Yoahim Löv: "Tam fərqli Azərbaycan millisi gördüm" MÜSAHİBƏ

22:28 - 26 Mart 2017

DÇ-2018-in seçmə mərhələsinin 5-ci turunda milli komandamız Tofiq Bəhramov adına Respublika Stadionunda Almaniyaya 1 - 4 hesabı ilə məğlub olub.

 

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında bundestimin baş məşqçisi Yoahim Löv jurnalistlərin suallarını cavablandırıb:

 

- Oyundan tam razı qalmadım. Komandamdan daha yaxşı oyun gözləyirdim. Bilirəm ki, komandam bundan da yaxşı oynaya bilər. Konfederasiyalar kubokuna kimi çatışmazlıqları aradan qaldırmağa çalışacağıq.

 

- Şürledən belə oyun gözləyirdiz?

- Düzü, onun belə oynayacağını gözləmirdim. Ondan tam razı qaldım. 2 qol vurdu. Məşqlərdə və İngiltərə ilə oyunda özünü yaxşı göstərmişdi. Baxmayaraq ki, “Borussiya”da ehtiyatda qalır, amma öz oyunu ilə bunu hiss etdirmədi. Şürle bizim üçün vacib oyunçudu.

 

- 2017-ci ildə iki oyun keçirdiniz. Komandanın durumu nə yerdədi?

- İngiltərə və Azərbaycanla oyunları müqayisə etmək düzgün olmaz. 4 aydan sonra ingilislərə qarşı oynadıq. Azərbaycanla oyuna gəlincə komandamdan tam razı qalmadım. İstəyirdim ki, birinci qoldan sonra növbəti qolları vuraq. Amma buna nail ola bilmədik. Səhvlərimiz var. Bunlardan nəticə çıxarmalıyıq. Əlavə etmək istəyirəm ki, tam fərqli Azərbaycan millisi gördüm. Komanda daha inamlıdı. Azərbaycan futbolu inkişafdadı. Maşallah! Müdafiədə oturmur. Hücum futbolçu oynayır. Azərbaycanın Çexiya və Norveçlə oyunlarını analiz etmişdik. Onlardan belə oyun gözləyirdim. Yeni baş məşqçi gələndən sonra komandada irəliləyiş hiss olunur. Belə kiçik ölkələrə qarşı oynamaq çətindi. Buna görə də komandanın lider futbolçularına təşəkkür edirəm.

 

- Avro-2012-nin seçmə mərhələsində də hər iki oyunda Azərbaycan Almaniyaya qol vurmuşdu. Bu dəfə də Almaniyanın 7 oyunluq “quru” seriyasına son qoydu. Buna hazır idiz?

- Sözsüz ki, mən bir baş məşqçi kimi komandamın 8-ci oyunda da qol buraxmamasını istəyirdim. Amma bunu bacarmadıq. Azərbaycan bərabərlik qoluna kimi də, qoldan sonra da yaxşı oynayırdı. Azərbaycan millisi inkişaf edib. Topla yaxşı oynayırlar.

 

- Renat Dadaşov bu vaxtadək Almaniya millilərində oynayıb. Ümumiyyətlə bu futbolçunun varlığından xəbəriniz var idi?

- Bəli, bu futbolçunu tanıyırdım. Azərbaycan millisində oynamaq istəməsi onun şəxsi seçimidi. Hələ gəncdi. Gələcəyi qabaqdadı. Azərbaycanlılar Renatın oyunundan həzz alacaq.

 

- “Bild” nəşri də yazmışdı ki, Renat Azərbaycan millisini pula görə seçib. Buna münasibətiniz necədi?

- Bu barədə oxumuşam. Amma mən dəqiq nəsə deyə bilmərəm.

Xəbər xətti