Nurlan Novruzov: "Yeni müqavilə haqda son qərarı klub rəhbərliyi və məşqçilər heyəti verəcək" MÜSAHİBƏ

11:33 - 30 Aprel 2017

"Zirə"nin futbolçusu Nurlan Novruzovun Sportal.az-a müsahibəsi:

 

- Artıq bu mövsüm başa çatdı. Arxada qalan mövsümü necə dəyərləndirərdin?
- Komanda olaraq, mövsümə uğurlu start verə bilmədik. Ancaq sonradan toparlandıq. Bu ili həm komandamız, həm də özüm üçün uğurlu saya bilərəm.

 

- Qış fasiləsinə qədər komanda yaxşı nəticələrlə yadda qalmırdı. Deyə bilərik mi, baş məşqçi dəyişikliyi qış fasiləsindən sonrakı uğurlu çıxışın səbəbidir?
- Belə deməzdim, mövsümün əvvəlində də oyun baxımından komanda yaxşı təsir bağışlayırdı. Adil Şükürovun bu komandada böyük əziyyəti var, ancaq bir neçə oyunlarda yaxşı nəticə qazanmaq üçün bəxtimiz gətirmirdi. Ayxan müəllimin komandaya gəlişindən sonra isə yaxşı oyunla bərabər, uğurlu nəticələr də əldə etdik.

 

- “Zirə” bu mövsüm avrokuboklara vəsiqə qazandı. Klub rəhbərliyi tərəfindən qarşınıza qoyulan məqsədə çatdınız?
- Bəli, qarşımıza qoyulan minimum hədəfə çatdıq. Amma mükafatçılar sırasına düşsəydik, daha yaxşı olardı. Avrokuboklara vəsiqəni komanda üçün uğur saymaq olar.

 

- Mövsümün ilk 20 turunda start heyətdə meydana çıxsan da, sonrakı turlarda ilk “11-lik”də yer almadın. Baş məşqçiylə aranızda nəsə baş vermişdi?
- Deyərdim, ehtiyatda qalmağımın əsas səbəbi şanssızlıq oldu. Baş məşqçiylə aramda hər hansısa bir problemdən söhbət gedə bilməz. Məni bu komandaya Ayxan müəllim dəvət edib, meydandan kənarda da Ayxan müəllim hər zaman böyük qardaş kimi dəstək olur, öz məsləhətlərini verir.

 

- Müqavilən artıq başa çatır və mətbuatda adın bir neçə komandayla hallanır...
- Düzdür, müqaviləm yayda başa çatır. Amma mənim üçün önəmli olan klub rəhbərliyi və məşqçilər heyətinin qərarıdır. Çünki “Zirə” çətin günümdə arxamda durub. Yeni müqavilə haqda son qərarı klub rəhbərliyi və məşqçilər heyəti verəcək. Adımın başqa komandalarla hallanması normaldır, ancaq heç bir klubla danışıq aparmamışam.

 

- Klub rəhbərliyi ilə yeni müqavilə haqqında danışığınız olub?
- Xeyr, hələ ki, heç bir futbolçuyla bu haqda danışıq olmayıb. Bütün fikrimiz AZAL-la oyuna köklənmişdi.

 

- AZAL-la oyunda ilk “18-lik”də adın yox idi...
- Dizimdə ağrılar olduğu üçün komandayla məşqlərdə iştirak etməmişdim. Buna görə də, bu oyunu buraxmalı oldum.

Xəbər xətti