Azərbaycanlı oyunçulara Avstriyada icazə verildi

Avstriyada fəaliyyət göstərən Vyananın “Qarabağ” adlı klubu bu yay heyətinə iki azərbaycanlı futbolçu cəlb etdi.


Sportal.az xəbər verir ki, söhbət “Neftçi”dən ayrılan müdafiəçi Elvin Bədəlov və Ukraynanın “Dnepr” klubunun sabiq futbolçusu Dmitri Nağıyevdən gedir. 


Lakin onlar Avstriya 3-cü liqasının şərq zonasında geridə qalan 8 tur ərzində meydana çıxmayıblar. Buna səbəb sözügedən liqada mübarizə aparan klubların peşəkar əcnəbi futbolçuların xidmətindən istifadə edə bilməməsi və futbolçuların viza problemi ilə üzləşməsi idi. 


Amma Vyana təmsilçisinin rəhbərliyi artıq bu problemi yoluna qoyub. “Qarabağ” Avstriya Futbol Federasiyasında əcnəbi futbolçu qeydiyyatdan keçirən ilk Regional Liqa təmsilçisi olub. Həmçinin, hər iki oyunçuya işçi vizası açılıb. Bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Məlumatda o da qeyd olunur ki, artıq Elvinlə Dmitri bu gün baş tutacaq 9-cu turun “Parndorf”la ev oyununda meydana çıxa biləcəklər. Sözügedən oyun bu gün Bakı vaxtı ilə saat 18:00-da start götürəcək və “Sport Platin TV” (“youtube” vasitəsi ilə) internet kanalında canlı yayımlanacaq.


Avstriyada yaşayan azərbaycanlılar tərəfindən yaradılmış Vyana “Qarabağ”ı bu mövsümə qədər həvəskarlardan ibarət liqalarda mübarizə aparırdı. Bu mövsüm isə komanda artıq peşəkarların çıxış etdiyi Avstriyanın Şərq Regional Liqasında mübarizə aparmaq hüququ əldə edib.

Tarix: 23 Sentyabr [15:17]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
14 Dekabr 2017
13  Dekabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio