Renat Dadaşova yiyə duran tapılmır

14:58 - 3 May 2018

Millimizin üzvü Renat Dadaşov özünə klub axtarmaqda davam edir.

 

Sportal.az xəbər verir ki, "Ayntraxt"dan qovulan futbolçu fərdi məşqlər edir. Dadaşov Bundesliqa klublarından birinə keçməyi arzu edir. Renat gənclər komandasından əsas heyətə yüksəlmək üçün bu fikirdədir. Lakin ona belə bir təklif yoxdur. 18 yaşlı futbolçu özünə intizamsız damğasını vurduğu üçün ona yaxın duran tapılmır. İpə-sapa yatmayan, gənc yaşında pul hərisi kimi tanınan futbolçuya II Bundesliqa təmsilçiləri belə yaxın durmur.

 

Mövsüm ərzində istənilən şəkildə oyun sərgiləyə bilməyən hücumçu qış fasiləsində artıq çəkisi olduğu üçün əsas komanda ilə təlim-məşq toplanışına aparılmamışdı. Aşağı səviyyədə oynayan Renat qolunun gücünü sınamaq qərarına gəlmiş, əzələsini komanda yoldaşını döyməklə nümayiş etdirmişdi. Hücumçu bununla kifayətlənməyərək, məşqçini təhqir etmişdi. Bu səbəbdən də "Ayntraxt" millimizin üzvünü komandadan qovmuşdu.

Xəbər xətti