Qurban Qurbanovla 10 illik səyahət: "Həyəcansız futbola baxmağınıza heç vaxt razı olmayacam" MÜSAHİBƏ

19:33 - 14 İyun 2017

"Bu cür məşqçilər yarım əsrdən bir dünyaya gəlir”. Döyülmüş ifadədi. Ancaq nə qədər döyülsə də, aktuallığını itirmir. Əhməd Ələsgərovun adı əbədi olaraq futbol tariximizdə qızıl hərflərlə yazılıb. Ələsgərov ötən əsrin 35-ci ilində dünyaya gəlmişdi. Bundan 40 ilə yaxın sonra isə Qurban Qurbanov həyata göz açıb. Maraqlıdı, hər iki mütəxəssis məşqçilik ölçüləri ilə bu sənətə erkən qədəm qoyublar. Ələsgərov 31 yaşında, Qurbanov isə 34. Bu gün hamı ondan danışır. Ardıcıl 4 çempionluq, 3 dəfə Avropa Liqasının qrup mərhələsi. Hə, indi Qurbanova hamı xilaskar gözüylə baxır. “İştah da diş altındadı”. Artıq Qurban müəllimin komandasından daha böyük nailiyyətlər gözləyirlər. Təcrübəli mütəxəssislə söhbətimiz zamanı çox, lap çox sual səsləndi. Ancaq məşqə gecikməsəydi, rahat-rahat daha bir o qədər də sual verə bilərdik. Beləliklə, Qurban Qurbanov sport24.az-ın sual atəşi altında.

 

"Türkiyədə legioner limiti götürüldükdən sonra oyunçu almaq məsələsi bizim üçün həddən artıq çətinləşib"

 

- Yeni mövsümün startı necə olur? İşə köklənmək çətin olmur?
- Bəlkə də işimizin ən çətin nöqtəsidi. Çünki öncəki mövsümü götür-qoy edirsən, səhvləri təhlil edirsən, oyunçulardakı çatışmazlıları aradan qaldırmaq barədə düşünürsən. Hər məşqçi istəyir ki, işə başlayanda, start ideal alınsın. Ancaq bunu əldə etmək həqiqətən çətindi. Bəzən kimləri komandaya cəlb etmək istəyirsən alınmır və ya çətinlik çəkirsən, yaxud kimisə xaric etmək istəyəndə. Amma hər gün bu proses gedir, hər gün axtarışlar davam edir. Bir də baxırsan ki, artıq mövsümün sonudu, amma yenə də istədiklərini həyata keçirə bilməmisən.


- Transfer dönəmi zamanı hamı yeni adlar gözləyir. Diqqət çempiondadır. Ancaq hələ ki, bircə Abbas Hüseynovun transferi rəsmiləşib. Vaxt isə uçur, növbəti avrokubok mövsümü o qədər də uzaqda deyil...
- İşimizə real yanaşmalıyıq. Son 2 ildə transfer məsələsi xeyli çətinləşib. Türkiyədə legioner limiti götürüldükdən sonra oyunçu almaq məsələsi bizim üçün həddən artıq çətinləşib. Məlum olduğu kimi, Türkiyədə çox böyük pullar dövriyyə edir. 2-3 il əvvəl hansısa futbolçunu gətirmək üçün ödəməyi planlaşdırdığımız məbləğ 2 dəfədən də çox artıb. Hətta Türkiyənin PTT liqasından görürsən ki, daha cəlbedici təkliflər alırlar. Bu səbəbdən də transfer məsələləri nəzərəçarpacaq dərəcədə çətinləşib. Buna baxmayaraq, biz axtarışlarımızı yenə də davam etdiririk. İstəyirik ki, komandamızda yeni oyunçular olsun. Heç vaxt futbolçularımın fiziki yorğunluğa məruz qalmasından gileylənməmişəm. Məni ən çox narahat edən məsələ budur ki, onları uzun müddət hazırlıq dövründə sərəncamımda görə bilmirəm. İslam Oyunları, ardınca əsas və gənclərdən ibarət yığmaların oyunları. Sərəncamımda cəmi 5 oyunçu var idi. Bu cür problemlərimiz çoxdu. Əsas problem budu. Çünki tam kollektivi istədiyim formada hazırlaya bilmirəm. Bilavasitə sualınıza qayıtdıqda isə daha bir misal çəkim. Futbolçunu sıralarımıza qatmaq istəyəndə, deyir ki, Türkiyədən təklif var, əvvəlci onu dəyərləndirim, sonra. Yaxud da əcnəbi futbolçunu dəvət etdikdə soruşur ki, çempionatda neçə komanda iştirak edir? Türkiyəylə, başqa ölkələrin çempionatları ilə müqayisə edir. Onlarlda 16, 18, 20 komanda iştirak edir. Bizim və digər ölkələrin komandaları arasında seçim etdikdə, bütün hallarda sən arxa plandakı varianta çevrilirsən.

 

"Bu cür insanla işləmərəm, heç beləsinə rast gəlməyimi də arzulamıram"

 

- Aydın məsələdir ki, sizə çoxsaylı legionerlər təklif olunur. Maraqlıdı, Qurban Qurbanov üçün futbolçuda ən vacib üç başlıca amil hansılardı?
- Elə bir zəmanədə yaşayırıq ki, hər bir kəs barədə dolğun məlumat toplaya bilirik. İlk növbədə mənim üçün futbolçunun işinə peşəkar yanaşmasıdı. Yəni idmançı keyfiyyətləri olduqca önəmlidi. Stabil oyun nümayiş etdirmək üçün də futbolçunun daim yaxşı məşq etməsi vacib şərtdi. Daha bir vacib məqam onun oyun üslubunun bizim tələb etdiyimizlə üst-üstə düşüb-düşməməsidi. Bəzən olub ki, yüksək potensiala sahib futbolçu olub, lakin komandamıza uyğunlaşa bilməyib.


- Ulduz, dünyaca ünlü futbolçu komandanıza gəlsə, ümumi ab-havanı korlamaz ki?
- Məncə, bu barədə düşünmək düzgün olmaz. Çünki ulduz futbolçu böyük pullar deməkdi. İstənilən futbolçuyla dil tapmaq mümkündü. Ancaq kimliyindən asılı olmayaraq, mənim üçün başlıca məqam onun işinə peşəkar yanaşmasıdı. Ola bilər əla futbolçudu, ancaq bu idman növü onun üçün sonuncu yerdədi. Məsələn, şəxsi həyatı, başqa maraqları ola bilər. Bu cür insanla işləmərəm, heç beləsinə rast gəlməyimi də arzulamıram.

 

"Şahrudinin boyun hündür olmaması faktoruna əlbəttə ki, fikir verirəm"

 

- Legioner limiti olan bir ölkədə əsas qapıçınız əcnəbidi. Şəhruddin Maqomedaliyev də İslam Oyunlarında kifayət qədər xoş təsir bağışladı. Bu faktordan yararlanmağı planlaşdırırsınızmı?
- Ölkə çempionatında xeyli sayda qarşılaşmalarda Şəhruddin əsas heyətdə oynadı. İstəməzdim qapıçıları ayırım. Ölkədaxili yarışlar və avrokubok matçları bir qədər fərqlidi. Maqomedaliyev yaxşı qapıçı olduğu üçün “Qarabağ”dadı. Ehtiyac duyduğum qarşılaşmalarda onun xidmətindən yararlanıram. Ancaq İbrahim Şehiç və ya Şəhruddinin “1 nömrə” olmasını heç vaxt deyə bilmərəm.


Şehiç vizavisindən xeyli hündürdü. Elə bir rəqiblər var ki, sırf boy amilinə görə, Maqomedaliyevin həmin matçda heç yeri yoxdu?
Deməzdim yeri yoxdu, ancaq bu faktora əlbəttə ki, fikir verirəm. “İnter”di, son vaxtlar “Qəbələ”di ki, standart vəziyyətlər zamanı təhlükəli olarlar, qolkiperin boy amilinə fikir verməli olursan. Ola bilər ki, hansısa santimetrlər onun uğurlu çıxışına mane olsun. Bununla yanaşı, Şahrudində çıxışlarda olan problem aradan qalxmaqdadı, xeyli irəliləyişə nail olmuşuq. Ancaq bunun üzərində daha çox işləməlidi. Qalan bütün komponentlərdə o, özünü ən yaxşı tərəfdən göstərir.


- Bir neçə futbolçunuz İslam Oyunlarının qalibi oldu. Həmin yetirmələrinizdə dəyişiklik hiss etməmisiniz?
- Kollektivə yeni qoşulublar. İnanmıram ki, belə bir düşüncələri olsun. Bilirlər ki, biz burda onlardan nə tələb edirik. Ola bilər ki, bir neçə gün həmin qələbənin ab-havası ilə gəzsinlər. Bu da normaldı, bir neçə gün olar.


"4-5 mərkəz müdafiəçisiylə danışığımız olub"

 

- Təqribən ilyarım öncə bu sualı sizə vermişdik. Söhbət sıralarınıza mərkəz müdafiəçisini qatmaqdan gedir. Ancaq hələ də gözləyirik...
- Mən ilyarımdan da çoxdur ki, gözləyirəm. Deməzdim ki, müdafiə xəttimizdə axsama var. Problemlərimiz o vaxt olur ki, 2-3 mərkəz müdafiəçimiz eyni vaxtda sıradan çıxırlar. Elə bir epizod yaşadıq ki, Maksim, Bədavi və Rəşad zədələndilər. Bax, onda problemlər yaşadıq. Açığını deyim ki, 4-5 mərkəz müdafiəçisiylə danışığımız olub, hazırda da danışıq apardıqlarımız var. Əfsuslar olsun ki, Türkiyədəki dəyişikliklər futbolçuların seçiminə də təsirini edir. Buna baxmayaraq, səylərimiz davam edir.


