Samir Abasov: "Yenə səhv etsə, ona görə xahiş etmiş insanlar da gedəcək" MÜSAHİBƏ

21:21 - 24 Mart 2018

"Sumqayıt"ın baş məşqçisi Samir Abbasovun Sportal.az saytına müsahibəsi: 

 

- Yoxlama oyununda "Qarabağ"la üz-üzə gəldiniz. Matçla bağlı fikirlərini necədi?

- Futbolçuları sınadıq. Həm də uzun müddətdi oynamayan, oyun praktikasından əziyyət çətən futbolçulara şans verdik. İnanırsız, uzun müddətdi oynamayan futbolçuların durumu ürəkaçan deyil. Nə qədər çətin oyunlarımızın qaldığını fikirləşəndə, əziyyət çəkəcəyimizi dərk edirik. Allah oynayan futbolçularımızı zədədən, qırmızı vərəqədən qorusun. 

 

- Oyun praktikasından əziyyət çəkən futbolçular dedikdə, kimləri nəzərdə tutursunuz?

- Əsas komandanın oyunçuları. Əvəzedicilər başadüşüləndi, bəlkə birinci dəfədi belə rəqibə qarşı oynayırdılar. Amma əsas komandanın oyunçuları var ki, zədədən qayıdıblar, çoxdan oynamayıblar, adaptasiya dövrünü keçiblər, artıq çox müddətdi bizimlədi, onların oyunu kollektivdən bir qədər arxa planda qalırdı. Onların oyunu bir az ürəkaçan olmadı. 

 

- Xəyal Nəcəfovu yenidən əsas komandaya qaytarmısınız. Amma əvvəlki açıqlamanızda onu bağışlamayacağınızı demişdiniz.

- Müəyyən məsələlər var ki, indi açıqlama vermək istəmirəm. Vəziyyət bunu tələb etdi. Komandadakı yaşlı oyunçular, kapitanımızın xahişi Xəyalı komandaya qaytardı. İndi açıqlama versək, oyunçunu pis etmiş olarıq. Amma yenə deyirəm, bəzi məsələlər məni yumşaltmağa gətirib çıxardı. 

 

- Onun əsas komandadan göndərilməsinə səbəb nə idi?

- Ümumi problem idi. Ailədən tutmuş, hər şey. Əsas odu ki, bütün komanda məndən onun bağışlanmasını xahiş etdi. Mən də yaşlı oyunçuların sözünü yerə salmaq istəmədim. Amma onlara bildirdim ki, Xəyal növbəti səhvə yol versə, onu xahiş etmiş insanlar da Xəyala qoşulub gedəcək. 

 

- Bu, Xəyalın son şansıdı?

- Əlbəttə. 

 

- Millinin oyununu təbii ki, izləmisiniz. "Sumqayıt"ın oyunçuları necə təsir bağışladı?

- "Sumqayıt"ın oyunçuları ən yaxşılardan idi. 

 

- Amil Yunanov fasilədə əvəzləndi. Bu, onda ruh düşkünlüyü yaratmayacaq?

- Yox. Sadəcə, Amilin o səviyyədə ilk oyunu idi, başadüşülən idi. Həddindən artıq çox çalışdı. İmamverdiyev üçün belə oyunlar adi hal olduğu üçün yaxşı oynadı. Tural isə xoş cəhətdən təəccübləndirdi. 

Xəbər xətti