Paytaxt klubundan mövsümün ilki

12:47 - 4 Aprel 2016

28 matçdan sonra...

 

AZAL mövsümdə ilk böyükhesablı qələbəsini qazanıb.

 

Sportal.az xəbər verir ki, Premyer Liqanın XXVIII turunda “Kəpəz”i 3:0 hesabı ilə məğlub edən paytaxt klubu həm də cari mövsümdə ilk dəfə eyni qarşılaşmada 2-dən artıq qol vurub. Əvvəlki 27 görüşdə maksimum 2 top vuran və bu üzdən də böyük hesabla qalib gəlməyən Tərlan Əhmədovun yetirmələri sonuncu uğurunu ötən çempionatda əldə etmişdi.

 

2014/15 mövsümünün sonuncudan əvvəlki qarşılaşmasında “Simurq”u qəbul edən AZAL 5:0 hesabına sevinmişdi. 2015-ci il mayın 22-dəki görüşdən 317 gün sonra bakılılar 2-dən çox qol vurub və ən azı 3 top fərqli qələbə əldə edib. Ötən çempionatın son matçını da saysaq, AZAL bunu 28 matçdan sonra gerçəkləşdirib.

 

“Kəpəz” isə mövsümdə ikinci dəfə 0:3 hesabı ilə uduzur. Gəncəlilər 134 gün əvvəl “Qarabağ”la matçda da paytaxtdan böyükhesablı məğlubiyyətlə dönmüşdü.

 

Bu, AZAL-ın Premyer Liqadakı çıxışları tarixində yubiley – 20-ci böyükhesablı qələbədir. Bakılılar bu göstəricidə 12-cidir. Ən çox belə uduzanlar sırasında 6-cı olan “Kəpəz” isə 33-cü dəfə 3 və daha çox top fərqilə yenilib.

Xəbər xətti