- Yerli bazarda vəziyyət necədi? “Qarabağ”a düşməyi çox oyunçu arzulayır, ancaq komandanızın tələblərinə uyğun gəlmə başqa...
- Bəlkə də 1-2 yerli oyunçu var. Ancaq onlara hansısa təklif göndərməyi düşünmürəm. Çünki şərəfini qoruduqları klublar var. Bunun da səbəbi odur ki, sıralarımızda yetərincə azərbaycanlı futbolçu var.


- Yaxın günlərdə transfer gözlənilir?
- Bu, elə bir məsələdi ki, bu gün ən böyük işim transferləri bacardıqca tezləşdirməkdi. Günlər gedir, ilk oyunumuza az vaxt qalıb. Dəfələrlə söyləmişəm ki, beynəlxalq arenada mənim üçün ən vacibi ilk oyunmuzdu. Komandanı hazırlamaq, formaya salmaq, bayaq qeyd etdiyim kimi, bütün futbolçuları sərəncamımda istədiyim qədər görməmək kimi məsələlər var. Bu səbəbdən də istədiyim oyunçuları sərəncamımda maksimum tez görmək istəyirəm. Ancaq necə olacağını təəssüf ki, deyə bilmərəm.

 

"İndidən hansısa vəd verim ki, ÇL-in qrup mərhələsinə düşəcəyik, bu, yanlış fikirdi"

 

- 2012-də bir arzunuza çatdınız və “Qarabağ” Avropa Liqasının qrupuna düşdü. Ancaq Azərbaycan azarkeşi, Azərbaycan futbol ictimaiyyəti Çempionlar Liqasının (ÇL) qrupu ləzzətini dadmaq istəyir...
- Klub olaraq çıxış etdiyimiz hər bir yarışda maksimal nəticəyə can atırıq. Bu gün biz ÇL-in təsnifat mərhələsində iştirak ediriksə, bütün diqqətimizi bu yarışa yönəldirik. Minimum olaraq pley-offa qədər irəliləmək istəyirik. Kənardan asan görünə bilər, ancaq unutmayaq ki, bu turnirdə bütün ölkələrin ən yaxşıları oynayır. Bəzən kimlərsə düşünə bilər ki, rəqib kiçik ölkəni təmsil edir, yaxud zəifdi, amma bir şeyi qəbul etmək lazımdı ki, bu, öz ölkəsinin çempionudu. Dəfələrlə olub ki, özümüzdən qat-qat güclü komandaya qalib gəlmişik. Bu, həm təsnifat mərhələlərində baş verib, həm də qruplarda. Bu səbəbdən də mən həmişə ehtiyatlanıram, digər tərəfdən də bu şeylərə real baxıram. Dünya futbolunda o qədər oyunlar olur ki, final fitindən sonra deyirsən ki, favorit necə oldu ki, zəifə qalib gələ bilmədi. İndidən hansısa vəd verim ki, ÇL-in qrup mərhələsinə düşəcəyik, bu, yanlış fikirdi. Bəli, ildən-ilə təcrübəmiz artır, futbolçuların psixoloji durumu möhkəmlənir. Bu, çox vacib komponentlərdi. Ancaq biz, klub olaraq, daim istəyimizi azaltmamalıyıq. Daha da istəkli olmalıyıq. Istənilən turnirə ayaq basmışıqsa, istəyirəm ki, orda ən yaxşılardan olaq. Klub olaraq, bunu başa düşürük və bacardığımızdan da artığını etməyə çalışacağıq ki, əldə etdiyimiz nəticələrdən heç olmasa bir pillə də irəli getməyə bacaraq.


- İstənilən kollektiv il ərzində potensialını ortaya qoyur. “Qarabağ” da həmçinin. Demək ki, komanda güclənməlidi ki, qrup demirik, pley-offadək irəliləsin. Hansı mövqelər və neçə oyunçunun transferinə zərurət var ki, azərbaycanlı azarkeş də 90 dəqiqəni ayaq üstə keçirməsin, rahat-rahat “Qarabağ”ın qələbələrini izləsin?
- Elə bir oyun yoxdu ki, sən həyəcansız oyun izləyəsən.


