Bizim xanım şərhçi Laura Vontorra barədə danışdı: "Matçı şərh edəndə soyunmayacaq"

15:03 - 22 Mart 2017

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində baş tutacaq Azərbaycan - Almaniya oyununu rəqib ölkədə xanım aparıcı Laura Vontorra şərh edəcək. O, RTL telekanalı vasitəsilə yayımlanacaq oyunu Almaniya millisinin sabiq qapıçısı Yens Lemanla birgə təqdim edəcək.

 

Maraqlıdır ki, ölkəmizdə həmin xanım şərhçi ilə bağlı müzakirələr gündəmi zəbt eləyib. Bir xanımın matçı şərh eləməsi bu qədər ajiotaja səbəb olmalıdırmı? Bu sualla “CBC Sport”da çalışan, ilk və yeganə xanım şərhçimiz Səmra Əliyevaya müraciət elədik. Sportal.az saytına açıqlama verən Səmra xanım bunları dedi:

 

“Bildiyim qədərilə həmin xanım idman jurnalistidir. Səhv etmirəmsə, ilk şərhi olacaq. Əvvəlcə ona uşaqlıq arzusunu gerçəkləşdirib Y. Lemanla oyunu şərh edəcəyi üçün uğurlar arzulamaq lazımdır.


Xanımın futbol matçını şərh etməsi hər zaman maraqla qarşılanıb. Çünki kişilərin üstünlük təşkil etdiyi, futbol qaydalarını daha çox kişi cinsinin nümayəndələrinin bildiyi bu sahədə xanımın olması, xüsusilə futbolu şərh etməsi qeyri -adi gəlir. Özüm də şərh edəndə bunu hiss etmişəm. Onda daha çox səhv axtarmağa çalışacaqlar, daha çox qınağa səbəb olacaq. Bu da reallıqdır.


Onun müzakirə obyektinə çevrilməsinə qalanda isə bu sırf xəbər portallarında yayılan şəkillərlə bağlıdır. Xanım jurnalistin son zamanlar "cəsarətli" adlandırılan fotolarını yayaraq "Oyunu bu xanım şərh edəcək" yazıldı və nəticədə də belə müzakirələr başladı. Amma "özünə əl qatanlar" bilsinlər ki, xanım oyunu bizim yerli tv yox, Almaniyanın televiziya kanalı üçün şərh edəcək. Bir də matçı şərh edəndə soyunmayacaq”.

 

Xəbər xətti