Yunis Hüseynov: “Neftçi” adına yaraşan şəkildə oynamadı”

18:07 - 18 Avqust 2017

Azərbaycanın əməkdar məşqçisi Yunis Hüseynov Sportal.az saytına açıqlama verib.

 

Mütəxəssis Premyer Liqamızda yeni mövsümdə "Qarabağ"ın çempion olacağını bildirib:

 

“Bu mövsüm “Qarabağ”la Azərbaycanda “Qəbələ”dən başqa heç bir komanda rəqabət aparaca bilməyəcək. “Qəbələ” və “Qarabağ” iddialıdırlar. Bu iki komanda çempionluq üçün yarışacaq.  Fikrimcə, Ağdam klubu ölkə çempionluğunu və kubokunu qazanacaq. Digər komandalar isə 3-8-ci yerlər uğrunda mübarizə aparacaq. Premyer Liqanın ilk turunu izlədim. Vəziyyət ürəkaçan deyil. Çempionatda rəqabət olmadığı üçün bu, “Qarabağ” və “Qəbələ”nin də inkişafına zəif təsir göstərir”.

 

Hüseynov ilk turda "Neftçi"nin yaxşı təsir bağışlamadığını vurğulayıb:

 

“Neftçi” ilk turda heç yaxşı təsir bağışlamadı. “Neftçi” adına yaraşan şəkildə oynamadı. Bu komanda flaqmandı, ölkənin köklü komandasıdır. Belə oyun oynamaq “Neftçi”yə yaraşmır. Bir sözlə, yaxşı oynamadılar. Ümid edirəm ki, növbəti turlarda yaxşı çıxış edəcəklər”.

 

Hazırda heç bir komandanı çalışdırmayan Yunis Hüseynov təklif gözlədiyini söyləyib: “Gözləyirik. İnşallah, yaxşı olar”.

Xəbər xətti