- Məsələn, 2015-ci ildə “Yanq Boyz”a Bakıda 4:0 hesabı ilə qalib gələrək qrupa düşdüyünüz oyun...
- Mənim üçün ən həyəcanlı oyunlar erkən 1-2 qol vurduğumuz matçlardı. Polşanın “Visla” komandası ilə oyunu xatırladım. Səfərdə 1:0 qalib gəlmişdik, evdə də fasiləyədək 3 cavabsız top vurmuşduq. İkinci hissədə rəqib 2 qola imza atdı, daha sonra Rəşad Sadıqov topu boş qapıdan çıxardı. Digər misal isə ölkə çempionatında yaşandı. Syominin vaxtında “Qəbələ”ni 4:0 udurduq. Oyun çevrildi və 4:3 oldu. Hələ sona da 15 dəqiqə vaxt qalırdı. Bu, futboldu. Düşünmədiyin özəlliklərə zəngindi bu oyun. Yəni deyirsiniz ki, həyəcansız baxmaq istəyirik futbola, buna mən heç vaxt razı olmayacam (gülür). Məşhur “Milan” – “Liverpul” finalını götürək. İlk yarıda 3:0 və nəticədə Çempionlar Liqasının kuboku əldən gedir. O ki qaldı sualınızın əvvəlinə, bizim daha böyük klub olmağımız üçün bura milyonluq futbolçular gəlməlidi. Real yanaşaq, sabah milyonluq futbolçuları gətirdik. Ancaq onlarla da məğlub ola bilərik. İnanmıram ki, hansısa məşqçi 2-3 nəfər milyonluq futbolçu gətiriləcəyi təqdirdə zamin dursun ki, ÇL-in qrupuna düşəcəm. Heç klub da razı olmaz. Ona görə bəzən tələsirik, bəzən özümüzü olduğumuzdan daha güclü sayırıq. Komandalar var 30-40 milyon büdcəylə nə ÇL-in, nə də AL-in qrupuna düşə bilmir. Hər adddımı ölçüb-biçməliyik, tələsməməliyik. Bəzi klublarımız vaxtında çox tələsdilər, böyük pullar xərclədilər. Ancaq bu gün həmin klublar yoxdu.

 

"Tam hazır olanda Reynaldonun sürəti, gücü Türkiyədə oynamağa imkan verirdi"

 

- Siz təvazökarlıq edib deyirsiniz ki, biz tələsirik. Bəli, vaxtilə “Qarabağ” Dortmund “Borussiya”sına uduzanda, əllərimizi göyə qaldırıb etiraf etdik ki, almanlar bizdən qat-qat güclü idi. Ancaq “Viktoriya” ilə Bakıdakı oyunda Azərbaycan çempionu tam dominantlıq edirdi axı...
- Elədi, həmin matçda biz qalib gəlməli idik. Sadəcə, niyə qalib gəlməməyimizə cavab yoxdu. Bəli, əvəzetmələrə görə bizi tənqid etdiniz. Ancaq biz iki oyunun nəticəsinə uyğun olaraq, əvəzetmələr etdik və 1:0 hesabını qorumaq istəyirdik. Bakıdakı oyunda qapımıza bir zərbə oldu cəmi. O da qolla nəticələndi. Bu cür hallar futbolda olur. Bu səbəbdən də mən zəmanət verə bilmirəm ki, biz mütləq qrupa düşəcəyik. Sabah bəlkə 15 real qol fürsəti yaxalayacağıq və heç birindən yararlana bilməyəcəyik. Fikirlər üst-üstə düşməyə bilər. Bəzən hansısa oyunçunu ehtiyatda saxlayanda, "18-liy"ə salmayanda məşqçini tənqid edirlər. Ancaq daxili mətbəxdə hansı proseslərin getməsini mən bilirəm. Gecə-gündüz bu futbolçuların yanında mən oluram. Mənə də kənardan sizin işə müdaxilə etmək asan gəlir. Ancaq uzun illərdi siz bu işin içindəsiniz, sözün yaxşı mənasında böyümüsünüz, “bişmisiniz”, hansı sualı nə vaxt verməyin yaxşı olduğunu bilirsiniz. Bəzən bilərəkdən hansısa atmacanı atırsınız, kimisə daha sərt tənqid edirsiniz. Belə başa düşürəm ki, bu da jurnalist taktikasıdı. İndi də məndən söz almaq istəyirsiniz ki, deyin qrupa düşəcəm. “Həsən keçəl, ya keçəl Həsən?”, fərqi olmayacaq axı. Gəlin belə deyək, biz hələ milli çempionatımızı tam stabil şəklə sala bilmirik. Bəli, ölkə olaraq, federasiya olaraq, klub olaraq, uzun illər böyük pullar xərclədik, amma hələ də axtarışdayıq. Niyə? Çünki ölkə olaraq gəncik. Cəmi 26 yaşımız var. Digərləri isə bizdən qat-qat təcrübəlidi. Ona görə də gəlib həmin səviyyəyə çatmaq azdı, orada qalmaq üçün çox çalışmalıyıq ki, sonradan ordan yıxılmayaq. Hər şeyə real yanaşmaq lazımdı. Adicə oyunçu gətirməkdə çətinlik çəkirik. Çünki bizdən qat-qat böyük pullar dövr edən, daha çox komandaları, Avropaya çıxmaq perspektivləri olan qonşularımız – Rusiya və Türkiyə var. Axı, oyunçu Azərbaycana gəlməmişdən stadionlarımızın durumu, çempionatda neçə komandanın iştirak etdiyini, qarşılaşmaların saat neçədə başlamasını, azarkeşlərin oyunlarımıza marağını öyrənir.


