Yuri Maksimov: "Rauf Əliyevi komandamızda görmək istəyirik" MÜSAHİBƏ

16:45 - 11 Yanvar 2018

“Keşlə”nin baş məşqçisi Yuri Maksimov bu gün I divizion təmsilçisi “Qaradağ Lökbatan”la (3:1) keçirilən yoxlama görüşündən sonra jurnalistlərin suallarını cavablandırıb. 

 

Sportal.az saytı həmin müsahibəni təqdim edir:

 

- Yeni futbolçularmız var. Onlara bu qarşılaşmada şans vermişdik. Bu, yalnız onlar üçün sınaq idi.

 

- Azərbaycan futbolu ilə bağlı təəssüratlarınız necədir?

- Azərbaycanlı futbolçular texniki cəhətdən yaxşıdırlar və top itirməyi sevmirlər. Oyuna aqressivlik qatmaq istəyirik. Düşünürəm ki, hər şey qaydasında olacaq.

 

- Qarşınıza nə hədəflər qoyulub?

- Qarşıma məqsəd qoyulub. Çalışacağıq ki, bu futbolçularla hədəfə çata bilək. Yeni oyunçular bizə hədəfə çatmaq üçün kömək etməlidirlər. Düzgün seçim aparmaq lazımdır.

 

- Baxışda olan futbolçularla bağlı qərar nə vaxt veriləcək?

- İlk oyun idi. Onlarla bağlı nəsə dəqiq bir şey deyə bilmərəm. Hələ ki, baxışdadırlar. Çalışırıq ki, müəyyən mövqeləri dolduraq. Elə yerlər var ki, orada azərbaycanlı futbolçular çıxış edəcək. Büdcəmiz çərçivəsində transferlərə baxacağıq.

 

- Yayda "Keşlə"dən ayrılan Rauf Əliyevin yenidən komandaya qaytarılması ilə bağlı məsələ müzakirə olunubmu?

- Biz Raufu komandamızda görmək istəyirik. O, yaxşı futbolçudur. Əliyevlə bağlı müsbət fikirlərim var. Amma arada bir inciklik olub. Müqavilə məsələsində razılıq yoxdur. Biz ilyarımlıq müqavilə təklif etmişik. O isə 6 aylıq saziş istəyir. Bu baxımdan razılıq əldə edilməyib.

Xəbər xətti