Samir Əliyev: "Ustalıq öz sözünü dedi" MÜSAHİBƏ

18:14 - 4 Noyabr 2017

Topaz Premyer Liqasının 11-ci turunda səfərdə “Qəbələ”yə uduzan (1:3) “Səbail”in baş məşqçisi Samir Əliyev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
 
Sportal.az xəbər verir ki, Əliyev öncə oyunla bağlı fikirlərini bildirib:
 
- Hər oyun bizim üçün bir təcrübədi. Çoxdandı səfər oyunu keçirmirdik. Düzdü, 3 qol buraxdıq. “Qəbələ”dən daha çox qol gözləyirdim. Rəqib qapımıza 4 ya 5 zərbə endirdi ki, onun da3-dən istifadə etdi. 
 
- Nurlan Novruzov əvəzlənən epizodda ona sərt etiraz etdiz.
- Nurlan Novruz hələ ki, istədiyimizi vermir. Onun oyunundan narazı qaldım.
 
- “Qəbələ” boşluqlar versə də, bundan istifadə edə bilmədiz...
- Bəli, rəqibin boşluqları çox oldu. Ancaq istifadə edə bilmədik.
 
- Son oyunlarda Amit Quluzadə yaxşı oyun sərgiləsə də, bu gün meydanda yox idi. 
- Amit zədəlidi. “Qarabağ”la oyunda zədələnib. Buna görə, bu gün meydana çıxa bilmədi.
 
- “Səbail” əvvəlki oyunlarda daha sürətli görünürdü...
- Çalışırıq ki, sürətli oyun keçirək. Ancaq “Qəbələ” kimi komandalarla oyunda bu elə də alınmır. Məncə, bu cür rəqibə qarşı oyunumuz normal idi. Komandamın oyunundan razı qaldım.
 
- Murad Ağayev mərkəzdə çox top itirirdi...
- Əsas o idi ki, ötürməni dəqiq verəsən. Bilirdik ki, standart vəziyyətlərdə problemimiz olacaq. Rəqibin oyunçuları bizdən ucaboyludu.
 
- Bu gün “Qəbələ” güclü oynadı, yoxsa siz?
- Rəqibin daha çox hücumunu gözləyirdik. Fikrimcə, biz daha yaxşı təsir bağışladıq. Qapımız qarşısında çox təhlükəli vəziyyətlər yaratmadılar. Sadəcə, ustalıq öz sözünü dedi.
 
- Qışda dəyişiklik gözlənilir?
- Bizim müəyyən büdcəmiz var. Çalışırıq, ona uyğun oyunçular cəlb edək. Heyətimizdə gənc oyunçular çoxdu. Çalışırıq ki, Azərbaycan futboluna yeni futbolçular qazandıraq.
 
- Komandada gənc kimləri deyirsiz?
- Vüqar Nadirov və Popoviçini çıxsaq, komanda çempionatda ən gəncdi. Bizim komandamız ancaq Bakıda çıxış edib. Belə oyunlar çox keçirməliyik ki, təcrübə toplayaq.

Xəbər xətti