Rauf Əliyev milli komandanın "qapısını döyür" və ya Robert Prosineçki üçün kiçik QEYD

20:25 - 30 Sentyabr 2016

Yaxın günlərdə milli komandanın Norveç və Çexiya yığmaları ilə oyunlar üçün heyəti açıqlanacaq. Ən maraq doğuran məqam Rauf Əliyevlə bağlıdır. Uzun müddətdir ki, millidən uzaq qalan hücumçu Robert Prosineçkidən dəvət alacaqmı? Əslində, sualı başqa cürə də qoya bilərik. Rauf Əliyev milliyə dəvət almalıdırmı?

 

Premyer Liqanın 5-ci turunda “Neftçi”nin qapısına 2 ol vuran, növbəti tur AZAL-ın da qapısına yol tapan Rauf Əliyev bu gün “Zirə” ilə oyunda 84 dəqiqə meydanda oldu. Yox, qol vurmadı. Amma Rauf bu gün “İnter”in heyətində ən yaxşı idi. Əksər mübarizələrdən qalib ayrılan forvard ikinci mərtəbədə də inamlı oynayırdı. Rauf Əliyevin inamlı oyunu Ağabala Ramazanovun da əl-qolunu açmışdı. Müdafiəçilərin diqqətini üzərinə çəkən, müdafiəçilər üçün başağrıya çevrilən Rauf bununla həm də Ağabalanın daha rahat oynaması üçün imkan yaradırdı. Bir sözlə, Rauf Əliyev çox yaxşı formadadır.

 

Son illər hücumçu sarıdan əziyyət çəkən millimizdə Foqtsun dönəmində bu boşluğu Rauf Əiyev doldurmağa çalışırdı. Ən maraqlısı odur ki, klubda necə oyun sərgiləməsindən asılı olmayaraq, Rauf millidə həmişə döyüşkənliyi ilə seçilib. Robert Prosineçki onu yaxşı tanımaya bilər. Amma yerli köməkçiləri Rauf Əliyevlə bağlı xorvat mütəxəssisə dolğun məlumat çatdırmalıdır. Rauf Əliyev millinin “qapısını döyür”. Prosineçki gözlükdən obyektiv baxışla baxsa, bu qapı onun da üzünə açılmalıdır. 

 

Sportal.az

Xəbər xətti