Antonio Konte: "Qarabağ" çox yaxşı komandadı" MÜSAHİBƏ

“Çelsi”nin baş məşqçisi Antonio Konte Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”la oyunöncəsi mətbuat konfransı keçirir.

 

Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis qarşılaşma öncəsi komandasının durumundan danışıb.
 
- Komandada zədəli futbolçular varmı?
- Danni Drinkvoterin əzələsində problem var. Oyun vaxtına qədər bunun yoluna qoyulmasını gözləyirik. Başqa zədəlimiz yoxdu.
 
- Eden Azarın son durumu nə yerdədi?
- Azar kollektivlə birgədi. Əvvəlki formasını bərpa etmək üçün səylə çalışır. Ancaq düşünürəm ki, ona bir qədər vaxt lazımdı. Edeni indi riskə atmaq axmaqlıq olar. O, sabah matça ehtiyatdan başlayacaq. Azar ötən mövsümü əla keçirdi. Azar ən yaxşı futbolçumuzdu və onu komandada görmək üçün səbirsizlənirik. Eden zədəli olduğu vaxtlarda onsuz oynamağa məcbur qalırıq. Bu da bizə çətinlik törədir. Çünki bütün oyunlarda qələbə qazanmaq istəyirik.
 
- “Qarabağ”a qarşı heyəti qurarkən həftəsonu “Arsenal”la keçirəcəyiniz Premyer Liqa matçını nəzərə alacaqsınız?
- Xeyr. “Lester”lə geridə qalan görüşün təsiri ola bilər. Ağır oyun keçirdik və çox güc sərf etdik. 21 gün ərzində 7 oyun keçirmək asan deyil. Bəzi rotasiyalara əl atmaq normaldı. Mən bütün futbolçularıma güvənirəm. Oyundan-oyuna “artırmaq” lazımdı.
 
- Moratanın oyunu sizi qane edir. Onun uyğunlaşma dövrünün gözləniləndən sürətlə getdiyini demək olarmı?
- Morata çox gözəl çıxış edir, qollar vurur. Oyun üslubumuza uyğun oyunçudu. Sürətlə inkişaf edir. Unutmayın ki, İspaniya millisinin heyətində çıxış etdikdən sonra “Lester”lə matçda da 90 dəqiqə meydanda qaldı. Ümumiyyətlə, əksər oyunçuların durumunu dəyərləndirdikdən sonra sabahkı heyətlə bağlı ən yaxşı seçimi etməliyəm. 21 gündə 7 oyun keçirən komandada bəzi dəyişikliklərin edilməsi normaldı. Bu baxımdan çox sakitəm, çünki oyunçularıma inanıram.
 
- “Yuventus”dan ayrıldıqdan sonra yenidən Çempionlar Liqasında şans əldə edəcəyinizi gözləyirdiniz?
- Əlbəttə. “Yuventus”la iki dəfə bu turnirdə iştirak etmişəm. İlk mövsümümüzdə 1/4 finalda “Bavariya”ya məğlub olduq və Almaniya klubu kuboku götürdü. Növbəti mövsümdə isə qrup üçüncüsü kimi Avropa Liqasına yollandıq və orda yarımfinalda “Benfika”ya uduzduq. Yəni Avropada iki təcrübəm var. Halbuki futbolçu kimi Çempionlar Liqasında daha geniş təcrübəyə malikəm. Çünki həmin vaxt bu turnirdə daha çox iştirak etmişəm. 4 dəfə finalda oynayıb, 1-də qalib gəlmişəm. “Çelsi”də isə birillik fasilədən sonra komandanın Çempionlar Liqasında iştirak etməsi sevindirici haldı.
 
- Haqqında az məlumata malik olduğunuz komandaya qarşı oynamaq çətin deyil?
- “Qarabağ” çox yaxşı komandadı. İlk dəfə bu turnirdə iştirak edəcəklər. Onların oyunçuları haqda ətraflı məlumatım var. Çünki İtaliya millisini çalışdırarkən Azərbaycan yığması ilə qarşılaşmışdıq. Azərbaycan yığmasının heyətində “Qarabağ”ın kifayət qədər oyunçusu var. Belə matçları mən “çətin oyun” adlandırıram. İki gün əvvəl də çempionatda ağır görüş keçirmişik. “Qarabağ”la qarşılaşmadan bir neçə gün sonra da “Arsenal”la üz-üzə gələcəyik. Heyətdə dəyişikliklər olmasa, futbolçuların oynamağa taqətləri qalmaz.
 
- Eyni anda Premyer Liqa və Çempionlar Liqasında uğurlu çıxış etmək çətin olmayacaq?
- Bu, mənim üçün yeni bir şeydi. Bundan əvvəl İtaliyada eyni təcrübəni yaşamışam. Orta səviyyəli rəqiblə qarşılaşdığınız zaman çempionatda məğlub olmaq riskini bilməlisiniz. Premyer Liqada 6-7 komanda var ki, onlar üçün Avropa Liqasına yollanmaq uğur sayılmır. İngiltərədə heç vaxt rahat ola bilməzsiniz. Mövsüm ərzində 60-65 oyunu yüksək səviyyədə keçirmək asan deyil. Üstəlik, nəzərə alaq ki, böyük komandaların əksər üzvləri yığma komandalarına da dəvət alır.
 
- Sabah necə, risk edəcəksiniz?
- Qərar verərkən risk hər zaman olur. “Lester”lə matçda meydana buraxdığım heyətə sabah güvənsəm, insanlar məni qınayacaqlar ki, niyə yorğun oyunçuları seçdin? Əgər qalib gəlmisinizsə, deməli, ən doğru qərarı vermisiniz. Ancaq məğlub olmağınız seçiminizin yanlış olduğu mənasını verir. Reallığı nəzərə almalı və sakit olmalıyam. İndiki periodda ən doğru seçimləri etməliyəm.
 
- Çempionlar Liqasını qazanmaq sizin şəxsi karyeranız üçün nə ifadə edir?
- Bu barədə düşünmək istəmirəm. Çünki özümü düşünməkdən xoşum gəlmir. Hər zaman klubun, futbolçuların nə düşündüyünə önəm verirəm. Çempionlar Liqasında eyni hədəfə köklənmək çox önəmlidi. Çempionlar Liqası əla turnirdi və burda rəqabət apardığımız üçün fəxr etməliyik. (Apasport.az)

Tarix: 11 Sentyabr [19:19]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 Sentyabr 2017
24  Sentyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio