Samir Abasov: "Onunla söhbət edəcəyik"

20:55 - 4 Noyabr 2017

“Futbolçularımızı təbrik edirəm. Layiqli qələbə qazandıq”.

 

Sportal.az saytının məlumatına görə, bu sözlər “Sumqayıt”ın baş məşqçisi Samir Abasova məxsusdur. “Gənclik şəhəri” təmsilçisi Topaz Premyer Liqasının XI turunda öz meydanında “Keşlə”ni 2:1 hesabı ilə məğlub edib. Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən mütəxəssis fikirlərini bildirib:

 

“Neftçi” ilə oyunda yaxşı oynasaq da, məğlub olmuşduq. Bu oyuna yaxşı hazırlaşdıq, keçən matçlarda səhv edən futbolçuların üzərində işlədik. Uşaqlar da “Neftçi”yə məğlubiyyətin əvəzini bu gün çıxmaq istəyirdilər. Şükürlər olsun ki, qələbə qazandıq. Bugünkü qələbədə Cavid İmamverdiyevin payı çoxdu, gənclərimiz də yaxşı oynadılar”.

 

- Sanki Rəşad Eyubov kollektivdən geri qalır. Belə düşünmürsünüz?

- Ola bilər. Dediyim kimi, ola bilər ki, tələskənlik olur. Ən çox qələbə qazanmaq istəyən futbolçulardan biri də Rəşad idi. Lakin o, son oyunlarda səhvlər edir, onunla söhbət edəcəyik. 

 

- Oyunun yan xətt hakimi Rza Məmmədovun atası Məmmədəli Məmmədov "Neftçi"nin hazırkı təlim-məşq bazasının direktoru olub. Onun səhvi bundan irəli gələ bilərmi ki, "Neftçi"dən çox aralana bilməyəsiniz?

- Rza Məmmədovun "Neftçi" ilə əlaqəsinin olduğunu sizdən eşitdim. Bunu bilməməyimiz bəlkə də mənim səhvim idi. Amma Tural Axundov, Cavid Tağıyev fasilədən sonra mənə dedi ki, necə ola bilər ki, yan xətt hakimi oyundankənar vəziyyəti görməsin? Ötən tur "Neftçi" ilə oyunda Fərhad Vəliyevin son dəqiqələrdə buraxdığı qola çoxu deyirdi ki, təcrübəli qapıçıya yaraşmaz. Bugünkü səhv isə ondan betər idi.  

Xəbər xətti