bilmədik. Xüsusən də, Rahid Əmirquliyev və Eddi israfilovu qeyd etmək istərdim. İkincinin klubu “Kordoba”da çox vacib çempionat oyunu olacaq. Bu üzdən baş məşqçiləri Eddini çağırmamağımı xahiş etdi. Rahidlə Eddi AVRO-2016-nın seçmə mərhələsindəki oyunlara müntəzəm dəvət alan futbolçular idi. Fikrimcə, gənc və təcrübəli oyunçuların vəhdətindən yaxşı kollektiv formalaşdıra bilmişik.
 
- DÇ-2018-dəki şanslarınızı necə dəyərləndirirsiniz?
- Seçmə mərhələdə çox çətin qrupa düşmüşük. Almaniya, Çexiya, İrlandiya, Norveç və San Marino ilə mübarizə aparacağıq. Bu qrupdakı komandalardan 3-ü Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb. Çox güclü qrupdu. Əlimizdən gələni edəcəyik. (apasport.az)

 

Tarix: 26 Mart [00:08]
Oxunub: 940 dəfə
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Fevral 2017
23  Fevral 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio