Təmkin Xəlilzadə: "Onlara qarşı oynamaq qürurvericidir" MÜSAHİBƏ

19:50 - 14 Oktyabr 2017

"Zirə" Topaz Premyer Liqasının 8-ci turunda "Kəpəz"ə 3:0 hesabı ilə qalib gəlib.
 
Sportal.az xəbər verir ki, oyundan sonra matçda dubl edən Təmkin Xəlilzadə jurnalistlərə müsahibə verib.
 
- İlk dövrədə də “Kəpəz”ə iki qol vurmuşdun. Deyəsən, Gəncə klubunu qaralamısan...
- Xeyr, belə deməzdim. Hər oyuna qələbə üçün çıxırıq. Bu gün də belə oldu. Əsas odur ki qalib gəldik.
 
- Almaniya ilə matçdan sonra sanki canlanmısan, pələng kimisən. Yerli çempionatda Almaniya yığmasındakı kimi futbolçular olmur. Buna görə də Topaz Premyer Liqasında rahat çıxış etdiyini demək olar?
- Hardasa sizə haqq qazandırıram. Almaniya millisi top yığmalardandır. Onlara qarşı oynamaq qürurvericidir. Böyük futbolçulardır. Bizim üçün yaxşı təcrübədir. Bizim çempionat da yaxşıdır və çətindir. Bura elə güclü legionerlər gəlib ki, bu çempionatdan baş açmayıb gediblər.
 
- Son zamanlar təriflənirsən, diqqət mərkəzindəsən.  Azarkeşlər narahatdır ki, Təmkin “ulduz xəstəliyi”nə tutular və inkişaf əvəzinə, geriləyəsən. Çünki azərbaycanlı futbolçular təriflənəndə belə olur...
- Sizin vasitənizlə azarkeşlərə deyirəm ki, belə bir şey baş verməyəcək. Yaxşı deyiblər:  “Ağac bar verəndə başın aşağı əyər”. Təmkin daha çox artırmağa çalışacaq. Narahat olmasınlar.
 
- İlk hissədə zədələnmişdin. Gözləyirdik ki, əvəzlənəcəksən, amma oyuna davam edib dubla imza atdın...
- Oyunun epizodunda yerə pis düşdüm. Belimdə ağrı hiss edirdim. Həkim ağrıkəsici vurdu.
 
- Ayxan Abbasov oyunun gedişində tez-tez əsəbiləşirdi və oyunçulara etiraz edirdi...
- Komandanı ayıltmaq istəyirdi. Ev oyunu idi. 3 xal əhəmiyyətli idi. Qələbə qazanmaq vacib idi. 2-ci hissədə tapşırıqları düzgün yerinə yetirdik və əhəmiyyətli qələbə əldə etdik.
 
- Artıq bombardirlər cədvəlində 4 qolun var və Mahir Mədətovdan 1 top geridəsən. Müdafiəçi kimi bombardir olmaq məqsədi qarşına qoymusan?
- Bombardir olmağı hər oyunçu istəyir. Ancaq mən belə bir məqsəd qoymamışam. Mənim üçün “Zirə”nin qələbəsi vacibdir. Bu gün 5 qol vurub, amma 5:6 hesabı ilə uduzsaydıq, bu, mənim üçün əhəmiyyətsiz bir şey olacaqdı. Qələbədə pay sahibi olmaq əladır.
 
- “Zirə”nin hədəfi nədir?
- Desək ki, çempionluq üçün oynayırıq, düzgün olmaz. Hər oyuna vuruşmağa çıxırıq. Çempionatın sonunda bütün suallara aydınlıq gələcək.
 
- Robert Prosineçkinin millidən gedəcəyi gözlənilir. Səncə, qalsın, yoxsa getsin?
- Bu suala cavab vermək mənim səlahiyyətlərimə aid deyil. Robert Prosineçkinin dövründə yığmamız yaxşı oyun sərgilədi. Bu işə AFFA qərar verəcək.
 
- Millidəki yerini möhkəmlətdiyini demək olar?
- Hər şey özümdən aslıdı. 
 
- Hücumda daha effektli çıxış edirsən.  Millidə çətinlik çəkmirsən?
- Məşqçi hara desə, orda oynayırıq. Yarımmüdafiədə oynamaq mənə daha rahatdı. Topla oynamağı sevirəm. Amma məşqçi nə deyirsə, futbolçu onu etməlidir.

Xəbər xətti