"Qəbələ" - "Qarabağ": 47-ci duel

15:01 - 20 May 2018

Bu gün Topaz Premyer Liqasında mövsümün son turuna start veriləcək.

 

Sportal.az xəbər verir ki, iki gün davam edəcək turun qarşılaşmaları ilə 2017/18 mövsümünə yekun vurulacaq. Çempionatın son oyunu sabah baş tutacaq. “Azərsun Arena”da ilk iki yeri təmin edən komandalar üz-üzə gələcək. Gümüş mükafatçı “Qəbələ” çempion titulunu qazanmış “Qarabağ”la qarşılaşacaq.

 

Mayın 21-də keçiriləcək görüş rəqiblər arasında 47-ci duel olacaq. İndiyədək komandalar ümumilikdə 46 dəfə üz-üzə gəlib. “Qarabağ” daha çox - 18 qələbə qazanıb. "Qırmızı-qaralar"ın hesabında isə 11 uğur var. Digər 17 matçda heç-heçə qeydə alınıb. Əvvəlki 46 oyunda “Qəbələ” 41 qol vurub, 54-nü buraxıb.

 

“Qırmızı-qaralar”ın “Qarabağ”ın qapısından keçirdiyi 41 topa 27 futbolçu imza atıb. “Qəbələ”nin bu oyunlardakı ən yaxşı bombardiri braziliyalı Dododu. Cənubi amerikalı rəqib qapısına 5 qol vurub. Viktor Mendi 4, Filip Ozobiç və Sergey Zenyov hərəyə 3 dəfə fərqlənib. 

 

“Qəbələ” “Qarabağ”la Premyer Liqada 40-cı dəfə görüşəcək. Digər 7 matç Azərbaycan kubokuna təsadüf edib. Çempionatdakı 39 görüşdə ağdamlılar 17, qəbələlilər 10 dəfə 3 xala sevinibsə, 12 qarşılaşmada qalib müəyyənləşməyib. Premyer Liqa duellərində “qırmızı-qaralar” 36 qol vurub, 48-ni buraxıb.

 

“Qəbələ” ev oyunlarında üstünlüyə malikdi. Komandalar 8 heç-heçə edib, hərəyə 7 dəfə qalib gəlsə də, top fərqində “qırmızı-qaralar” öndədi - 24:23.

Xəbər xətti