Rəhman Hacıyev: "İstəyirik ki, Tərlan Əhmədov komandada qalsın" MÜSAHİBƏ

00:11 - 7 May 2018

Topaz Premyer Liqasının 26-cı turunda "Neftçi" səfərdə "Qarabağ"a 1:0 hesabı ilə qalib gəlib.
 
Sportal.az xəbər verir ki, oyunda yeganə qolun müəllifi olan Rəhman Hacıyev jurnalistlərə müsahibə verib. Yarımmüdafiəçi öncə oyunla bağlı fikirlərini səsləndirib:
 
- Rəqib səhv etdi və bundan yararlandıq. Buna baxmayaraq, “Qarabağ” yaxşı oynadı. Ancaq təzyiq göstərdik və şükürlər olsun ki qalib gəldik.
 
- Komandanın ətrafında müxtəlif söz-söhbətlər dolaşır. Oyuna psixoloji cəhətdən necə çıxmışdız?
- Bu oyundan çox şey asılı idi. 3-cü yeri tutmaq üçün mübarizədə qələbə bizə vacib idi. Əgər məğlub olsaydıq, şansımız az olacaqdı. Artıq “Sumqayıt”la xallarımız eynidir. Son iki tura ciddi hazırlaşacağıq. Fikrimiz üçüncü yeri tutmaqdır.
 
- Komandada fiziki cəhətdən problem var?
- Xeyr, çempionatın sonlarıdır. Hazırda yorğunluq var, biz də mübarizə apardıq və hesabı qoruya bildik.
 
- Oyunun sonlarında “Neftçi” 4-5 qol şansı yaratsa da, futbolçular bir-birini başa düşmürdü. Lukas Qomes əlverişli mövqeydə olsan da, sənə ötürmə etmədi…
- Onun da öz fikri var, ötürə və ya vura bilərdi. Futbolda normal hallardır.
 
- Rəhbərliklə Tərlan Əhmədov kəllə-kəlləyə gəlib. Arada soyuq münasibət var. Onların bu davranışı futbolçulara necə təsir edir?
- Onların öz aralarında olan bir şeydir və futbolçulara aiddiyyatı yoxdur. Futbolçulara da təşəkkür edirəm ki, komanda şəklində yaxşı çıxış etdik və qalib gələ bildik.
 
- Tərlan Əhmədovun gedişi sizə ziyan verər?
- Tərlan müəllim gələndə aşağı yerlərdə idik. Hazırda komanda çox yaxşı nəticələr qazanır. Mən nəsə deyə bilmərəm. Dəyişsə belə, biz peşəkar futbolçuyuq, yolumuza davam etməliyik. Ancaq istəyirik ki, Tərlan Əhmədov “sükan arxası”nda qalsın.
 
- Son iki turda “Səbail” və “Kəpəz”lə qarşılaşacaqsız. Bu baxımdan size üçüncülük şanslarında “Zirə” və “Sumqayıt”dan bir addım öndə saymaq olar?
- “Sumqayıt”la “Zirə”nin öz aralarında oyunları var və xal itirəcəklər. Biz isə hər iki oyunda qalibiyyət üçün meydana çıxacağıq.
 
- “Səbail”lə oyun “Bakcel Arena”da deyil, “Bayıl Arena”da keçiriləcək. Süni örtüklü meydanda oynamaq sizə təsir edəcək?
- Əlbəttə, edəcək. Çünki süni örtüyə öyrəşmək var. Oyunun yeri dəyişilsə, daha yaxşı olardı. Yenidən danışıqlar apararaq bunu həll etmək olar.
 
- Belə bir xəbər yayılıb ki, rəhbərlik Tərlan Əhmədovdan xəbərsiz futbolçularla iclas keçirib…
- Mən futbolçuyam və işim meydana çıxıb oynamaqdır. Belə işlərə vaxt ayrımıram.

Xəbər xətti