Qurban Qurbanov: "Klubla millidə tələblərim başqadır" MÜSAHİBƏ

21:08 - 24 Mart 2018

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Sportal.az saytına müsahibəsi: 

 

- "Sumqayıt"la yoxlama görüşündən qalib ayrıldınız. Oyun haqda düşüncələriniz necədi?

- Pis oyun olmadı, sürətli qarşlaşma izlədik. İstəyirdim ki, belə bir matç olsun. "Sumqayıt"ın baş məşqçisi Samir Abbasov sağ olsun, əvvəlcədən bu oyunla bağlı razılıq əldə etmişdik. Düşünürəm ki, hər iki komanda yaxşı oyun göstərdi. Futbolçuların istəklərindən razı qaldım, həm "Sumqayıt", həm də bizimkilər istəkli idilər. Oyun düşündüyümüz proqram üzərində alındı.

 

- Dünən milli, bu gün "Qarabağ". Yorğun deyilsiniz?

- Bir az yorğunluq var, ardıcıl 10 gün bu qrafikdə işləməliyəm. Milli komandanın oyunçularına səhər məşqindən sonra axşamadək istirahət vermişdim. Axşam yenə bir yerdə olacağıq. Həmin fürsətdən istifadə edib "Qarabağ"ın oyununda iştirak etdim. 

 

- Bu gün "Qarabağ"ın heyətində xeyli sayda gənc futbolçu iştirak etdi. Ehtiyat qüvvənin özünü göstərməsindən razı qaldınız?

- Bir oyundan sonra fikir bildirmək çətindi. Bu gün çıxış edən gəncləri hər zaman nəzərdə saxlayırıq. Ümumilikdə, daha əvvəl iştirak etdiyi matçlarla indiki arasında çox fərq var. 

 

- Milliyə namizəd sayılan, amma dəvət almayan futbolçuların durumu necədi? Məsələn, Əfran İsmayılov, Rahid Əmirquliyev, Ağabala Ramazanov...

- Pis deyil. Çox çalışmaq lazım olduğunu dərk edirlər. Bu gün dəvət almayıblarsa, bu o demək deyil ki, həmişə kənarda qalacaqlar. İndiki halda daha çox oynayan futbolçulara üstünlük verdik. Bu da o demək deyil ki, daima bunlar dəvət alacaqlar.

 

- "Qarabağ"ın futbolçusu Elvin Yunuszadənin millidən kənarlaşdırılması sizə təsirli gəlmir? Axı o sizin xarakterinizi, peşəkarlığınızı bilir...

- Mənim klubdakı tələbim başqa, millidəki tələbim başqadı. Klubda bəzi şeylərə göz yummaq olar. Futbolçudu, ilboyu eyni sistemdə işləmək çətinlik yarada bilər. Amma millidə buna yol vermək olmaz. Milliyə gəldiyim gündən ilk tələbim öz futbolçularımdan olub. Elvin ilk dəfədi belə səhvlər etmir. Belə hallarda bu addım atmalı idim və atdım. Yəqin sizin üçün də təəccüblü bir şey yoxdu. 

 

- Elvin Yunuszadə "instagram" hesabında belə bir paylaşım edib: "Mənim hökmümü yalnız Allah verə bilər". Bu, baş məşqçiyə qarşı üsyan deyil?

- Elvindi, boş verin. Bu paylaşımın nə ilə bağlı olduğunu başa düşmürəm. Ümumiyyətlə, bizim hökmümüz heç vaxt Allahın hökmü ola bilməz. Bizim qərarlarımız var, cəzalandırmışıq, bağışlamışıq. Mənim onun fikirlərinə münasibət bildirməyim düzgün deyil. 

 

- Elvinin klubdakı taleyi necə olacaq?

- Elvin son zamanlar çox yaxşı formada idi. Amma elə qayda-qanun var ki, belə şeylərə göz yumulmur. Mən futbolçunu cəzalandırmağı xoşlamıram. Oynadığım vaxtlar mənim də səvhlərim olub. Əgər Elvin mənim rəhbərliyim altında oynayırsa, cəzalandırmağa haqqım var. 

 

- Yunuszadə əsas komanda ilə məşq edəcək?

- Bu gündən əvəzedici komanda ilə məşq edəcək. 

 

- Elvinlə yanaşı, Araz da toplanışa gecikib. Avropada oynayan futbolçunun belə səhvə yol verməsi nə dərəcədə düzgündü?

- Araz cəzasını aldı. Onunla cəmi iki gündü bir yerdə işləyirik. Ümid edirəm ki, Araz daha yaxşı futbol oynayacaq və insan kimi keyfiyyətlərini yaxşılaşdıracaq. Onunla milliyə gəldiyi gün söhbətimiz oldu. Elə anlar var ki, həm elə, həm də belə qərarlar verməliyik.

 

- Araz Abdullayevə karyerasını Avropada davam etdirməsi ilə bağlı söhbətiniz oldu?

- Xeyr, ancaq milliylə bağlı danışmışıq.

Xəbər xətti