Ruslan Poladov: "Belə şeylər Azərbaycan futbolunu uçuruma aparır" MÜSAHİBƏ

23:56 - 8 Oktyabr 2017

"Qaradağ Lökbatan" - "Sabah" matçından (2:1) sonra meydan sahiblərinin kapitanı Ruslan Poladov Sportal.az-a müsahibə verib:

 

- Öncə matç haqda fikirlərini bildirərdin...

- Əvvəlcədən də bilirdik ki, oyun çox çətin olacaq. "Sabah" yeni yaransa da, güclü komandadı. Baş məşqçisi, oynatdığı futbol, komandadakı futbolçular bəllidi. Premyer Liqa təcrübəsi olan futbolçuları var. İlk turda onlar da qələbə qazanmışdılar, biz də. Bu da oyunun gərgin kəçəcəyini bildirirdi. Evdə ilk oyunumuz idi. Qələbə qazanmaq istəyirdik. Hesabda geri düşsək də, sonradan toparlanıb qələbə qazana bildik.

 

- "Qaradağ Lökbatan"a yeni gəlmisən. Komanda haqda fikirlərin necədi?

- Bu komanda həmişə iddialı olub. "Qaradağ Lökbatan" həmişə çempionluq uğrunda mübarizə aparıb. Tutduğu yerlərdən də bəllidi. Rəhbərlik həmişə komandaya qayğı göstərib. "Qaradağ Lökbatan"da oynamağımla qürur duyuram. İnanıb məni dəvət ediblər. Maksimum dərəcədə bu inamı doğrultmağa çalışacam.

 

- 2 turdan sonra maksimum nəticə ilə lidersiz. Bu mövqeyi qorumaq çətin olmayacaq?

- Məqsədimiz mövsümün sonunadək zirvədə qalmaqdı. Hər oyuna ilk oyun kimi çıxmaqlazımdır. Bütün matçlarda hədəfimiz 3 xaldı. Hədəfimiz çempion olmaqdı. Zaman keçdikcə oyunumuzu daha da inkişaf etdirib yaxşı nəticələrlə azarkeşlərimizi sevindirəcəyik.

 

- Kapitan kimi komandanın oyunu səni qane etdi?

- Ola bilər ki, istədiyimiz kimi oynaya bilmədik, öz oyunumuzdan bir az zəif çıxış etdik. Daha da yaxşı oynamalıyıq. Çünki biz buna layiqik. Oyundan oyuna hər kəs "Qaradağ Lökbatan"ın tam gücünü görəcək.

 

- Uzun müddət Premyer Liqada oynamısan. Premyer Liqa ilə I Divizion arasında hansı fərqlər var?

-  Premyer Liqa həmişə bir çox amillərə görə daha üstün olub. Amma I Divizionda da Premyer Liqa təcrübəsi olan bir çox futbolçular var. Buranı da öz ajeotajı, ambisiyaları, oyun üslubu var. Fərqlər olsa da, bu elə də çox deyil.

 

- Danışılmış oyunlara görə bir neçə komanda çempionatdan uzaqlaçdırıldı. Bu mövzu haqda fikirlərin necədi?

- Danışılmış oyunlara hamının münasibəti mənfidi. Bu danılmaz faktdı ki, belə şeylər Azərbaycan futbolunu uçuruma aparır. Yəqin ki, buna görə bir neçə komandaya lisenziya verilmədi. İnanıram ki, bir daha belə söz-söhbətlər olmaz. "Qaradağ Lökbatan"ın adı bu vaxta kimi danışılmış oyunlarda hallanmayıb, bundan sonra da hallanmayacaq.

 

- Çempionatda cəmi 10 komanda var. Bunun təsiri necədi?

- Komandaların çox olması yaxşıdı. Rəqiblər müxtəlif olur. Belə olduqda oyun üslubu da fərqli olur. Premyer Liqada 8 komanda var, 4 dövrədə oynayırlar. I Divizionda da 10 komanda 3 dövrəlik sistemdə oynayacaq. Oyun sayının çox olması üçün məcburiyyətdən 3 dövrə ediblər. Yenə sağolsunlar ki, oyun praktikasının itməməsi üçün çempionatı 3 dövrəli ediblər.

Xəbər xətti