Kamran Ağayev: "Bəzi jurnalistlər səmimiyyətdən sui-istifadə edir" MÜSAHİBƏ

13:13 - 2 Fevral 2018

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Keşlə" klubuh hazırlıqlarına son verib. Dünən Antalyada Bakıya yola düşən komanda çempionat hazırlıqlarının Türkiyə bölümünü yekunlaşdırıb.

 

"Keşlə"nin və milli komandamızın qapıçısı Kamran Ağayev toplanışın son günündə korner.az və newsport.az saytlarına müsahibə verib.

 

Sportal.az həmin müsahibəni təqdim edir:

 

- Qısa müddətdir. Vaxtın az olması işimizdə məhdidyyətlər yaradır. Komandada yeni futbolçular var. Toparlanmağa, adaptasiya olmağa çalışırıq. Qarşıda çempionat var. Əskiklərimiz var. Onlar işləyib düzəltməliyik. Toplanış müddəti az olsa da, düşünmürəm ki, komanda pis durumdadır. Daha yaxşı olmalıyıq. Demək olar ki, hazırıq.

 

- Komandada Orxan Sadıqlı ilə rəqabətdəsiz. Sizcə, start heyət uğrunda onunla mübarizə aparmaq çətin olmaycaq ki?

- Yaxşı olar, inşallah. Təki komandaya xeyir verək.

 

- Yeni gələn transferlər haqda nə deyə bilərsiz? Sizcə oyunçular komandanın gücünə güc qatacaq?

- Düşünürəm ki, komandanın xeyrinə olan bütün addımlar yaxşılığa doğrudur. Nəyi pisdir ki? Öncədən heç kim heç nə deyə bilməz.

 

- Milli komanday ilə bağlı barədə nə düşünürsüz?

- Təbii ki, milli komandadan danışırıqsa, bu ölkənin adıdır. Milli hamımızın canıdır, qanıdır, namusudur. Bura da hamımız yaxşı oynamalıyıq. Çünki orada Azərbaycan sözü yazılıb. Özünü azərbaycanlı sayan milli komanda üçün əlindən gələni etməlidir. Milli komandanın oyunçusuyuqsa, artıq vəssalam deyib dayanmaq lazım deyil. Çalışmaq lazımdır. Doğrusunu Allah bilər. Düşünürəm ki, hər şey yaxşı olacaq.

 

- “Keşlə”nin hazırki məşqçisinin tərzini necə qiymətləndirirsiz? Futbolçular fiziki yüklənmənin çox olduğunu deyir...

- Komandada kim bundan şikayətçidir, bilmirəm, amma düşünürəm ki, peşəkar futbolçu belə durumda şikayətlənməməlidir. Məşqin ağırı, yüngülü olmur. Təbii ki, heç bir uğur zəhmətsiz qazanılmır. Orada zəhmət olur. Nəticə vermək istəyirsənsə, gərək əziyyət çəkəsən.

 

- Bir çox məşqçilərlə işləmisən. Onları müqayisə edə bilərsənmi?

- Bu sualı mənə çox veriblər. Müqayisə etmək istəmirəm. Hər məşqçinin özünəməxsus tərzi var. Bizə məşqçi nə göstəriş verirsə, onu edirik. Onu deyə bilərəm ki, Qurban müəllim azərbaycanlıdı, dilini çox yaxşı başa düşürük. Qurban Qurbanovu uzun müddətdir tanıyıram – futbola yeni başladığım vaxtlardan. Dediyim kimi, hər məşqçinin özünəməxsus xüsusiyyəti var. Yaxın gələcəkdə millinin əsas oyunları başlayacaq. Ümid edirəm ki, bizim üçün yaxşı olar. Orada oynasam da, oynamasam da, arzum odur ki, milli komanda ilə yaxşı yerlərə qədər irəliləyək.

 

- Millidən söhbət düşmüşkən, Millətlər Liqasında qrupumuzun favoriti hesab edilirik. Həmin turnirdə şanslarımızı necə dəyərləndirərdin?

- Hər şeyin doğrusunu Allah bilər. Şansdan söhbət gedirsə, onu deyə bilərəm ki, özümə çox güvənirəm. Kiminlə oynamağımızdan asılı olmayaraq özümə güvənməsəm, idmanla məşğul olmaram. Bu özündənrazılıq deyil, çünki güvənməklə özündən razı olmaq ayrı şeylərdi. Güvən odur ki, özünü hazır hiss edirsən, tam gücünlə mübarizə aparacağına inanırsan. Özündən razılıq isə, nəbilim, mən filankəsəm, adım var, sanım var deyən adamlara şamil olunur. Hər gün məşq edib əziyyət çəkmək lazımdı.

 

- Hər futbolçunun həm sevəni, həm də tənqid edəni olur. Sizin də azarkeşləriniz az deyil. Həmin insalara öz hazırki idman formanız haqda, ümumiyyətlə gələcək haqda nə demək istəyərdiniz?

- Bu yaxınlarda bir hadisə ilə rastlaşdım. Çox xətrimə dəyən məsələ idi. Hələki açıqlamaq istəmirəm, ancaq bir müddət sonra açıqlayacağam. Azarkeşlərimizə gəlincə, demək istəyirəm ki, üzülməsinlər, hər şey yaxşı olacaq. Zədə hər kəsin başına gələ bilər, heç bir futbolçu sığortalanmayıb. Zədəli olaraq getdim Çexiya klubuna və orada heyətə düşə bilmədim. Zədəni bərpa etdim, ondan sonra yenə zədələndim və artıq alınmadı. Ora Azərbaycan deyil, hazır futbolçu istəyirlər. Öz istəyimlə müqaviləyə xitam verdim. Düşündüm ki, bura dincəlməyə gəlməmişəm. Əgər oynamıramsa, orada qalmağın bir mənası yoxdur. Gəldim Azərbaycana, müalicə aldm. Ona görə də bir az artıq çəki almışam. Yenə də, həyat davam edir. İstəməyən adamlar da olur, gözügötürməyən adamlar olur. Bilirsiniz, nə gəldi yazırlar, deyirlər. Futboldan anlamayan adam elə bir şərh yazır ki... Sosial şəbəkələrdə aktiv olan azarkeşlərə demək istəyirəm ki, hər yazdıqlarına diqqət etsinlər. Hamımız şəxsiyyətik, ilk növbətə şəxsiyyətimizə hörmət etməliyik. Kimsə tanımadığı adam haqda təhqiramiz ifadələr yazırsa, bilsin ki, birmənalı şəkildə həmin adam insanlıqdan çıxır. İnsan dediyin heç vaxt anonim şəkildə söyü yazmaz. Təbii ki, fikrini bildirmək istəyirlərsə, buyursunlar. Ancaq söyüşlə heç nə həll olunmur. Robert Prosineçkinin dönəmində mənə topu meydana daxil etməyimlə bağlı göstəriş verilmişdi. Azarkeşlər də yazırdılar ki: “Nə oldu? Bu düz top vura da bilmir ki?!”. Bizə göstəriş verilib. Öz fikrimlə oynamağa ixtiyarım yoxdu, çünki bu milli komandadır. Nə deyirlərsə, nə tapşırırlarsa, onu edirəm. Danışdıqlarım kluba da aiddir. Orada da məşqçinin tələblərinə riayət etməliyik.

 

- Bütün dedikləriniz, ümumiyyətlə azarkeşlərin gözünün sizdə olması üzərinizdə təzyiq yaratmır ki?

- İnanın ki, heç fikir vermirəm. Ümumiyyətlə, bəzi jurnalistlərin suallarına üstüqapalı açıqlamalar verirəm. Bayaq da, adını çəkmək istəmirəm, bir nəfərə elə açıqlama verdim. Bəzi jurnalistləri yola verirəm. Niyə? Çünki həmin adamlara açıqlama versən də, xeyri olmur, bldiklərini, istədiklərini yazırlar. Mənim üçün məlum məsələdi artıq, 21 ildi futboldayam, tanıyıram kim kimdi. Belə şeylərdə radikal olmuşam. Nə var olduğu kimi danışmışam. Amma görürəm ki, bəziləri səmimiyyətdən sui-istifadə edir. Bunları yazıb milləti futboldan küsdürə bilmərik. Kimsə maddi marağa görə belə şeylər edirsə, bilsin ki, Azərbaycan futboluna ləkədir. Bir futbolçu yetişdirmək üçün ən azı 15 il vaxt lazımdı. Amma bir yazı ilə hansısa futbolçunu sındırmaq olmaz. 15 illik əziyyət çəkilir, futbolçu yetişir və hansısa jurnalist onu bir yazı ilə futboldan uzaqlaşdırır, məşqçini gözündən salır, irəli getməyə qoymur. Əksinə dəstək olmaq lazımdı. Hər kəs deyir ki, Kamran intizamsızlıq edir. Normal adam bunu soruşar, sonra yazar. İndiyə qədər heç bir komanda yoldaşımdan soruşmayıblar ki, Kamran necə adamdı? Bunları soruşmadan, bilmədən bir şəxsin intizamsız olmasını necə müəyyən etmək olar? Mənim haqqımda heç kim mənfi fikir deməyib. Yəqin ki, yanılmıram. Ümumiyyətlə, cəmiyyətimizdə bir insanı tez silə bilirik. Məsələn bir məhbus sonradan həyata tutuna bilmir, heç kim güvənmir ona. Futboldan kənar misal çəkdim, ancaq bu futbolda da belədir. İnsana sona qədər inanmaq lazımdı. Futbol kütləvi idman növüdür. Biri pisdisə, hamısı pisdir mənasına gəlmir.

 

- Bu mövzuda danışmışkən, Nizami Hacıyev və Mirhüseyn Seyidovun ömürlük futboldan uzaqlaşdırılması məsələsinə münasibətiniz necədir?

- Hələ də inana bilmirəm, Ümumiyyətlə, inanmıram. Çünki onlar elə adamlardı ki, inanmıram belə etsinlər. Söz-söhbət həmişə olur. Biz Türkiyə yığmasını məğlub edəndə dedilər oyun satılıb. Uduzursan deyirlər oynaya bilmirik, udanda da deyirlər ki, oyun satılır. Anlamaq olmur. “Qarabağ” öz zəhməti ilə Madrid “Atletiko”su ilə oyunda heç-heçə edib, xal qazandı. İfadəmə görə üzr istəyirəm, bəzi ağzıgöyçəklər də dedilər ki, oyun satılıb. Özümə gəlincə, belə şeylərdən həmişə uzağam. Özüm görsəm ki, komandada belə bir hadisə var, oradan uzaqlaşaram.

Xəbər xətti