- “Qarabağ”ın ən yaxşı futbolçusu, vaxtilə ölkəmizdə “at oynadan” Reynaldo Türkiyə Superliqasında heyətə düşməyə belə çətinlik çəkdi. Bundan hansı qənaətə gəldiniz?
- Əvvəllər “at oynadırdı”. Son zamanlar performansı o qədər də yüksək deyildi. Türkiyə Superliqasında oynayan futbolçu Avropanın bir addımlığındadı. Orda başqa futbol, başqa xarakter tələb olunur. Mən bilmirəm Reynaldo Türkiyədə necə hazırlıq keçir, məşqlərdə özünü necə göstərir. Bu səbəbdən də bu mövzuda qəti fikir bildirməyim yanlış olar. Ancaq deyə bilərəm ki, tam hazır olanda Reynaldonun sürəti, gücü Türkiyədə oynamağa imkan verirdi. Ancaq fikirləşin ki, biz burdakı futbolçularla onlardan üstün olmaq istəyirik. Bəli, mən bundan çəkinmirəm. Əksinə, daha güclü rəqib düşəndə içşimdə daha diqqətli oluram. Bu cür rəqiblərlə oyunda bəlkə də futbolçularımı daha yaxşı hazırlayıram. İnsan psixologiyası belədir ki, daim özündən güclüyə qalib gəlmək istəyir. Yetirmələrimə də daim deyirəm ki, daha üstün sayılan rəqiblərlə oyunda sübut etməliyik ki, biz daha güclüyük. Nəyin hesabına? Çalışqanlığımız, daha çox işləməyimiz, əzmkarlığımız, vahid ansabl olmağımız hesabına.

 

"Bax, belə bir durum mənim üçün də, klub üçün də əsl faciə olar!"

 

- İlk dəfə olaraq Azərbaycan çempionu ÇL-in 3-cü təsnifat mərhələsində səpələnmişlər sırasında olacaq. Bu məlumat Azərbaycanda əməlli-başlı toy-bayram kimi qarşılanıb.Ancaq dediklərinizdən belə qənaətə gəlirik ki, bu fakt sizin ürəyinizcə olmayıb...
- Tamamilə razıyam. Bu cür fikir hamımızda var. Əvvəllər deyilirdi ki, bir mərhələ adlayaq başqa heç nə istəmirik. Sonralar 2 mərhələni adlamaq haqda eyni fikirlər səsləndi. İllər keçdi və deməyə başladılar ki, pley-offa düşsək, başqa heç nə istəmirik. İndi bütün deyilənlər unudulub, “Qarabağ” səpələnmişlər sırasına düşüb deyə fikir formalaşmağa başlayıb ki, artıq qrupdayıq. Vəziyyət həqiqətən kənardan göründüyü kimi deyil. Futbol daha çətindi. Stabillik lazımdı. Ardıcıl 3-4 mövsüm eyni səviyyəni qoruyursansa, deməli, klub bir az bərkiyib. Misal çəkim. Komandam ÇL-in qrupuna düşür və bundan sonra 3-4 mövsüm bunu bacarmır. Bax, belə bir durum mənim üçün də, klub üçün də əsl faciə olar! Bəli, ola bilər ki, hansısa mərhələdə məğlub olaq. Mənim üçün daha vacibi budur ki, komanda dayanmır, ruhdan düşmür, işləyir, çalışır. İdmandı, elə məğlubiyyətlər olub ki, fikirləşmisən ki, bu cür zərbədən sonra ayıla biləcəm, ya yox. Məğlubiyyətlərimiz qələbələrimizdən daha çox olub. Ancaq yenidən toparlanmışıq və bu səviyyəyə çatmışıq.


- İtaliya “İnter”i ilə oyun yadınıza düşəndə hansı hissləri keçirirsiniz?
- İnanın ki, bu dəqiqə heç nə. Oldu getdi. Tez-tez xatırlamaq, sizlərin də yadına salmaq məni işimdən ayırmış olar. Bu gün qalib gələ bilmirəmsə, qrupa düşə bilmirəmsə, deyim ki, o vaxt “İnter”lə matçın son dəqiqəsində hakim ədalətsiz qərar qəbul etməsəydi biz qrupdan çıxacaqdıq?! Bu gün qürurlanmalı deyiləm ki, belə bir hal yaşanmışdı. Faciə idi. Hamı da dəyər, qiymət verdi. Hətta ölkə başçısı bu hadisəyə dəyər verdi. Oldu, qaldı arxada. Bəzən mövsümün sonunda futbolçu deyir ki, məşqçi mənə az şans verdi, məşqçi deyir rəhbərlik şərait yaratmadığı üçün nəticəmiz zəif oldu. Bunlar bəhanədi. Bütün olanlar qaldı arxada. Bu gün nə etməliyik? Bax, bu sual ətrafında düşünməliyik ki, növbəti oyunlarda daha yaxşı olaq.


