Ucuz alıb, baha satan dünyadı

12:37 - 1 İyun 2017

AFFA yanında Media Komitəsinin elan elədiyi layihə müsabiqəsində “istənilən aktual mövzuda fərdi jurnalist araşdırması” kateqoriyası üzrə “Aparıcı futbol ölkələrinin inkişaf strategiyası, klubların fəaliyyət mexanizmi və onlardan bəhrələnməyin üsulları” mövzusunda araşdırmaları davam elətdiririk.

 

V YAZI

 

Klubların gəlir gətirməsi şərtdir. Gəlir olmayanda, bunun nəylə nəticələnəcəyini bilmək üçün çox da uzağa getmək lazım deyil. Azərbaycan klublarının durumu göz qabağındadır. Bütün klublarımız sponsorların, dolayısı ilə imkanlı şəxslərin əlinə baxır. Klubların da mövcudluğu həmin o şəxslərin əli pulla oynayan müddət qədər uzundu. Hafiz Məmmədov, Mübariz Mənsimov, Cahangir Hacıyev kimi oliqarxların işləri düyünə düşən kimi, onların sahib olduqları klublarda da vəziyyət pisləşdi.

 

Müasir futbolda klubların gəlir imkanları ölkələrə, cəmiyyətlərə görə dəyişir. Bu baxımdan ən rahat şərtlər altında çıxış eləyən klublar İngiltərədədir. Yalnız teleyayımdan elə gəlir əldə edilir ki, ortabab klublar büdcənin ən pis halda 50 faizini bu vəsait hesabına doldura bilirlər. Digər tərəfdən İngiltərə çempionatı azarkeş izləyicisi sayında da, öncüllərdəndir. Yəni oyun günləri əldə edilən gəlirlər də büdcənin sanballı bir hissəsini təşkil eləyir. Bu sıraya sponsorlardan gələn vəsaiti əlavə eləyəndə, vəziyyət olur lap əla!

 

Misal üçün, Ukraynada klubların yaşaması üçün belə münbit şərait yoxdur. Ona görə də, alternativ yollar axtarmaq gərəkirdi. Bir dönəmə qədər oralarda da vəziyyət bir növ bizimkinə çox bənzəyirdi. Rinat Axmedovun “Şaxtyor”unun büdcəsi çox böyük olsa da, mahiyyət etibarı ilə bizim klublara bənzəriydi. Klub gəlir gətirmirdi, hər il milyonlar havaya sovrulurdu. Lakin sonradan Axmedov anlayır ki, buna “dur” deməyin zamanı gəlib çatıb. Və “Şaxtyor” 2004/05 mövsümünə yeni strategiya ilə başlayır. Qarşıya gənc oyunçuları üzə çıxarıb satmaq vəzifəsi qoyulur. Bu məsələdə təcrübəli rumın mütəxəssis Mirça Luçeskunun da böyük əməyi olur. 

 

 

Əsas hədəf kimi Braziliya götürülür. Braziliyanın bəzi regionlarında 15 yaşlı uşaqlara baxırdılar. Çünki istedadı olan bir qədər böyük uşaqlar Braziliyanın əsas klubları tərəfindən transfer olunurdu. “Şaxtyor”da seleksiya işi əla təşkil edilmişdi. Braziliyalı uşaqları kütləvi şəkildə gətirmirdilər, aralarından ən yaxşılarını cəlb edirdilər kluba. Paralel olaraq “Şaxtyor” daxili bazarda “Dinamo” ilə perspektivli yerli futbolçular uğrunda mübarizə aparırdı.

