Zaur Svanadze: "Onun səhv qərar qəbul edib-etmədiyini zaman göstərəcək" MÜSAHİBƏ

18:35 - 6 Yanvar 2017

Bakının “İnter” klubunun baş məşqçisi Zaur Svanadzenin müsahibəsi:
 
- Komanda artıq hazırlığa başlayıb. Futbolçular istirahətdən necə qayıdıblar?
- Yanvarın 5-dən etibarən məşqlərimizi bərpa etmişik. Hələlik hazırlıq normal gedir. Adrian Skarlatake və Pərdis Fərcad-Azad komandaya sabah qoşulacaq. Yanvarın 10-dək Bakıdayıq. Sonra Antalyaya gedəcəyik, orada isə 3 yoxlama oyunu keçirməyi planlaşdırırıq. Futbolçuların artıq çəki ilə qayıtmağını nəzərdə tutursunuzsa, hansısa neqativ durum yoxdu.
 
- Qış fasiləsinə qədər hücumda daha çox güvəndiyiniz Ağabala Ramazanovun gedişi planlarınızı nə dərəcədə pozdu?
- Onun gedişi komandanın oyununa təsir göstərməyəcək. Getmək istədi. Fasilədə əlimizdə olan futbolçuların gücündən istifadə edib, onu əvəzləməyə çalışacağıq. Bizdə bunu bacaracaq oyunçular var.
 
- Ramazanovun  indiki məqamda “İnter”i tərk etməsi və “Qarabağ”a keçidinin istər media, istərsə də sosial şəbəkələrdə yanlış addım olduğunu deyirlər. Sizcə, Ramazanov qərar verərkən bir qədər tələsmədi?
- Fikrimcə, Ağabala mövsümün sonuna qədər gözləyə bilərdi. Hazırda yaxşı formada idi. Onun tələsdiyini və səhv qərar qəbul edib-etmədiyini zaman göstərəcək. Artıq bizim futbolçu deyil. Bu haqda geniş danışmağa ehtiyac duymuram.
 
- Ruslan Abışovla Səlahət Ağayevin də başqa komandaya keçəcəyi gündəmdə idi. Onları “İnter”də qalmağa necə razı saldınız?
- Hər ikisi ilə söhbətimiz oldu. Həm Ruslan, həm də Səlahət komandada qalmaq istədiklərini bildirdilər. Təbii ki, bu qərara görə şad olmaya bilmərik.
 
- Transfer qadağası ilə üz-üzə qalan “İnter” avrokuboklara vəsiqə qazanarsa, boşluqları doldurmaq üçün indidən çıxış yolu tapmısınız?
- Əvvəla bu haqda danışmaq tezdi. Digər tərəfdən, avrokuboklara vəsiqə qazansaq, yenə də ixtiyarımızda olan futbolçuların xidmətindən yararlanmağa çalışacağıq. Axı, bizim başqa variantımız, seçim imkanımız yoxdu.
 
- Əvəzedici komandadan necə, əsas heyətə axın varmı?
- Hələlik onlar üçün tezdi. Əvəzedici komandaya fikir veririk, diqqətimizi cəlb edən, əsas komandada oynamağa hazır olan futbolçunu seçirik. Budəfəki toplanışa bir nəfəri dəvət etmişik.   
 
- Çempionatın ilk iki dövrəsinin təhlilini aparmısınız. Hansı problemləri aradan qaldırmaq haqda baş sındırırsınız?
- Açığı, oyun planında elə bir problemimiz yoxdu. Komanda istədiyimiz kimi oynayır. Təbii ki, problemlər yaranarsa, onu həll etməyə çalışacağıq. İndi, baş sındıracaq dərəcədə bizi narahat edən məqam yoxdu. (Apasport.az)

Xəbər xətti