- Miroslav Zelinkayla rinqdə, zalda qarşılaşmaq arzunuz olmayıb?
- Yox, Allah eləməsin. Bu, hakim səhvi idi. İldə 3-4 dəfə olur ki, düşündüklərimi komandaya etdirə bilməmişəm. Bu, mənim səhvimdi. Hansı mənada? Deyək ki, rəqibin 3 üstün cəhəti var. Düşünürəm ki, ikisinin qarşısını alsaq, kifayət edəcək. Üçüncüyə, futbolçumu yormamaq üçün, bir qədər az önəm vermişəm. Amma məhz həmin komponentə görə yekunda məğlub olmuşuq. Sabah da siz bunu analiz etsəniz, tapacaqsınız. Belədə, siz də məni rinqə çağıracaqsınız (gülür)? Hətta Çempionlar Liqasının, dünya çempionatının finalında da hakim səhvləri olur.


- Siz inanırsınız ki, bu, səhv idi?
- Ola bilər ki, qonaqlara hansısa simpatiyası var idi. Bəli, “Dnepr”i irəli çəkmək istəyirdilər. Amma məncə, sizli-bizli bu məsələyə baş qoşmasaq yaxşıdı. Çalışaq ki, özümüz Allah qarşısında düzgün, təmiz olaq. Keçmiş hadisəyə önəm versək həm vaxtımız gedəcək, həm də fikirlərimiz dağılacaq.


- Hakimlikdən gileyləndiyinizi xatırlamırıq...
- Hakimlik ən ağır peşədi. Kiçicik bir səhvlə kiminsə haqqına girmiş olurlar. Bu da əksər hallarda bilməyərəkdən buraxılmış səhvlərdi. Hamı – mətbuat da, azarkeşlər də, futbolçular da, məşqçilər də, funksionerlər də düşür hakimin üstünə. Axı, referi 22 nəfərin oyununu idarə edir və hər dəfə dəqiq qərar verməlidi. Olur ki, məşqçilərlə yığışırıq və hansısa rəqibə qarşı oyun planı üzərində saatlarla müzakirələr aparırıq. Ancaq bundan sonra da düzgün qərar verməkdə tərəddüd edirik, çətinlik çəkirik. Hakim isə hər epizoda anında qərar verməlidi. İstəmərəm ki, hakim kiminsə haqqına girsin, nə mənim, nə də rəqibimin. Boynumuza düşən vəzifənin öhdəsindən gələk, işimizi düzgün quraq – bax, budu məqsəd. Uduzandan sonra isə çıxıb deyim hakimə görə məğlub olduq... İnşallah, belə bir söz demərəm heç vaxt.

 

"Mənim üçün futbolçu kimi unudulmaz oyun “Neftçi” – “Pünik”, məşqçi kimi "Qarabağ" - "Rusenborq"du"

 

- Məşqçilik karyeranız ərzində ən çox məmnun qaldığınız, xoşbəxt olduğunuz oyun hansıdı?
- Futbolçu kimi unudulmaz oyun “Neftçi” – “Pünik”di. Həmin matçda iştirak etmədim, kənardan izləyirdim. Həmin görüşdə başqa bir insan idim. Həyəcan, stress, göz yaşları - bütün bunlar oyunun gedişatında yaşanmışdı... Məşqçilik karyeramda isə “Rusenborq”la Bakıdakı qarşılaşma. Həmin gün Ağdamın işğalı günü idi. Çox böyük bir ajiotaj var idi. Açıq deyim, Avropa Liqasındakı bu elə bir matç idi ki, məndən həddən artıq böyük bir məsuliyyət tələb edirdi. Oteldən çıxıb stadiona avtobusla gəlirdik. Yolboyu oyunun necə keçəcəyindən narahat idim. İnsanlar stadiona sel kimi axırdı. Stadionun kənarında Qarabağ atları ilə çapırdılar. Çoxdan idi Azərbaycan futbolunda bu cür ajiotaj yaşanmamışdı. Açığı, oyunun nəticəsindən çox narahat idim. Şükür Allaha ki, sonda biz qalib gəldik və azarkeşlərimizin, həmvətənlərimizin stadiondan necə xoşbəxt qayıtmalarına şahidlik etdik. Həmin matç karyeramda dərin bir iz buraxdı. Bəlkə də həmin matç Azərbaycan futboluna böyük bir təkan verdi. Elə “Qarabağ”ın özünə də. Klub rəhbərliyinin “Qarabağ”a daha çox bağlanması, daha çox sevməsinin təməlini qoydu.