 

Anatoli Timoşuk Donetskə 1998-ci ildə “Volın”dən gəlmişdi. O vaxt Timoşuka görə 125 min avro ödənilmişdi. 2007-ci ildə onu “Zenit”ə 15 milyon avro satdılar. Demək olmaz ki, Elano futbolçu kimi öz potensialından yararlana bilib. Ancaq məsələyə kommersiya tərəfindən baxsaq, onu “Mançester Siti”yə çox sərfəli şərtlərlə sata bilmişdilər. Villianı 14 milyon avroya “Korintians”dan gətirmişdilər. 20 yaşlı oyunçuya görə olduqca böyük məbləğ idi. Lakin artıq mexanizm o qədər işlək vəziyyətə gəlmişdi ki, “Şaxtyor” bunu özünə icazə verə bilərdi. Zaman göstərdi ki, onun transferi yanlış olmayıb. 5 mövsümə 40 qol və 60-dan çox məhsuldar ötürməylə yadda qalan Villian artıq bir çox Avropa klublarının maraq dairəsinə düşmüşdü. Amma ən sərfəli təklif “Anji”dən gəldi və bu izdivac 35 milyon avroya başa gəldi qarşı tərəfə.

 

 

Sistem işləyirdi. 2005-ci ildə 8 milyon avroya gətirilən Fernandinyo 8 ildən sonra “Mançester Siti”yə 40 milyon avroya keçdi. Henrix Mxitaryanı “Metallurq”dan 6 milyon avroya alıb “Borussiya”ya 27 milyona verdilər. Ən çox gəlir isə Aleks Teyşeyraya görə əldə edildi. O, 50 milyon avro qarşılığında Çinə gətdi. Siyahını çox uzatmaq olar. Ancaq bu məsələdə əsas rəqəmlər yox, iş mexanizmidir. Aparıcı Avropa ölkələrinin klubları kimi rahat gəlir əldə edə bilməyən “Şaxtyor” məhz bu yolla qoymurdu büdcəsi boş qalsın.

 

İşin həcmi və rəqəmlər arasında fərq astronomik olsa da, bir vaxtlar “Sumqayıt” məhz yerli futbolçuların satışı hesabına pul qazanmağa çalışırdı. “Anji”nin əvəzedici heyətindən Bədavi Hüseynovu gətirən “Sumqayıt” onu 150 min dollara “Qarabağ”a satmışdı. Uğur Pamuk və Orxan Əliyev “Xəzər Lənkəran”a yaxşı şərtlərlə verilmişdi. Amma sonradan “Sumqayıt” bu işin davamını gətirə bilmədi. Klubun baş menceri Ceyhun Sultanov bunu klubun strategiyasının dəyişməsi ilə əlaqələndirir:

 

“Çempionatımızda cəmi 8 komanda mübarizə aparır və “Qarabağ”la “Qəbələ”ni çıxmaq şərtilə, qalan bütün klubların hamısının imkanları aşağıdır. Bəli, əvvəllər gənc yerli oyunçuları gətirib, bir qədər oynatdıqdan sonra digər klublara satmaq üçün çalışırdıq. Amma nəzərə alın ki, əvvəllər “Xəzər Lənkəran”, “Bakı”, “İnter” kimi də imkanlı klublar var idi. Ona görə də, bu məsələyə yanaşmamızı dəyişmək qərarına gəldik. İndi daha çox klubun imici üçün işləməyi düşünürük. Ona görə də, artıq təcrübəli futbolçuları heyətə cəlb etməyə başlamışıq”.  

 

 

Əcnəbi futbolçuların da satışı ilə bağlı Premyer Liqamızda müsbət nümunələr var. Misal üçün, Reynaldo. “Qarabağ” onu bir neçə il əvvəl tapıb gətirmişdi. Onun potensialından yararlandıqdan sonra 500 min dollara Türkiyə klubuna satdı. “Zirə” isə Nelson Bonillanı Portuqaliya klubuna satdı. Ancaq bunlar tək-tük nümunələrdir. Yəni heç bir klubumuzda bir sistem kimi təkmilləşməyib... 

 

Yazı AFFA yanında Media Komitəsinin layihə müsabiqəsi çərçivəsində hazırlanıb.

Xəbər xətti