Samir Abasov: "Oyuna daha çox köklənməyimiz bizə mane oldu"

18:41 - 26 Noyabr 2017

“Nəticə ürəyimcə olmadı”.

 

Sportal.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abbasov deyib. “Gənclik şəhəri” təmsilçisi Topaz Premyer Liqasının XIII turunda öz meydanında “Səbail”lə qolsuz heç-heçə edib.

 

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən çalışdırıcı fikirlərini bildirib: “Qələbə qazanmaq istəyirdik. Amma görünən odur ki, tələsdik. “Səbail”in çox imkanları oldu və vurmadıqları üçün şükr etməliyik. Məncə, oyuna daha çox köklənməyimiz bizə mane oldu. İmkanlarımız olsa da, son anda istifadə etmədik. Son vaxtlar Amil Yunanovun oyunu alınmır. Bəlkə də, bombardirliyə çox kökləndiyi üçün belə alınır. Çalışacağıq ki, növbəti oyunlarda daha yaxşı çıxış edək”.

 

- Ramil Hasanov bu gün çox pis oynadı. Necə düşünürsüz, Ehtiram Şahverdiyevi start heyətdə meydana buraxmaq düzgün olmazdımı?

- Sözün açığı, Ehtiramda da effekt görmədim. 3 oyunçumuz cəzalı durumda olmasaydı, Ramil bu gün oynamayacaqdı. Sizə deyim ki, Ehtiram da yaxşı çıxış etmədi. O, əlinə düşən imkanlardan yararlanmalı idi. Ötürmələri sağa-sola xərclədi.

 

- Yaxın günlərdə PRO kateqoriyalı məşqçi kurslarına görə təcrübə keçmək üçün “Atletiko”nun düşərgəsinə yollanacağınız deyilir. Niyə məhz “Atletiko”?

- “Atletiko” xoşuma gələn klubdu. Amma məsələ hələ dəqiqləşməyib. Lakin çalışacağıq ki, ən yaxşı klubların birinə gedək.

Xəbər xətti