Rəşad Sadıqov: "Komandanın ideal formada olması üçün vaxt lazımdı"

"Təlim-məşq toplanışında 3 yoxlama oyunu keçirmişik. Hələ ki, qələbə qazana bilmirik. Yoldaşlıq görüşləri olmasına baxmayaraq, hər zaman istəyirik ki, qalib gələk. Hətta məşqlərdə də oyun təşkil olunanda məğlub olmaq istəmirsən. Sadəcə, indi ondan vacib məsələlər var ki, bunlardan biri də komandanın formalaşması və oyunları yüklənmə altında keçirməsidir". 

 

Sportal.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" klubunun kapitanı Rəşad Sadıqov deyib.

 

36 yaşlı müdafiəçi yoxlama oyunlarında məhsuldarlıqla yanaşı, komandanın fiziki durumunun da yaxşılaşdırılmasının vacibliyini vurğulayıb: "Hazırda nəticədən daha vacib olan məqamlar var. Bu amillərə daha çox diqqət yetirməliyik. Məhsuldarlığa nəzər yetirsək, yoxlama oyunlarında yetərincə qol epizodlarımız olub. Sadəcə, bunlardan istifadə edə bilməmişik".

 

Sadıqov Ağdam təmsilçisinin ötən mövsüm də yoldaşlıq oyunlarında yaxşı nəticə göstərə bilmədiyini xatırladıb. O, rəsmi oyunlar barədə əvvəlcədən fikir bildirməyin mümkün olmadığını qeyd edib: "Ötən il yoldaşlıq görüşlərində məğlub olsaq da, rəsmi oyunlarda qələbə qazanırdıq. Bunun əksi də baş verə bilərdi. Komanda oyunlara yorğun çıxır. İki-üç gündən bir yoxlama oyunları keçiririk. Belə matçlarda nəticələr çox önəmli olsaydı, yəqin ki, həftədə biri təşkil olunardı. Həmin oyunlar bir növ hazırlıq matçlarıdır". 

 

Kapitan Çempionlar Liqasının I təsnifat mərhələsində Sloveniya "Olimpiya"sı ilə keçirəcəkləri oyuna hazırlıq üçün vaxt azlığından narahatlıq ifadə edib: "15-20 gündür hazırlaşırıq. Bizi qarşıda "Olimpiya" kimi ciddi rəqib gözləyir. Narahat olduğumuz məqamlardan biri budur. Həmişə avrokubokların I təsnifat mərhələsində ideal formanı yığa bilmirdik. Heç kim bu mərhələdə ideal formada oynaya bilmir. Bu, mümkün deyil. Hansısa komandanın ideal formada olması üçün vaxt lazımdır. Komanda 1 aylıq istirahətdən gəlib. 15-20 gün ərzində ideal formanı yığmaq çox çətindir. Məşqlərimizi davam etdiririk. Məşqçilər nə tapşırıq verirsə, onları yerinə yetirməyə çalışırıq".

 

Qeyd edək ki, "Qarabağ" Avstriyadakı əvvəlki yoxlama görüşlərində Bolqarıstan "Ludoqorets"i ilə 1:1, Avstriyanın "Vakker İnsbruk" komandası ilə 0:0 hesablı heç-heçə edib, Suriya millisinə isə uduzub - 0:1. Bu gün Ağdam təmsilçisi Ukraynanın "Dinamo" (Kiyev) klubu ilə qarşılaşacaq. "Olimpiya" ilə ilk görüş iyulun 11-də səfərdə, cavab oyunu bundan bir həftə sonra Bakıda olacaq. 

Tarix: 4 İyul [17:35]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 İyul 2018
20  İyul 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio