Zaur Svanadze Türkiyə toplanışı haqqında danışdı

00:29 - 22 Yanvar 2017

Bakının "İnter" klubu bu gün Antalyada sonuncu yoxlama oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, "bankirlər" Rusiya Premyer Liqasında mübarizə aparan "Orenburq" klubu ilə heç-heçə edib - 1:1. 

 

"İnter"in baş məşqçisi Zaur Svanadze klubun rəsmi saytına açıqlamasında matç haqda fikirlərini bildirib: “Bu gün Türkiyə toplanışı çərçivəsində son yoxlama matçını Rusiya Premyer Liqasının təmsilçisinə qarşı keçirdik. İki fərqli hissə oynadıq. İlk hissədə az sürətli oynadıq, ancaq qol vurmaq üçün yaxşı vəziyyətlərimiz oldu. Təəssüf ki, həmin anlarda sürətli hərəkət etmədik. İkinci hissədə, ötən oyunlarda olduğu kimi, sürəti artırdıq və oyunumuz alınmağa başladı. Yaxşı qol vəziyyətlərimiz oldu, doğrudur, həmin vəziyyətlərdən yararlana bilmədik. Rəqib komanda, demək olar, qapımıza iki dəfə zərbə endirdi, onlardan da biri qol oldu. Həmin qol da cərimə zərbəsindən vuruldu. Buna baxmayaraq, komanda özündə güc taparaq, hesab arasında fərqi aradan götürməyə müvəffəq oldu. Çox yaxşı kombinasiya qurdular və Pərdis Fərcad-Azad hesabı bərabərləşdirdi. Ümumilikdə, komandanın oyunundan razı qaldım". 

 

Gürcüstanlı çalışdırıcı Antalya toplanışının komanda üçün faydalı olduğunu deyib: "Türkiyə toplanışını ümumiləşdirərək demək olar ki, komandanın hazırlığından razı qaldıq. Çox yaxşı komandalarla qarşılaşdıq. Yoxlama matçlarının hamısında qalib də gələ bilərdik. Oyunlarda müdafiədə çox yaxşı oynadıq. Hücumlar təşkil edərək, rəqiblərin qapısı önündə təhlükəli vəziyyətlər də yaratmağa müvəffəq olduq. Ümumilikdə, toplanış komanda üçün faydalı oldu. Komandanın çempionatın ikinci yarısına nə qədər hazır olduğunu isə zaman göstərəcək. Bizi sevindirən məqamlardan biri də budur ki, toplanış zamanı heç bir futbolçu zədə almadı".

 

Xəbər xətti