Millimizin baş məşqçisi: "Bir-biri ilə əlaqəli sistemdə işləyəcəyik" MÜSAHİBƏ

00:06 - 13 Yanvar 2018

18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Zaur Həşimovun Sportal.az saytına müsahibəsi: 

 

- Öncə U-18-in hazırda davam edən toplanışını dəyərləndirmənizi istərdik.

- Bildiyiniz kimi, yanvarın 4-də toplanışa start vermişik. Hazırda 26 futbolçu bizimlədi. Toplanışın ilk həftəsini başa vurduq. Heyətdən 4 nəfəri çıxardıq, əvəzinə 5 futbolçunu cəlb etdik. Bu proses həm seleksiya xarakterlidi, həm də elə dövrə düşüb ki, fiziki hazırlıq üzərində də çox işləyirik. Biz indi fiziki yüklənmələr keşməsək, çempionatda onlar üçün problem yarana bilər, zədə ehtimalı artar. Ancaq bu toplanış tam olaraq bütün uşaqların baxışdan keçməsi deyil. Hazırda 6 nəfərimiz U-19-da baxışdadı. Bu gün Rusiya "Yenisey"indən bir nəfər gələcək. Seleksiyaya diqqəti ayırmışıq. Eləcə də fiziki hazırlıq keşməklə uşaqların möhkəmliyini yoxlayırıq. Məlum olduğu kimi, srağagün "Keşlə"nin əvəzediciləri ilə oyun keçirdik, 0:2 hesabı ilə məğlub olduq. Belə qarşılaşmaları keçirməkdə məqsəd uşaqları yüksək səviyyədə hazırlamaqdı. Həmçinin kimin necə təsir bağışladığına, nəyə qadir olduğuna daha yaxından bələd oluruq.

 

- Növbəti yoxlama oyunu ayın neçəsinə nəzərdə tutulub?

- Yanvarın 18-nə iki oyun planlaşdırırıq. "Zirə"nin və "Qarabağ"ın əvəzedici heyətləri ilə qarşılaşacağıq. Bu yaş qrupundan çox az uşaq U-19 liqasında oynayır. "Sumqayıt"ın baş məşqçisi Samir Abasov isə 2 futbolçunu əsas komandaya da cəlb edir. İki əmoğludan - Səbuhi və Rüfət Abdullazadən biri bizdə, biri isə U-19-un düşərgəsindədi. Bəzi oyunçular var ki, "qablarında" nəsə var. Ancaq U-17 liqası həddən artıq zəif liqadı. "Qəbələ" yalnız 1 oyunda heç-heçə edib, qalan oyunları udub, 69 qol vurub. Hamını udurlar. Lakin əvəzedici heyətlə oynayanda görürsən ki, "Qəbələ"nin oyunçuları da o səviyyədə deyil. U-17 liqası üçün əladı, amma bir addım irəli atanda vəziyyət dəyişir. Odu ki, iş çoxdu, məsuliyyət böyükdü, ancaq çəkinmirik. Döyüşkən, mübariz bir komanda yığmağa çalışacağıq.

 

- Həm U-20-nin, həm də U-18-in yaradılmasında məqsəd o oldu ki, keçid yaş qrupundakı futbolçular itməsin. Necə düşünürsüz, bu effekt verəcək? 

- Ümumilikdə, elə bir sistem qurulub ki, fərq etmir kim hansı yığmanı çalışdırır. Düzdü, U-17 burda deyil. Ancaq U-19-un oyununda hamımız ordaydıq. Eləcə də bizim sınaq görüşümüzü bütün məşqçilər izlədi. Belə deyim, bir-biri ilə əlaqəli sistemdə işləyəcəyik. Yeni yığmaların yaradılmasının əhəmiyyəti böyükdü. Həm uşaqlar həvəsdən düşmür, həm də göz qabağında olurlar. İl ərzində çalışacağıq ki, burda yoldaşlıq oyunları keçirək, xarici komandalarla qarşılaşaq. Uşaqların itməməsi, həvəsdən düşməməsi və hər zaman hazır olmaları baxımından bu millilərin rolu böyük olacaq. Məsələn, Vüqar müəllim bizim oyunumuza baxıb bir nəfəri U-19-un toplanışına dəvət etmək istəyir.

 

- "Zirə"dən ayrılmısız?

- Artıq "Zirə"dən ayrılmışam. Yalnız yaya qədər kluba kömək etmək söhbəti var idi. Bu məsələ də tam qapanıb. Klubla vidalaşmışam.

 

- Belə deyək, bütün diqqəti U-18-ə yönəltmisiz?

- Ola bilər, hansısa məqamda gəlib baxaram, kömək edərəm. Ancaq sırf U-18-ə köklənmişəm.

 

- İki yerdə işləməyə AFFA icazə vermir?

- Bilirsiz ki, AFFA rəhbərliyi məsuliyyəti tam olaraq Qurban müəllimə verib. Bəzi məqamlarda məşqçilərə güzəşt edəcəklər. Ancaq baş məşqçilərə yox. Onlar sırf öz işlərinə köklənməlidi. Yalnız "Qarabağ"la AFFA arasında bu mənada problem yoxdu. Gələcəkdə hansısa klubda baza yaratmaq məqsədilə nəsə addım atıla bilər.

Xəbər xətti