"Qarabağ"ın Bakıda darmadağın olunmuş rəqibi

14:45 - 19 İyun 2017

“Qarabağ” Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsində rəqibi olan “Samtredia” ardıcıl ikinci mövsüm ölkəmizə səfər edəcək.

 

Sportal.az xəbər verir ki, bu komanda ötən mövsüm Avropa Liqasının I təsnifat mərhələsində “Qəbələ”yə rəqib olmuşdu.
 
Bakıda rəqibini darmadağın edən (5:1) “qırmızı-qaralar” Zestafonidə 1:2 hesablı məğlubiyyətə baxmayaraq, yoluna davam etmişdi.
 
Samtredia şəhərinin eyniadlı təmsilçisinin əsası 1936-cı ildə qoyulub. Rəqib ev oyunlarını Erosi Mandjqaladzenin adını daşıyan 15 minlik stadionda keçirir.
 
“Samtredia” əvvəllər fərqli adlarda çıxış edib. Belə ki, komanda müxtəlif vaxtlarda “Lokomotiv”, “Sanavardo”, “Djuba” və “İberiya” adlarını daşıyıb. Fəaliyyəti “Lokomotiv” adı ilə başlayan indiki “Samtredia” SSRİ-nin ikinci liqasında mübarizəyə start verib.
 
Komandanın bu ilə qədərki ən uğurlu vaxtları “İberiya” adını daşıdığı dönəmə, daha dəqiq desək, 1994-1996-cı illərə təsadüf edib. Həmin vaxt Gürcüstan çempionatında ikinci yeri tutan klub ilk dəfə ölkəni UEFA Kubokunda təmsil etmək hüququna yiyələnib. “Qarabağ”ın rəqibi avrokuboklarda debüt mövsümündə (1995-1996) Makedoniya təmsilçisi “Vardar”la qarşılaşıb və hər iki görüşdə uduzub – 0:2, 0:1. Bu klub Avropa arenasındakı ikinci sınağını isə yuxarıda da qeyd etdiyimiz kimi, ötən mövsüm “Qəbələ” önündə verib.
 
2015-16 mövsümündə ikinci dəfə Gürcüstan çempionatının gümüş medallarına sahib çıxan “Samtredia” geridə qalan mövsümdə tarixinin ilk çempionluğuna yiyələnib və bununla birinci dəfə Çempionlar Liqasında iştirak hüququ əldə edib. ÇL-in debütantı daha çox Gürcüstan yığmasının sabiq oyunçusu Kaxa Kaladzeni yetişdirməklə ad çıxarıb.
 
Komandanın baş məşqçisi Gia Tsetsadzedi. Əsası gürcü futbolçulardan təşkil edilən “Samtredia”nın heyətində 4 legioner çıxış edir. Onlardan 2-si Ukraynanı, 1-i Rusiyanı, 1-i isə Qananı təmsil edir.

Xəbər xətti