Bir millinin sirri – Foqtsdan Prosineçkiyə qədər QEYD

15:53 - 24 Yanvar 2017

Çox möcüzəli yerdi bizim milli komanda əcnəbi mütəxəssislər üçün. Bizim məmləkətə ayaq basandan sonra hamısının bəxti açılmağa başlayır. Məşqçi kimi tükənmiş Berti Foqtsu gedib hansısa quyunun dibindən tapıb gətirmişdi AFFA rəhbərliyi. Qoca konkret yola verirdi futbolumuzu. Amma gəl ki, bir baxırdın “Vest Hem”in maraq dairəsindədi Foqts, bir baxırdın ABŞ millisinə məsləhətçi gedib...

 

Adama elə gəlirdi ki, Berti Foqts buradan birbaşa Almaniya millisinə baş məşqçi gedəcək. Məni qınamayın, haçan baxırdım, qoca həmişə əcnəbi klubların, millilərin maraq dairəsində idi. Sonra nə oldu, nə baş verdi, bunu bilmirəm. Elə bil kimsə lənətlədi ölkəmizdə dahi, “mujik” adlandırılan bu məşqçini. Yazıq Foqts Azərbaycanı tərk eləyəndən bəri iş üzünə həsrət qalıb.

 

İşgüzarlığı ilə seçilən Robert Prosineçkini “dahi” Foqtsla müqayisə eləməyin tərəfdarı deyiləm. Amma Prosineçki ətrafında gedən PR kampaniya mənə Foqtslu günləri xatırlatmağa başlayıb. Türkiyənin Super Liqa klubu “Bursaspor” israrla xorvat mütəxəssisi baş məşqçi postuna gətirmək istəyir. Prinsipcə mümkündür. Çünki Prosineçki Türkiyədə çalışıb və bu ölkənin futboluna bələddi.  Amma bu hadisə ətrafında qurulan şou adamı lap bezdirməyə başlayır. Klub rəsmiləri deyirlər “gəlir”, özü deyir “qalıram”, agenti deyir “Prosineçki “Bursaspor” variantına isti baxır, amma heç kimi qırmaq istəmir”.

 

Bəsdirin, qurtarın bu komediyanı. Gedir getsin, qalır qalsın!  Hərdən adama elə gəlir ki, ölüm ayağında olan məşçqini də gətirsə AFFA, mütləq ona başqa yerlərdən təkliflər gələcək. AFFA rəhbərliyi də bütün imkanlardan istifadə eləyib, böyük əziyyət hesabına onu saxlayacaq yığmada. Belə möcüzəli yerdi bizim milli komanda...

 

SPORTAL.AZ

Xəbər xətti