- Norveçdəki oyunu çox az adam görüb. Ancaq qarşılaşmanı internetlə izlədiyimdən deyə bilərəm ki, “Qarabağ” Skandinaviyada olduqca böyük problemlərlə üzləşdi. Rəqibin təzyiqi inanılmaz idi. Və bu cür 90 dəqiqəlik 0:0-dan sonra Azərbaycanda qalib gələcəyinizə inanırdınız?
- İlk hissə, hətta deyərdim 30-35 dəqiqə çox böyük təzyiqlə üzləşdik. “Rusenborq” o vaxt bizdən qat-qat güclü idi, Avropada daim nəticə verirdi. Həmin gün məsuliyyətimizi dərk edirdim.

 

"İstəmərəm ki, sabah Qurban Qurbanov adına stadion olsun"

 

- Siz eyni zamanda futbolumuza cavabdeh olan əsas qurumun – AFFA İcraiyyə Komitəsinin (İK) üzvüsünüz. Azərbaycan futbolunun inkişafında böyük rolu olan mütəxəssislərlə bağlı boşluqlar var. Məsələn, Əhməd Ələsgərov adına stadion yoxdu. Bu məsələni İK-da qaldırmaq nə dərəcədə mümkündü və hansı zəruri addımlar atmağa ehtiyac var? Razılaşın ki, Əhməd müəllimi silib atmaq futbolumuz üçün yaxşı hal deyil...
- Bilirsiniz ki, mən fərqli bir insanam. İstəmərəm ki, sabah Qurban Qurbanov adına stadion olsun. Hər dövrün öz insanları olub. Açığı, Ələsgərovu yaddan çıxarıb-çıxarmadıqlarını bilmirəm. Bizdə stadionlar böyük bir dövlət proqramına əsasən bir ara tikilişə başladı və dayandı. Hal-hazırda yeni inşa olunanı yoxdu...


- Tikilmişlər var axı...
- Bu adı gələcəkdə verməyəcəklər deyə bilmərik. İK-ya üzv seçiləndən 4 dəfə iclasında olmuşam. Açığı, dediyiniz məsələni müzakirə etmək ağlımdan keçmirdi. Mən olduğum iclaslarda başqa məsələlər müzakirə olunub. Bəlkə vurğuladınız məsələ İK-ya aid olmayan məsələdi. Federasiyada, idman nazirliyində bu işlərlə məşğul olan ayrıca qurumlar var. Mən olduğum İK-nın yığıncaqlarında çempionatın keçirilməsi, komandaların qalması, say kimi məsələlər daha çox müzakirə olunurdu.


- Məsələn, “Bakcell Arena” AFFA-nın balansındadı. Assosiasiya rəhbərliyinə müraciət olunması üçün məsələ qaldırıla və onlar da daha yuxarı instansiyaya müraciət etməklə məsələnin həll edilməsi mümkündü...
- Bunları sizləri yazsanız, onda başlangıc olar.


- Şəxsən sizin İK-da hansı məsələni qaldırmaq fikriniz var?
- Ümumiyyətlə, orda müzakirə qapalı gedir. Komandaların sayının artırılması çox müzakirə olundu. Çox istədim ki, komandaların sayı çox olsun. Ancaq maddi tərəfə baxanda mümkün olmadı. Bu gün sponsorlarımız həqiqətən yoxdu. “Qarabağ”, “Qəbələ”nin sponorları var. Bir də “Neftçi”.


- Ona da SOCAR-a himyədarlıq edir, daha çox dövlətə bağlıdı...
- Dövlətin nəzdində olsa da,yenə də stabil olmalıdı.

 

"Ola bilər ki, bütün komandalar dağılsın, ancaq “Neftçi” qalacaq"

 

- “Neftçi”nin maddi problem üzündən dağılacağı adamın ağlına belə gəlmir...
- Ola bilər ki, bütün komandalar dağılsın, ancaq “Neftçi” qalacaq. Başqa belə bir stabil klub yoxdu. “Bakı”, “Xəzər Lənkəran”, “Simurq” dağıldı. “İnter”in ciddi maddi problemləri yarandı. Sponsorlar yoxdu, qaçdılar. Hamısını AFFA-nın üzərinə ataq ki, bu komandanı yaşadın, bu da düzgün olmayan bir şeydi. Bu gün klubu yaratdılar, ancaq ola bilər 1-2 ildən sonra yenə dağılsın. Çünki maddi təminat yoxdu. İK-da bu məsələlərlə bağlı danışıqlar gedir, sadəcə, onu açıqlamaq istəmirəm. Necə edək komandaların sayı çoxalsın, vəziyyət düzəlsin, stabillik yaransın, fikirlərimizi bildiririk, müzakirələr olunur. Ölkədə devalivasiyadan sonra vəziyyət həddən artıq gərginləşdi. Ola bilər ki, getdikcə sabitlik yaranacaq, vəziyyət yavaş-yavaş düzələcək, sponsorlar çıxacaq. Komadaların sayının çoxalması mümkündü. Ancaq AFFA-nın da üzərinə gedək ki, mən komanda sayını çox istəyirəm, düzgün olmazdı. Özüm kənardan baxanda görürəm ki, vəziyyət nə yerdədi və onlardan çox şey tələb etmək düzgün olmaz. Dəfələrlə demişəm, bu gün da deyirəm ki, futbolumuzun inkişafı üçün mütləq komandalarımızın sayı artmalıdı. Ancaq bu o demək deyil ki, bununla vəziyyət düzəldi. Kəmiyyətlə keyfiyyət mütləq bir-birinə uyğun gəlməlidi. 16 komanda elədik, biri su-çörək yeyir, o birində vəziyyət yağ-baldı. Fərqin belə böyük olması da düzgün deyil.


