Elşad Əhmədov: "Çatışmayan cəhətlərimiz var"

14:59 - 29 İyul 2018

Qarşıdakı mövsümdən Premyer Liqada mübarizə aparacaq “Sabah” bu gün səhər məşqi ilə Türkiyə toplanışını başa vurub. Premyer Liqanın debütantı bu gün vətənə qayıdacaq.

 

Sportal.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, “Sabah”ın baş məşqçisi Elşad Əhmədov dünən keçirilmiş “Alanyaspor”la yoxlama oyunu (1:1) barədə fikirlərini bildirib:

 

“Həftənin hazırlığını “Alanyaspor”la oyuna uyğun qurmuşduq. İlk hissədə futbolçular taktiki tapşırıqlarımızın 70 faizini yerinə yetirdilər. Rəqibə boşluqlar demək olar, vermədik. 1-2 epizodda boşluq verdik ki, rəqib də bu fürsətlərin birindən yararlanıb, qapımıza qol vurdu. Qolda rəqibin ustalıq səviyyəsi də rol oynadı. Fasilədə uşaqlarla danışdım. İkinci hissədə daha yaxşı oynadıq. Demək olar, 4 yüzfaizli qol şansımız oldu. Sağ olsun uşaqlar, sona kimi vuruşdular. Rəqib Türkiyə Super Liqa təmsilçisi idi. Onların “Sumqayıt”la oyununu izləmişdim. Həmin matçda “Alanyaspor”un maraqlı komanda olduğunu görmüşdük”.

 

Əhmədov Bolu toplanışnı da dəyərləndirib:

 

“Təlim-məşq toplanışından öncə planlaşdırdığımız kimi 4 oyun keçirdik. İstərdik ki, 2 Türkiyə, 2 dənə də başqa ölkə təmsilçisi ilə qarşılaşaq. Lakin alınmadı. 4 oyunumuzun hamısını yerli komandalara qarşı keçirdik. Bütün oyunlarımız heç-heçə başa çatdı. İki qarşılaşmada hesabda öndə olsaq da, sonda qələbə hesabını qoruyub saxlaya bilmədik. Digər oyunlarda isə əksinə oldu. Əsas odu, uşaqlar xarakter nümayiş etdirdilər. Düzdü, çatışmayan cəhətlərimiz var. Çempionatın starına kimi çalışıb, həmin çatışmazlıqları aradan qaldırmaq istəyirik. Əsas fikrimiz avqutun 11-də və ya 12-də baş tutacaq çempionatdakı ilk oyunumuza tam hazır olmaqdı”.

 

Xatırladaq ki, “Sabah” iyulun 16-dan Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında idi. Komanda bu müddətdə yerli “Girəsunspor” (1:1), “Osmanlıspor” (1:1), “Sancaktepe Bələdiyyəspor” (2:2) və “Alanyaspor” (1:1) klublarıyla yoxlama oyunu keçirib.

Xəbər xətti