Aftandil Hacıyev: "Nəticə bizi razı salmasa da, yaxşı oyun sərgilədik" MÜSAHİBƏ

"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında "Çelsi"yə 1:3 hesabı ilə uduzub.

 

Sportal.az xəbər verir ki, oyundan sonra komandanın baş məşqçisi Aftandil Hacıyev jurnalistlərin suallarını cavablandırıb. Gənc mütəxəssis ilk olaraq oyun haqda danışıb:

 

- İlk hissəni planlaşdırdığımız kimi keçirdik. İkinci hissədə rəqib önə keçəndə oyun sistemini dəyişdik. Bu, planımızda deyildi. Qol epizodlarımız oldu. Nəticə bizi razı salmasa da, yaxşı oyun sərgilədik. Ancaq daha yaxşı nəticə gözləyirdik. Ən azı uduzmamağı gözləyirdik. Uşaqlar əllərindən gələni etdi. Avropanın ən güclü komandalarından birinə qarşı oynayırdıq. Son 4 ildə 2 dəfə Gənclər Liqasını qazanıblar. Nəticə üçün məyusuq. Bəzi futbolçuların diqqətsizliyinə görə məğlub olduq.

 

- Qapıçı Məmməd Hüseynov Madriddə "qarabağ"ın "Atletiko"ya qalib gəldiyi oyunun qəhrəmanı idi. Ancaq bu oyunda çox səhvlər etdi...

- İstəməzdik belə olsun. Penlatidən sonra komanda "sındı". Qapıçılar "seyv"lər edəndə necə yadda qalırsa, səhvləri də eyni olur. Amma gəncdirlər, bu cür səhvləri keçmək olur. Bunu unutmaq lazımdır. Bunu təkrarlamaq lazımdır. Böyük futbola qədəm qoymaq istəyirlərsə, uşaq səhvlərini təkrar etməməlidirlər.

 

- Yaroslav Deda ardıcıl 3-cü oyunda da qol vurdu. Onun əsas komandaya qoşulacağı gözlənilir?

- Bəli, 3-cü qolu vurdu. Amma onun əsas komandada oynayıb oynamaycağını bilmirəm. Əsas komandanın da məşqçilər var və bizi izləyirlər. Bu matçda Deda seçilənlərdən idi. Bəzi epizodlarda dəqiqliyi çatmadı. Dedadan narazı deyilik.

 

- Son turda "Roma" ilə oyunda "Qarabağ"ın gənclərindən nə gözləmək olar?

- Hər oyun bizim üçün təcrübədir. "Roma" ilə matçda belə olacaq. İlk dəfədir ki, bu turnirdə çıxış edirik. Hər oyunda maksimum nəticə üçün çalışır.q "Roma" ilə də layiqli oyun nümayiş etdirməyə çalışacağıq. Bu oyunda yaxşı əks-hücumlarımız oldu. Ümid edirəm ki, Roma səfərində də belə olacaq.

 

- Bu oyunda sizinlə yanaşı, Rəşad Sadıqov da texniki zonada idi...

- Bəli, axşam  əsas komandanın oyunu 21:00-da olduğu üçün Rəşad da texniki zonada yer aldı. Qurban müəllimlə məsləhətləşib gəldi. Çalışdı ki, enerjisini itirməsin. Mən oyunun gedişində ona kömək etdim.

 

- Axşam "Çelsi" ilə oyunöncəsi Rəşad Sadıqovun fikri bu oyunda qalmayacaq ki, gənclərimiz uduzdu? Motivasiyası aşağı enməyib?

- Rəşadı tanıyanlar bilir ki, o, oyuna çıxanda hər şeyi unudur. Ona təsir etmək çətindir. Buna inanmıram. Sadıqov axşam maksimum şəkildə oynayacaq. O, bacarığını tam şəkildə nümayiş etdirəcək.

Tarix: 22 Noyabr [17:27]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
13 Dekabr 2017
12  Dekabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio