“Qarabağ”la “Qəbələ”nin 46-cı dueli

01:10 - 9 Fevral 2018

Bu həftə Topaz Premyer Liqasında mövsümün ikinci yarısına start veriləcək.

 

Sportal.az xəbər verir ki, qış fasiləsinin ardından 15-ci turun oyunları keçiriləcək. 2018-ci ilin ilk turu liderlərin dueli ilə əlamətdar olacaq. Turnir cədvəlinin ilk iki pilləsində qərarlaşan, ötən mövsümü də ən yüksək mövqelərdə başa vuran “Qarabağ”la “Qəbələ” Bakıda üz-üzə gələcək. “Qırmızı-qaralar” paytaxtdakı oyunda 46-cı dəfə Ağdam klubu ilə qarşılaşacaq. Belə ki, indiyədək “Qəbələ” və “Qarabağ” 45 dəfə görüşüb. Rəqiblərin növbəti dueli fevralın 10-na təsadüf edəcək.

 

İlk dəfə 2006-cı ildə qarşılaşan komandaların matçlarında “Qarabağ” daha çox – 18 qələbə qazanıb. “Qəbələ”nin hesabında isə 11 uğur var. Digər 16 matçda qalib müəyyənləşməyib. Arxada qalan 45 oyunda “Qəbələ” 41 qol vurub, 54-nü buraxıb.

 

“Qırmızı-qaralar”ın “Qarabağ”ın qapısından keçirdiyi 41 topa 27 futbolçu imza atıb. “Qəbələ”nin ən yaxşı bombardiri braziliyalı Dododur. O, ağdamlıların qapısına 5 qol vurub. Viktor Mendi 4, Filip Ozobiç və Sergey Zenyov hərəyə 3 dəfə rəqib qapısına yol tapıb.

 

“Qəbələ”nin “Qarabağ”la oyunlarından 38-i Premyer Liqa, 7-si Azərbaycan kubokuna təsadüf edib. Çempionatda ağdamlılar 17, qəbələlilər 10 dəfə 3 xala sevinibsə, 11 qarşılaşmada qalib müəyyənləşməyib. Premyer Liqa duellərində “qırmızı-qaralar” 36 qol vurub, 48-ni buraxıb.

 

Bir dəfə - kubokun finalında neytral meydanda üz-üzə gələn tərəflər hərəyə 22 ev oyunu keçirib. “Qəbələ”nin səfər matçlarına gəlincə, rəqib meydanında 4 qələbəsi olan bu komanda 8 heç-heçə edib və 10 dəfə uduzub. Meydan sahibləri 29, “qırmızı-qaralar” 17 dəfə fərqlənib.

 

Cari mövsüm baş tutan ilk iki dövrənin oyunları meydan sahibi olan komandanın qələbəsi ilə başa çatıb. 2017-ci il avqustun 26-da keçirilən III turun matçında Ağdam klubu 2:1 hesablı ev qələbəsi qazanıbsa, IX turun Qəbələdəki oyununda meydan sahibləri 1 qolla qalib gəlib.

Xəbər xətti