Samir Abasov: "Mənim də fikrim güclü klublara getməkdir" MÜSAHİBƏ

13:59 - 23 Avqust 2017

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Sportal.az saytına müsahibə verib.
 
- “Sumqayıt”ın “Kəpəz” üzərindəki qələbəsindən sonra “Qəbələ”dən də xal alacağını gözləyənlər var idi...
- Həm təcrübəli, həm də gənc oyunçulardan istədiyimiz oyunu görmədik. Düzdür, 2-ci turdu. Amma gözlədiyimizdən zəif çıxış etdik. İnanırdıq ki, yaxşı oynayacağıq. Heyyətimizdə keyfiyyətli gənc və təcrübəli futbolçularımız var. Əfsuslar olsun ki, onlar Qəbələdə keçirilən matçda çox aşağı səviyyədə çıxış etdilər. Oyunçuların, deyəsən, təzyiqi var idi. Onu deyim ki, çox çətin matç keçdi. Amma "Qəbələ"yə məğlubiyyəti fəlakət hesab etmirəm. Rəqibimiz bizdən üstün komandadır. Avropa təcrübəsinə malik olan kluba uduzduq.
 
 
- “Qəbələ” ilə oyunda sanki futbolçular yorğun idi...
- Yüklənmədən söhbət gedə bilməz. 2-3 gündən bir oyun keçirmirik ki, yorulaq? Mən futbolçu olduğum dönəmdə Zaqatala, Lənkəran, Qəbələ səfərlərinə gedirdim. Həmin vaxtlar belə şeylərlə rastlaşmaq mümkün olurdu. Oyunçulara da bunu çatdırıram. Qəbələ dağlıq rayon olduğu üçün bir az adaptasiya olmaq çətin olur. Matçın ilk dəqiqələrindən çətin olur. “Qəbələ”yə qarşı sakit və ağıllı oynamalı idik. Amma bacarmadıq. Oyuna rəqibimiz nəzarət etdi. Amma bizim də 1-2 şansımız oldu. Amil Yunanov və Bəxtiyar Həsənalızadənin yaxşı fürsətləri oldu. Amma Bəxtiyar hücumçu deyil ki, ondan tələb edim ki, niyə qol vurmadın?  “Qəbələ”yə qarşı 10 real qol vəziyyəti yaratmaq mümkün deyil axı. Əlinə 2-3 fürsət düşür ki, onu da çalışıb qola çevirməlisən. Biz də bunu reallaşdıra bilmədik. Oyundan çox narazı qaldım.
 
- Oyundan sonra Xəyal Nəcəfovla Cavid Tağıyevdən narazı qaldığını açıqlanışdınız. Digər futbolçulardan razı qaldınız?
- Razı qalmadım. Zəif çıxış etdik. Xəyal daim topla oynamalıdı. Ümumiyyətlə Xəyal 1-2 epizodu çıxmaqla meydanda görünmədi. Cavid Tağıyev isə yersiz topsuz itkiləri ilə məni özümdən çıxardı. Bu, Tağıyevə yaraşmadı. Onlar həmin gün komandamıza fayda vermədilər. “Qəbələ”yə qarşı iki nəfər azlıqda oynadıq. Belə bir komandaya qarşı azlıqda oynamaq mümkün deyil. “Qəbələ”yə qarşı böyük güc sərf etmək lazım idi ki, biz bunu edə bilmədik.
 
- Cavid Tağıyev oyudan sonra verdiyi açıqlamasında “Sumqayıt”a tramplin kimi baxdığını açıqlayıb.
- Bunu normal hesab edirəm. Oyunçularımızın hamısı bu fikirdədir. Yaxşı baxıram. Deməli, çox çalışacaq ki, səviyyəsi qalxsın. Hər şeyi özü dərk edir. Cavid ağıllı oğlandı. Burada pis şey görmürəm. Şəxsən mənim də məşqçi kimi fikrim güclü klublara getməkdir. Hamımızın beynində belə düşüncələr var.
 
- “Zirə” ilə matç barədə nə üşünürsünüz?
- “Zirə” bu mövsüm güclənib. 2-3 tura kimin güclü, kimin zəif olduğunu bilmək olmaz. Məsələn, “İnter”in aktivində xal yoxdur. Onlar ardıcıl 2 qələbə qazanıb yuxarı pillələrə qalxa bilərlər. Turnir cədvəlində 8 komanda var və 1 qələbə ilə 2-3 pillə irəliləmək olur. Böyük problem və fəlakət yoxdu. “Zirə” ilə oyunumuz səfərdə olacaq. “Qəbələ” ilə oyundakı kimi əlimizi-qolumuzu sallasaq, Zirədən suyumuz süzülə-süzülə qayıdacağıq. Amma bunun baş verməsini istəmirik. Ona görə də qarşılaşmaya ciddi yanaşırıq. Əlimizdən gələni edəcəyik.
 
 
- “Qarabağ”, “Qəbələ” və “Zirə”ni çıxmaqla digər komandaların bərabər səviyyədə olduğunu demək olar?
- “Sumqayıt”dan başqa bütün komandalarda legioner var. “Səbail”də və “İnter”də də əcnəbi futbolçular var. Sadəvə 3 komandada yerli futbolçular var. “Neftçi” baxmayaraq ki, turnir cədvəlinin zirzəmisində qərarlaşıb, amma onların da kifayət qədər legionerləri var. İki tura görə, komandaların gücünü müəyyənləşdirmək düzgün olmaz.. Bizim üçün legionersiz oynamaq problem deyil. Fakt odur ki, “Qarabağ” hər birimizdən güclüdür.

Xəbər xətti