Rəşad Sadıqovdan Dino Ndlovu ilə bağlı AÇIQLAMA

10:10 - 30 Mart 2018

Qış fasiləsində "Qarabağ"dan ayrılaraq Çinin "Hançjou Qrintaun" klubuna keçən Dino Ndlovu keçidindən sonra Ağdam klubunda qalmaq istədiyini, lakin baş məşqçi Qurban Qurbanovun onu heyətdə saxlamaq həvəsində olmadığını demişdi.

 

Bu məsələ ilə bağlı "Qarabağ"ın kapitanı Rəşad Sadıqov Dinonun təklif aldıqdan sonra fikirlərinin dəyişdiyini və Çingə getmək üçün hay-küy saldığını bildirmişdi. Cənubi afrikalı forvard ölkə mətbuatına (qol.az) açıqlamasında yenidən özünü müdafiə etmişdi.

 

Sportal.az xəbər verir ki, CBC Sport kanalında III hissə verilişində qonaq olan Sadıqov bu haqda növbəti açıqlama vermək məcburiyyətində qalıb:

 

“Komanda yoldaşlarımla bağlı açıqlama verməmişdim. 36 yaşımda buna məcbur olub etmişdim. Çünki kənarda söz-söhbətlər var idi. İstəmədim desinlər ki, “Qurban Qurbanov və “Qarabağ” belə bir hücumçunu əlindən buraxdı”. O da pula görə getdi. Karyerasında ən qazanclı mövsümü keçirmişdi. Çempionlar Liqasının qrupuna düşmüşdük. Rəhbərlik də onun getməsinə və təklifə müsbət yanaşmırdı. Nə demişəmsə, arxasındayam sözümün. Komanda daxilində Dinonu yaxşı biri kimi tanıyırdıq. Hər zaman qaynayıb-qarışırdı. Ancaq təklif alandan sonra başqa cür oldu. Bir çox futbolçular var ki, təkliflərdən sonra dəyişirlər. Əlbəttə, bizə də təkliflər olur. Ancaq danışmağın da müəyyən dərəcəsi var. Əgər səni buraxmırlarsa, qalmalı və formanın haqqını verməlisən. Necə oldu ki, Dino getdi? 750 min avro “Qarabağ” üçün böyük məbləğ deyil ki. Əgər 5-6 milyonluq təklif olsa, satıb 5-6 futbolçu almağa dəyər. Ancaq bu məbləğdə tapmaq çətindir. Reynaldonu vaxt olub ki, 3 milyon avroya buraxmamışıq. Biz Dinonu buraxmırdıq. Bəs necə oldu ki, getdi? Nə baxş verdi? Kim belə hücumçunu buraxmaq istəyirdi? Özü də qışda futbolçu tapmaq daha çətindir. Onun da fikirlərini başa düşürəm. İstəmir ki, burda haqqında başqa cür fikirləşsinlər. Ağıllı legioner hər zaman düşünür ki, yenidən bir gün həmin ölkəyə geri dönə bilər”.

Xəbər xətti