- Azərbaycan Kubokuna diqqət yetirsək, mübarizənin 1/4 final mərhələsindən başladığını görərik. Çünki əvvəlki mərhələlərdə komanadalar arasında səviyyə fərqi çox böyükdü...
- Bəli. Görürsən ki, çempionatın əvvəlində mübarizə canlı olur. Ancaq yavaş-yavaş komandalar oyuna getmək, məşqə çıxmaq istəmirlər. Səbəb də maddi çətinlikdi. Əvvəl 3 manatları vardı, o da qurtardı, indi qalıblar pulsuz. 8 komandanı düzgün idarə edə bilmiriksə, necə tələb edə bilərik ki, 16 və ya 20 komanda olsun. İnşallah, ölkə səviyyəsində futbolun inkişafı məsələsinə yenidən baxılacaq. Artıq futbolda da çempion olduq. Bakıda təşkil olunan İslamiada maraqlı keçdi, həyəcan vardı. Futbolda final oyununda 20-25 min azarkeş olardı. Zaldakı idman başqa, futbol başqa. Futboldakı ab-hava yarışı daha da gözəlləşdirdi, millət birləşdi. Futbol tam başqadı, o, digər idman növlərindən çox fərqlənir. Mən özüm də finalda stadionda idim, oyuna baxırdəm. Mehriban xanım Əliyeva da ailə ilə üzvləri ilə birgə arenada final matçımızı izləyirdi. Düşünrəm ki, futbol yığmamızın İslamiadada qalib gəlməsi yaxşı oldu. Hamının, dövlət məmumlarının da futbola marağının artdığını düşünürəm, İnşallah, böyük bir layihə hazırlanar və dövlət proqramı sayəsində futbolumuz daha da yaxşlığa doğru gedər.

 

"Hər yaxşı futbolçudan yaxşı məşqçi çıxmaz fikri mənə çatmır"

 

- Avropada baş məşqçi kimi debütü 2007-ci ildə “Rid”ə qarşı olan Qurban Qurbanov bu 10 ildə nələri artırıb? İndiki Qurban həmin Qurbana nə məsləhət göstərərdi?
- Heç nəyi məsləhət verə deyiləm. Bu müddətdə dəyişilən şey çoxdu. 10 il keçib, təcrübə artıb. Bu müddət ərzində işimdə, həyatda hərtərəfli çox dəyişmişəm. Belə də olmalıdı. Çünki onda 35 yaşım vardı, indi 45. Yaş fərqi böyükdü. Həmin 2007/08 mövsümü bizim üçün çətin başlamışdı. “Neftçi” Avtsriyaya təlim-məşq toplanışına getmişdi. Ancaq mən sənəd probleminə görə viza ala bilmirdim və Bakıda xeyli qalmalı oldum. Komanda orda, mən burda. Səfirliklə bağlı problemin həllini gözləməli oldum. Nəticədə komanda 10-12 gün mənsiz məşq etdi. Köməkçilərim Elbrus Məmmədovla İqor Getman hazırlıq prosesini keçirdilər. Bir sözlə, onda problemlər çox olmuşdu. Bununla belə, layiqli oyun göstərdik. Sadəcə, “Rid” onda güclü idi ki, qalib gəldi.


- Belə bir deyim var ki, heç də hər yaxşı futbolçudan yaxşı məşqçi çıxmaz. Ancaq siz bunun yanlış olduğunu göstərirsiniz. Hər halda, həm yaxşı futbolçu olmusunuz, həm də yaxşı məşqçisiniz...
- Yaxşı futbolçu Azərbaycan səviyyəsində olmuşam. Lap elə də yüksək yox. Dediyiniz fikir həqiqətən mənə çatmır. Niyə yaxşı futbolçu yaxşı məşqçi olmasın? Məşqçiliyə həvəsi, bacarığı olan insan bu işdə uğur qazanır. Əksinə, futbolçunun məşqçi olmasını daha üstün sayıram. Xosep Qvardiola, Zinəddin Zidan, Karlo Ançelottini götürək, yaxşı futbolçu olublar. İndi tanınmış, güclü məşqçilərdir. Əlbəttə, fikirlər fərqlidi. Ancaq hər yaxşı futbolçudan yaxşı məşqçi çıxmaz fikri ilə razı deyiləm.

Xəbər xətti