Qurban Qurbanov: "Rəşad Sadıqovu ağır yükün altına atmışıq" MÜSAHİBƏ

15:45 - 13 Dekabr 2017

İdman Araşdırmalar Mərkəzinin (İAM) "İlin qalibləri-2017" layihəsi çərçivəsində "Qarabağ"ın və millimizin baş məşqçisi Qurban Qurbanov ilin ən yaxşı baş məşqçisi seçilib.
 
Sportal.az xəbər verir ki, mütəxəssis tədbirdə jurnalistlərə müsahibə verib. Qurbanov ona səs verənlərə təşəkkür edib:
 
- Mənə səs verən və verməyən hər kəsə təşəkkür edirəm. Dəfələrlə qeyd etmişəm ki, belə nominasiyalar məni daha da məsuliyyətli edir. Çalışıram ki, daha da diqqətli olum. 
 
- Milli komandalarda yeni təyinatlar oldu. Bununla bağlı nə söyləyə bilərsiniz?
- Bu gün açıqlama verməyim düzgün çıxmaz. Dekabrın 20-dən sonra mətbuat konfransı keçirəcəyik və orada tam şəkildə sualları cavablandıracağıq.
 
- Rəşad Sadıqov 2 milliyə baş məşqçi təyin edildi. Rəşad "Qarabağ"ın U-19 komandası ilə yanaşı, həm də futbolçu karyerasını da davam etdirir. Bu qədər yükün altında olmaq onun üçün çətin olmayacaq?
- İnşallah, olmaz. Futbolun içindəyik. Tək bir işin ağırlığı bizim üçün az olar. Tək bir komanda və bir futbolçu ilə yox, ümumilikdə daha çox işlə yolumuzu inkişaf etdirməliyik. İnsanın bu yaş dövründə enerjisi çox olur. Onun əgər potensialı varsa, çalışacağıq ki, istifadə edək. Əlbəttə, ağır olacaq. Özü razı olmasa da, uzun söhbətdən sonra onu razı sala bildik. Bilirik ki, Rəşadı ağır yükün altına atmışıq. Sadıqovu mən və hamımız yaxşı tanıyırıq. Ona güvənirəm.
 
- Millimiz Gürcüstan yığması ilə yoldaşlıq görüşü keçirəcək. Niyə məhz bu komandanı seçdiniz?
- Açığı, milli komanda səviyyəsində rəqib tapmaq çətindir. Gürcüstan Futbol Federasiyası ilə AFFA-nın dostluq əlaqəsi var. Danışıqlardan sonra razılıq əldə etdik.
 
- “Çelsi”nin düşərgsində olacaqsınız və Antonio Kontenin məşqlərini izləyəcəksiniz. Nə üçün Antonio Konte?
- Fərqli klublarda, fərqli məşqçilərlə görüşmüşəm. Mənə lider məşqçilərlə görüşmək maraqlı gəlir. Onların düşüncələri, uğuru necə qazanmaqları və fəlsəfəsi maraqlıdır.

Xəbər xətti